İranın neft ixracı və ticarətinə ABŞ sanksiyaları tətbiq olunandan bu ölkənin şirkətləri ənənəvi bazarları olan İraqda iştiraklarını genişləndirməyə başlayıblar.
Bu həftə İraqda Bağdad Beynəlxalq Yarmarkası keçirilir. Xalça, ərzaq və ağır avadanlıq ixracatçılarını cəlb edən bu tədbir İran şirkətləri üçün də əhəmiyyətli sayılır.
İranın İraqdakı səfiri Iraj Masjedi deyib ki, bu il İran İraqla onsuz da çiçəklənən ticarətini genişləndirəcək. İran kimi İraqın da əhalisinin əsas hissəsini şiələr təşkil edir. Bu iki ölkənin mədəni və tarixi əlaqələri genişdir.
Səfirin sözlərinə görə, ABŞ sanksiyaları “iki ölkənin münasibətlərinə təsir göstərməyəcək”.
ABŞ Prezidenti Donald Trump bu ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bəyan edib. Nüvə sazişi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Sanksiyalardan dolayı İranın neft ixracı azalıb, milli valyuta rial dəyərinin yarıdan çoxunu itirib.
Avropa ölkələri, Rusiya və Çin nüvə sazişinə əməl edəcəklərini, İranla biznesi davam etdirəcəklərini desələr də, Bağdad yarmarkasına qatılmış biznesmenlər söyləyiblər ki, ABŞ sanksiyaları ucbatından bu ölkələrə satış çətinləşib.
İKİNCİ BÖYÜK İXRAC BAZARI
“Bizim şirkət sanksiya siyahısına salınmayıb, amma Avropada iş görmək çətinləşib. Bir Britaniya şirkətilə kontraktımız vardı, onu ləğv elədi”, – İranın neft-kimya şirkətinin təmsilçisi Hamed Shahinmehr “Reuters”ə deyib.
“Buna görə də İraq ən yaxşı bazarlarımızdan biridir”, – o deyib.
İraq İran üçün ikinci böyük ixrac bazarıdır. Masjedi deyib ki, bu il iki ölkə arasında ticarət 8,5 milyard dollara çatacaq. İran isə ikitərəfli ticarətin həcmini ildə 22 milyard dollara çatdırmağa ümid edir.
Texniki baxımdan, ABŞ sanksiyaları şirkətin İranla biznes qurmasını yasaqlamır, əsas şərt odur ki, onlar ABŞ dollarından, yaxud ABŞ maliyyə qurumlarından istifadə etməsinlər, ABŞ bazarına girməsinlər.
“Biz özümüzü dollara bağlamırıq”, – deyən Masjedi əlavə edib ki, Bağdaddakı yarmarkada 60-dan çox İran şirkəti təmsil olunur. Şirkət noyabrın 19-dək davam edəcək.
Birləşmiş Ştatların Bağdaddakı səfirliyi ötən həftə bildirib ki, İraqın İrandan qaz və elektrik alması üçün daha 45 gün vaxt verir. Ancaq iqtisadçılar İraqın bu tezliklə İran enerjisindən asılılığının bu tezliklə bitəcəyinə şübhə edirlər.
“İran materialları İraq üçün çox vacibdir. İrandan gələn məhsullar ucuzdur. Bu, böyük xammal mənbəyidir”, – iraqlı biznesmen Khalid al-Wali deyib.