Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

'Azərkosmos', 'Azərişıq', 'Azəriqaz' özəlləşdirilsin-Media icmalı


Azəriqaz
Azəriqaz

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri, nəqliyyatda vəziyyət, bəzi müəssisələrin dövlətə ağır yük olması və 2019-cu il dövlət büdcəsi layihəsi medianın aparıcı mövzularındandır...

Deputat bəzi qurumların özəlləşdirilməsini istəyir

«Yeni Müsavat» qəzetində «Qüdrət Həsənquliyev: İslahatlar aparılmadan, dövlətin yükünü azaltmadan bunları etmək çox çətin olacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda 2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyevin çıxışına yer verilib.

Müəllifin bildirməsinə görə, deputatın toxunduğu əsas məsələ demoqrafik sahədəki vəziyyət olub. Q.Həsənquliyev deyib ki, sosial vəziyyət aşağı olduqda gənclər uşaq dünyaya gətirmək istəmirlər. Deputatın fikrincə, uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir.

Yazıda vurğulandığına görə, deputat Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətlər verildiyini, məbləğinin təxminən 200 avro təşkil etdiyini söyləyib: «Azərbaycanda da bu sahədə müəyyən islahatlarla nail olmaq olar. Hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik. Bu, hər birimizi ciddi şəkildə düşündürməlidir».

Deputat bəzi dövlət qurumlarının özəlləşdirilməsinin vacibliyindən də danışıb. O hesab edir ki, «Azərkosmos», «Azərişıq», «Azərsu», «Azəristilik», «Azəriqaz» kimi səhmləri dövlətə məxsus olan qurumların özəlləşdirilmə vaxtı çoxdan çatıb: «Burdan həm büdcəyə böyük pullar daxil ola bilər, həm də həmin şirkətlər gələcəkdə büdcəyə vergi ödəyərlər».

Metro
Metro

Metrodan gileylər

Moderator.az saytında «Deputat metrodan gileyləndi: Gərək bir milyon insan boğulsun?!» sərlövhəli yazı yer alır.

Bu yazıda parlamentdə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafanın çıxışından bəzi məqamlar oxuculara çatdırılıb: «Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə, şikəst, əlil olmasın».

Saytın məlumatına görə, F.Mustafa vurğulayıb ki, bu məsələdə ünvanlılıq olmalıdır: «Hökumət hətta naturallıq yolu ilə də bunu edə bilər. Yəni, qida, ərzaq şəklində də kömək etmək olar. Hökumət bu məsələni həll etməlidir».

F.Mustafa həmçinin, Bakıda nəqliyyat vəziyyətinə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır.

«Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılsın və metro tikintisi sürətləndirilsin?!», - deyə deputat sual edib.

Azərbaycan-Aİ
Azərbaycan-Aİ

Azərbaycan və Avropa İttifaqı ölkələri

«Azərbaycan» qəzetində «Avropa İlham Əliyevin timsalında Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələriylə ikitərəfli işgüzar və səmərəli əlaqələri var. Yazıda vurğulandığına görə, elə xarici ticarət sahəsində bu ölkələrin payının yüksək olması da bunun göstəricisidir: «Dövlət Statistika Komitəsinin gömrük orqanlarına istinadən yaydığı son məlumata görə, Azərbaycanın yanvar-avqust aylarında həyata keçirdiyi 20.2 milyard dollarlıq xarici ticarət dövriyyəsinin əksər hissəsi İtaliya, Almaniya, Çexiya, Fransa, Portuqaliya, Böyük Britaniya, İspaniya, Avstriya, Rumıniya kimi Avropa ölkələrinin payına düşüb».

Müəllifin iddialarına görə, Azərbaycanın Qarabağ problemi olmasına baxmayaraq, Avropa investorlarına cəlbedici ölkədir, davamlı ictimai-siyasi sabitlik, xarici sərmayələrə etibarlı zəmanət onları Azərbaycana investisiya yatırmağa sövq edir.

Müəllif daha sonra Slovakiyanın baş naziri Peter Pelleqrininin bu günlər Azərbaycana gerçəkləşən səfəri üzərində dayanır: «Həm Azərbaycanla Slovakiya arasında ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri prezident İlham Əliyev və baş nazir Peter Pelleqrininin geniş tərkibdə görüşündə də əsas müzakirə mövzusu olmuşdur. Görüşdə ikitərəfli münasibətlərlə bağlı çox işlər görülməli olduğunu deyən Azərbaycanın dövlət başçısı biznes dairələrinin bir araya gəlməsi və gələcək planları müzakirə etməsindən məmnun olduğunu vurğulamışdır».

Müəllif daha sonra da yazıb ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir: «Bundan əlavə, ölkəmizdə xarici sərmayə üçün əlverişli biznes mühiti var və bunu beynəlxalq reytinq agentlikləri, maliyyə institutları da təsdiqləyirlər. Bu yerdə Dünya Bankının «Doing Business 2019» hesabatında 190 ölkə arasında 25-ci yerdə olmağımızı xatırlatmaq kifayətdir...».

XS
SM
MD
LG