Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

'İcbari tibbi sığortanın tətbiqi onsuz da gecikib'-Media icmalı


Ə.Məsimli
Ə.Məsimli

Azərbaycanın 2019-cu il büdcəsi ətrafında müzakirələr, toyuq ətinin idxalına tətbiq edilən rüsumun müddətinin artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Əli Məsimli Neft Fondundan iri transfertlərin əleyhinədir

«Yeni Müsavat» qəzetində «Əli Məsimli: Neftin ucuzlaşması ehtimalı bahalaşması ehtimalından yüksəkdir» sərlövhəli yazı oxumaq olar.

Yazıda 2019-cu il dövlət büdcəsi layihəsi ilə bağlı deputat Əli Məsimli ilə söhbət təqdim edilib.

Ə.Məsimli deyib ki, büdcə iqtisadi sahədəki islahatlara uyğun tərtib edilib. Deputat habelə vurğulayıb ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə maliyyələşdirilən bir sıra layihələr 2019-cü ildən dövlət büdcəsi vasitəsilə maliyyələşdiriləcək, hətta neftin qiyməti aşağı düşsə belə, büdcə azaldılmayacaq.

Ə.Məsimli bildirib ki, büdcə layihəsində neftin 60 dollardan hesablanması riskli sayılmır. Onun qeyd etməsinə görə, bəzi beynəlxalq təşkilatlar neftin qiymətinin 60 dollardan aşağı düşməyəcəyini düşünürlər.

Ancaq deputata görə, bu, bir qədər qəliz məsələdir. Onun fikrincə, son vaxtlar neftin qiyməti iqtisadi amillərdən daha çox, siyasi proseslərin təsiriylə formalaşır.

Ə.Məsimli deyib ki, büdcə Neft Fondundan iri transfertlər hesabına artırılır: «Ona görə də, biz etibarlı uçot və nəzarət mexanizminin qurulmadığı, şəffaflıq və hesabatlığın lazımi səviyyədə olmadığı bir şəraitdə Neft Fondundan iri transfertlərin əleyhinəyik. Hər dəfə büdcə müzakirə olunarkən bu mövqeyimizi əsaslandırırıq».

Deputat müsahibəsində bir sıra sosial təkliflərlə də çıxış edib. O deyib ki, hökumət icbari tibbi sığortanın bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərini sürətləndirməlidir: «Hökumət icbari tibbi sığortanın tətbiqini onsuz da xeyli gecikdirib».

İ.Əliyev Cənub Qaz Dəhlizini işə salır
İ.Əliyev Cənub Qaz Dəhlizini işə salır

«Qafqazin ən böyük büdcəsi»

«Azərbaycan» qəzetində dərc edilən «Qafqazın ən böyük investisiya və sosialyönümlü büdcəsi» sərlövhəli yazıda da Azərbaycanın 2019-cu il büdcəsinin müxtəlif parametrləri dəyərləndirilir.

Müəllif yazıb ki, son 10 ayda həyata keçirilən islahatlar nəticəsində ölkədə sosial-iqtisadi inkişafın dayanıqlığı təmin edilib: «...İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli yüksəlişi istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə də öz inkişaf dinamikasını qoruyub saxlayacaq».

Yazıda qeyd edilib ki, son 15 ildə Azərbaycan dünyanın heç bir dövlətinə nəsib olmayan sürətli inkişaf yolu keçib. Müəllifin yazmasına görə, 2004-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, valyuta ehtiyatlarının 28 dəfə çoxalaraq 45 milyard dollara çatması, iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması bunu təsdiq edən ən vacib faktlardır: «Bütün bunları şərtləndirən amil isə əlbəttə ki, iqtisadi müstəqillikdir. Bu müstəqillik Azərbaycan iqtisadiyyatının xarici kreditlərdən asılılığını tam aradan qaldırıb».

Müəllif 2019-cu il dövlət büdcəsinin gəlirlərinin 22 milyard 917.5 milyon manat, xərclərinin isə 24 milyard 780.1 milyon manat proqnozlaşdırıldığını vurğulayaraq bildirir ki, büdcə xərcləri artırılıb.

Yazının sonunda da oxuyuruq: «Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır».

Toyuq əti
Toyuq əti

«Əgər toyuq əti bahalaşsa...»

«Bakı Post» saytında «Azərbaycanda toyuq əti bahalaşacaq?» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Nazilər Kabineti noyabrın 8-də Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz, döş əti, onun parçaları və ətin əlavə məhsulları) 1 kiloqramına 1 dollar, toyuq və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun müddətini 2019-cu il dekabrın 15-dək uzadıb.

Müəllif bu müddətin daha 1 il uzadılmasının səbəblərini İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovla dəyərləndirib.

V.Bayramov sayta açıqlamasında bildirib ki, hökumətin bu qərarı Azərbaycanda quş əti istehsalının artması ilə bağlıdır.

İqtisadçı-ekspert rəsmi statistikaya əsasən bildirib ki, 2018-ci ilin 8 ayı ərzində Azərbaycanda quş əti istehsal artıb: «Hökumət çalışır ki, yerli məhsullar xarici məhsullarla rəqabət apara bilsin. Güman olunur ki, qərara əsasən müddətin 1 il uzadılması xarici məhsulların qiymətinə təsir göstərəcək».

V.Bayramov hesab edir ki, burada məqsəd tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Onun fikrincə, Azərbaycanda quş əti istehsalı istehlakdan daha çoxdur və bu baxımdan, hökumət ölkəyə ucuz quş əti daxil olmasını gömrük siyasəti ilə məhdudlaşdırır.

Amma iqtisadçı vurğulayıb ki, son qərar yerli quş ətinin qiymətinin bahalaşmasına səbəb olmamalıdır: «Əgər qiymət artımı olacaqsa, bu, süni qiymət artımı olacaq. Nazirlər Kabinetinin son qərarının yerli istehsal məhsulunun qiyməti ilə heç bir əlaqəsi yoxdur».

XS
SM
MD
LG