Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Norveç də deyir ki, GPS sisteminə Rusiya müdaxilə edib


GPS naviqasiyası
GPS naviqasiyası

Norveçin Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Arktikadakı hərbi qüvvələri NATO-nun Norveçdə keçirilən geniş manevrləri zamanı coğrafi məkanı göstərən GPS siqnallarına müdaxilə edib.

Bundan bir həftə əvvəl Finlandiyanın hava naviqasiyası xidməti GPS siqnallarının geniş şəkildə pozulması ilə əlaqədar hava nəqliyyatı xəbərdarlığı vermişdi.

Norveçin müdafiə naziri Frank Bakke-Jensen noyabrın 13-də Reuters agentliyinə deyib ki, Norveçdə də Finlandiyadakı problem üzə çıxıb və onun fikrincə, bu, Rusiya qüvvələrinin təliminin bir hissəsi olub.

Rusiyanın Müdafiə Nazirliyi Norveçin iddiaları ilə bağlı heç bir şərh verməyib.

Norveç ötən ayın sonlarında Finlandiyanın xəbərdarlığına bənzər bəyanatla çıxış etmişdi. O vaxt NATO-nun 50 min əsgərinin iştirakilə Trident Juncture manevrlərinə hazırlıq gedirdi.

NATO-nun təlimlərində alyansın üzvü olmayan Finlandiya və İsveç də iştirak edirdilər.

Bundan əvvəl xəbər verilirdi ki, NATO-nun son hərbi oyunları zamanı Finlandiyanın şimalındakı Laplandiya regionunda qlobal yerləşmə sistemi (GPS) siqnallarına Rusiyanın müdaxilə edib-etməməsi, mülki hava nəqliyyatına təhlükə yaradıb-yaratmması araşdırılır. Məlumatı Finlandiya açıqlayıb.

Baş nazir Juha Sipila bu haqda noyabrın 11-də danışıb. Bundan bir neçə gün öncə Finlandiyanın hava naviqasiyası xidmətləri hava nəqliyyatına xəbərdarlıq göndərmişdi, ölkənin şimalında GPS sistemində irimiqyaslı kəsintinin olduğu bildirilirdi.

Oktyabrın sonunda isə qonşu Norveç öz hava məkanında GPS siqnallarının itməsi haqda oxşar xəbərdarlıq etdi. Bu, NATO-nun irimiqyaslı “Trident Juncture” hərbi oyunları başlar-başlamaz baş verdi.

“UYĞUN CAVAB VERİLƏCƏK”

Müdaxilənin arxasında Rusiyanın durması mümkündür. İndi təhqiqat gedir və uyğun şəkildə cavab veriləcək”, – Sipila YLE Radio Suomi-yə müsahibəsində deyib.

Norveçdə Trident Juncture təlimləri, 30 oktyabr, 2018-ci il
Norveçdə Trident Juncture təlimləri, 30 oktyabr, 2018-ci il

“Bu, kiçik məsələ deyil, çünki mülki reyslərə təhlükə yaranıb”, – deyən baş nazir vurğulayıb ki, bu insident “hava məkanının pozulması” qədər ciddi sayılmalıdır.

“Trident Juncture” NATO-nun Soyuq Müharibədən bəri keçirdiyi ən böyük təlim idi. Alyansın 29 üzvü üstəgəl Finlandiya və İsveç oyunlara qatılmışdı.

İki həftə çəkən təlimlər Rusiyaya yaxın məsafədə keçirilirdi. Bu həm də Qərblə Moskva arasında gərgin dönəmə düşdü.

NATO təlimdə 50 min hərbçinin, 250 təyyarənin, 65 gəminin iştirak etdiyini bildirdi. Alyansın baş katibi Jens Stoltenberg bunu Avropada artan təhlükəylə eyni vaxtda birliyin qabiliyyətinin, birliyinin və qətiyyətinin “güclü nümayişi” adlandırdı.

Bu təlimlər Moskvanın tənqidinə səbəb oldu. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal edib. Amma alyansı sərhədləri yaxınlığında provokativ davranışda suçladı.

Rusiyayla 1340 kilometrlik sərhədi olan Finlandiya NATO ilə əlaqələri dərinləşdirir, amma alyansın üzvü deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG