Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

'...həmin kreditlər dövlət büdcəsi hesabına qaytarılır'-Media icmalı


Manat
Manat

Aqrar sahədə vəziyyət, parlamentdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi və bu zaman deputatların ayrı-ayrı sahələr üzrə verdikləri təkliflər medianın aparıcı mövzularındandır...

«Manatın məzənnəsi sabitdir, qiymətlər bahalaşır»

Bizimyol.info saytında «Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlər 2019-cu il dövlət büdcəsinin layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi çərçivəsində deputatlar ölkənin iqtisadi-maliyyə həyatının müxtəlif istiqamətlərinə dair çıxışlarında ayrı-ayrı təkliflər səsləndiriblər

Müəllif əvvəlcə deputat Vahid Əhmədovun ölkənin bank sistemindəki vəziyyətə dair fikirlərinə yer verir.Yazıda qeyd edilməsinə görə, V.Əhmədov vurğulayıb ki, bir çox dövlət müəssisələri banklardan dövlət zəmanətiylə kreditlər götürürlər, sonra qurumun gücü çatmayanda həmin kreditlər dövlət büdcəsi hesabına qaytarılır: «Maliyyə Nazirliyi bu məsələ ilə bağlı daha sərt mövqe tutmalıdır. Vəsaiti götürən təşkilatlar, agentliklər, səhmdar cəmiyyətlər vaxtında götürdükləri vəsaiti geri qaytarmalıdırlar».

Yazıda vurğulanır ki, V.Əhmədov Konstitusiya Məhkəməsinin bu yaxınlarda dollarla olan kreditlərlə bağlı qəbul etdiyi qərarına da münasibət bildirib. Həmin qərara görə, iki devalvasiyaya baxmayaraq, xarici valyutada götürülən kreditlər yeni məzənnə ilə qaytarılmalıdır: «Bu qərar nədən baş verib?! Mən və həmkarım Əli Məsimli cənab prezidentə müraciət etmişdik. Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər vermişdik. Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi...».

V.Əhmədov hesab edir ki, Konstitusiya Məhkəməsinin bu qərarı vaxtı keçmiş kreditlər problemini yoluna qoymur.

Müəllifin qeyd etməsinə görə, V.Əhmədov habelə deyib ki, manatın məzənnəsi sabitdirsə, ərzaq və bəzi məhsulların qiymətləri bahalaşmamalıdır: «Azərbaycan bazarında isə qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu isə göstərilən xətlə mütənasib deyil».

Q.Həsənquliyev
Q.Həsənquliyev

İdman, yoxsa..?

«Yeni Müsavat» qəzetində «Qüdrət Həsənquliyev: Hökumət hər şəhid ailəsinə ən azı 1000-2000 manat yardım edə bilər» sərlövhəli yazı diqqət çəkir.

Bu yazıda Milli Məclisdə 2019-cu ilin büdcə müzakirəsi zamanı Qüdrət Həsənquliyevin təklifləri yer alır.

Yazıda bildirildiyinə görə, deputat Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlardan bəzilərinin yaxınlarının birdəfəlik müavinətləri ala bilməməsinə toxunub. Prezident İlham Əliyev aprelin 19-da fərman verib. Həmin sənədə görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbi qulluqçuların vərəsələri 11 min manat birdəfəli müavinət almalıdırlar.

«Müəyyən sosial təbəqə, qruplar var ki, dövlət və cəmiyyət olaraq onların problemlərinə xüsusi diqqətlə yanaşmalıyıq... Ona görə də, ilk növbədə şəhid ailələrinə prezidentin fərmanına uyğun verilməli olan 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq, hər bir şəhid ailəsinə ödənilməlidir», - deyə Q.Həsənquliyev bildirib.

Deputat sonra da deyib: «Bu gün səhər (noyabrın 13-də) 96 şəhid ailəsi mənə məktubla müraciət edib və xahiş ediblər ki, mən onların problemlərini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət – Allaha şükür, imkanımız var - hər bir şəhid ailəsinə hər il ən azı 1000-2000 manatlıq yardımlar edə bilər».

Yazıda qeyd edildiyinə görə, Q.Həsənquliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və Qarabağ döyüşlərində əlil olanların mənzil tikintisinə ayrılan vəsaitlərə də toxunaraq müqayisə aparıb: «Bu məqsədlə 45.5 milyon manat vəsait ayrılıb. Eyni zamanda, qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Təqribən onların ikisi qədər - 244.4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb...».

Traktor
Traktor

Aqrar sahənin inkişafı

«Azərbaycan» qəzetində «İslahatlar dərinləsir, istehsal artır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda aqrar sahədə islahatlar aparılıb. Yazıda vurğulanıb ki, amma islahatların ilk illərində kənd təsərrüfatı məhsullarının istehsalında göstərilən qədər artım olmayıb: «Səbəb pay torpağı əldə edən kəndlinin onu becərməsi üçün əlində vəsaitin olmaması idi. Həmçinin, həmin dövrdə mövcud kənd təsərrüfatı texnikası köhnəldiyi üçün iqtisadi cəhətdən səmərəsiz idi. Üstəlik, o illər əhalinin alıcılıq qabiliyyətinin aşağı olması kənd təsərrüfatını qeyri-rentabelli sahəyə çevirmişdi. Bu üzdən də kəndlinin əldə etdiyi pay torpağını əkib-becərməyə həvəsi qalmamışdı».

Müəllifin fikrincə, «Əsrin müqaviləsi»ndən əldə olunan gəlirin iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən aqrar sektorun inkişafına yönəldilməsi ilə kənd təsərrüfatında yeni dövr başlayıb.

Yazıda qeyd edilir ki, indi Azərbaycanda kənd təsərrüfatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: «Bunu biz həm daxili istehlak bazarında, həm də ixracatda kənd təsərrüfatı məhsullarının çəkisinin artmasında görürük. Həmçinin, cari ilin 9 ayının göstəricilərinə görə, kənd təsərrüfatında məhsul istehsalının 4.3 faiz artması da bunun göstəricisidir».

XS
SM
MD
LG