Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Facebook-a inanmaq olarmı – Qərb mediası


Facebook əməkdaşları
Facebook əməkdaşları

Facebook Inc şirkətinin özünü tənzimləyəcəyinə inanmaq olmaz və Konqres tədbir görməlidir. Belə bir açıqlama ilə ABŞ Nümayəndələr Palatasının demokrat üzvü David Cicilline çıxış edib.

Cicilline Twitter-də Facebook-un bir sıra böhranları yoluna qoymağa çalışmasına dair “New York Times” qəzetinin yazdıqlarına toxunub. “Bu yazı aydın şəkildə göstərir ki, Facebook rəsmiləri həmişə nəhəng gəlirlərini müştərilərinin maraqlarından üstün tutacaqlar”, – o qeyd edib.

“Biz çoxdan tədbir görməliydik”, – konqresmen sözlərinə əlavə edib.

“Reuters” Facebook-dan şərh ala bilməyib.

Amma sosial şəbəkə rəhbəri Mark Zuckerberg bir il öncə deyirdi ki, şirkət “icma”nı gəlirdən üstün tutacaq və o vaxtdan təhlükəsizlik məsələləri ilə məşğul olan işçilərin sayını artırıb. Təbliğatın, şirkətin paylaşım siyasətini pozan materialların aşkarlanmasından ötrü avtomatlaşdırılmış alətlər hazırlanır.

Mark Zuckerberg-ə qarşı etiraz aksiyası
Mark Zuckerberg-ə qarşı etiraz aksiyası

Ancaq yenə də konqresmenlər və istifadəçilər Facebook-un gücləndirilmiş sistemlərinin və proseslərinin səhvlərdən xali olmadığını, qanunların daha yaxşı nəticələr verəcəyini iddia edir.

“The New York Times”ın yazmasına görə, Zuckerberg və şirkətin baş icraçı direktoru Sheryl Sandberg sosial şəbəkədən “seçkilərin pozulması, təbliğat yayımı, dünyada ölümcül nifrət kampaniyalarının həvəsləndirilməsində sui-istifadə oluna biləcəyi”nə dair xəbərdarlıqları qulaq ardına vurub. Xəbərdarlıq əlamətləri qaçılmaz olanda isə “onları ictimaiyyətdən gizlətməyə çalışıb”.

Bir müddətdir xəbərimiz var ki, Facebook bu platformada nifrət çıxışının və Rusiya təbliğatının yayılmasına göz yummağı seçib”, – Cicilline yazıb. Onun palatanın ədliyyə komitəsinin antimonopoliya panelinin sədri olacağı gözlənir.

İrana sanksiyalar ABŞ-ın maraqlarına töhfə verməyəcək

Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyaları Tehranı əməkdaşlığa inandırmaqdansa, bunun tam əksinə nail olacaq. Bunu “Foreign Policy” dərgisində Philip Gordon və Robert Malley yazırlar.

İranlı rial alır
İranlı rial alır

ABŞ Prezidenti Donald Trump bu ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Bunun səbəblərindən biri kimi İranın Yaxın Şərqdəki davranışı göstərilirdi.

Trump-a elə gəlir ki, sanksiyalar möcüzəvi qüvvəyə malikdir, çoxməqsədli alətdir: onlar İranı masaya gəlməyə, təkmilləşdirilmiş nüvə sazişinin qəbuluna sövq edəcək, Tehranın ballistik raket proqramına qadağalar qoyulacaq, müfəttişlərə qeyri-məhdud çıxış veriləcək…

Bu bir arzular siyahısıdır, həqiqətə qətiyyən uyğun gəlmir. Əgər yeni sanksiyalar İranı regionda aqressiv davranışını azaltmağa məcbur etsə, bu, ən yaxşı irəliləyiş sayılar. Problem bundadır ki, İranı davranışını yaxşılaşdırmağa həvəsləndirmək əvəzinə, – hələ İranda yeni rejimə nail olmağı demirik, – administrasiyanın yanaşması bu davranışı daha da pisləşdirir… Sanksiyalar yalnız İran Birləşmiş Ştatların istədiyi hər şeyi edəndən sonra qaldırıla bilər, amma bu sanksiyalar vasitəsilə administrasiya İranın onun heç bir istəyini yerinə yetirməyəcəyini təmin edir”, – yazan müəlliflər Yəməndəki münaqişəni misal çəkirlər.

Hazırda bu münaqişəni bitirməyə kiçik də olsa, real bir fürsət yaranıb. Səudiyyə İstanbuldakı konsulluqda jurnalist Jamal Khashoggi-nin qətlindən sonra zədələnmiş imicinin bərpasından sonra bəlkə də müharibəni dayandırmağa razılaşa bilər, eləcə də onun koalisiya tərəfdaşları. Bir tərəfdən ABŞ administrasiyası da Səudiyyəyə təzyiqi artırır. “Təəssüf ki, hətta Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri atəşkəsi candərdi qəbul etsələr, sülh danışıqları üçün gərəkən güzəştlərə getsələr belə, Birləşmiş Ştatların koalisiya ilə savaşan husilərə və onların iranlı havadarlarına təsiri azdır”, – məqalədə deyilir.

İraqda İŞİD mirası

“The Guardian” qəzeti İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraqda buraxdığı qorxulu mirasdan yazır.

İraqlı məcburi köçkün qadın
İraqlı məcburi köçkün qadın

Şuhada məktəbi vaxtilə İraqda ən qızğın döyüşlərin getdiyi ərazidə, Fəllücədə yerləşir. Uşaqların keçdikləri yollar isə ekstremist qruplaşmanın vaxtilə basdırdığı minalarla doludur.

Müharibədən dağılmış binaların, yolların altında yüzlərlə əldəqayırma partlayıcı qurğu basdırılıb.

Qəzet Fəllücənin cənubunda Şuhada deyilən ərazidə yaşayanların həyatını minaların formalaşdığını yazır. Yəni məhz bu minalar sakinlərin harada yaşamalı, gəzməli, işləməli, uşaqların harada oynamalı olduğunu diktə edir.

Günorta dərslər bitincə kiçik avtobuslar və piyada valideynlər uşaqların dalınca gəlir. Onlar evlərinə kiçik qruplar şəkildə, təhlükəsizlik xətti çəkilmiş yollarla qayıdırlar. Bu işarələri Britaniyanın minaların zərərsizləşdirilməsi ilə məşğul olan Halo Trust xeyriyyə qurumu çəkir.

Hər həftənin cümə axşamı məktəblərdə yığıncaqlar keçirilir, uşaqlara, valideynlərə minaların təhlükəsi izah olunur, hansı yolların təhlükəsiz olduğu başa salınır.

Məqalədə deyilir ki, İŞİD-in hazırladığı partladıcı qurğular təkcə Fəllücədə basdırılmayıb, İraqın şimalında və qərbində də onlardan xeyli var. Mosuldan tutmuş Suriyayla sərhəddəki əl-Qaimə qədər. Əl-Qaimdə qruplaşma hələ də mübarizə aparır və 1,7 milyon iraqlının evindən didərgin düşməsinə səbəb olub.

XS
SM
MD
LG