Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Trump-ın təklənməsi – Qərb mediası


Femen fəalı
Femen fəalı

ABŞ Prezidenti Donald Trump, özünü qürurla “millətçi” elan edən prezident Parisə səfəri zamanı – 1-ci Dünya Müharibəsinin bitməsinin 100-cü ildönümü tədbirlərində tək qaldı. Bu, hətta populizmin yüksəliş dövrünü yaşadığı bir qitədə baş verdi. Bu haqda “The Associated Press” agentliyi yazır.

O, səfərinə Fransa prezidentini sərt tənqid edən tvitiylə start verib, axı, Emmanuel Macron Avropanın müdafiə qüvvəsinin yaradılmasına çağırmışdı. Agentlik yazır ki, Trump tədbirlərə tək gəlib, səfərinin böyük hissəsini Amerika səfirlərinin Parisin mərkəzindəki iqamətgahında gözdən uzaq keçirib. Bazar günü isə ona millətçi təcridlə bağlı mühazirə oxunarkən dinməzcə qulaq asıb. Paris Sülh Sammiti başlananda isə vətəninə dönüb.

“Bu səfər açıq-aşkar göstərdi ki, iki ilə yaxın vəzifədə olduğu müddətdə Trump Amerikanın xarici siyasətində dramatik dəyişikliklər edib, müttəfiqlərini silkələyib. Fransanın prezidenti də bu sırada yer alıb. Macron bazar günü xəbərdarlıq etdi ki, 1-ci Dünya Müharibəsinə, milyonlarla adamın ölümünə səbəb olmuş ‘köhnə ilbislər’ yenə önə çıxırlar”, – agentlik yazır.

“Vətənpərvərlik millətçiliyin əks tərəfində durur: millətçilik vətənpərvərliyin bada verilməsidir”, – Macron deyib.

Emmanuel Macron (sağda) və Donald Trump
Emmanuel Macron (sağda) və Donald Trump

Geniş, hərtərəfli razılaşmalara səbri çatmadığını aydın sərgiləyən Trump isə Macrona üzündə donuq ifadəylə qulaq asıb. Düzdür, ABŞ prezidenti həmkarları ilə ünsiyyət qurub, Macron-un şənbə günü axşam verdiyi ziyafətə də qatılıb. Ancaq dünya liderləri ilə şəxsi söhbətləri qısa olub. Agentlik prezidenti yaxından izləyənlərə istinadla onun “deyingən” təsiri bağışladığını yazır. Bu şəxslər şəxsi söhbətləri müzakirə etmək səlahiyyətləri olmadığından anonim danışıblar.

Agentlik diqqəti Trump-ın həftəsonunun ən güclü fotosunda yer almamasına da çəkir. Zənglər müharibənin bitdiyini xəbərlərkən bu fotoda liderlər yağışın altında çiyin-çiyinə dayanıblar. 1-ci Dünya Müharibəsi 1918-ci il noyabrın 11-də səhər saat 11-də başa çatıb.

Prezident və birinci ledi Melania Trump anım mərasiminə digər liderlərdən ayrı gediblər. Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders bunu təhlükəsizlik protokoluyla izah edib. O biri liderlər isə Yelisey Sarayında tədbir keçirilən yerə bir avtobusda yollanıblar.

Bütün bunlar azmış kimi, Trump-ın maşın karvanının qarşısını çılpaq sinəsində “Saxta” və “Sülh” sözlərini yazmış bir qadın fəal kəsib. Femen qrupu bu aksiyaya görə məsuliyyəti üzərinə götürüb.

İnsan haqları ABŞ siyasətində əngələ çevriləndə

ABŞ Prezidentinin xarici siyasətdə insan haqlarına nə dərəcədə diqqət ayırması həm geosiyasi mühitin, həm də şəxsi ideologiyanın məhsuludur. “Stratfor” təhlil mərkəzindən Reva Goujon yazır ki, səudiyylə jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qətli avtoritar müttəfiqlərin Qərbin insan haqlarına dair tənqidinə getdikcə daha çox meydan oxuduğunu üzə çıxarır.

Jurnalist Jamal Khashoggi İstanbuldakı Səudiyyə konsulluğuna girərkən
Jurnalist Jamal Khashoggi İstanbuldakı Səudiyyə konsulluğuna girərkən

Müəllif yazır ki, Çinin rəqəmsal avtoritarizm modelinin Qərbin liberal düzəninə birbaşa meydan oxuduğu bir dönəmdə insan haqları pozuntuları getdikcə daha tez-tez, həyasızcasına baş verəcək. Ərəb baharı nağılına rəğmən, Birləşmiş Ştatlar və digər Qərb ölkələri qoluzorlu liderlərlə strateji öhdəliklərini çaş-baş salmaq riskindən qaça bilməyəcəklər.

ABŞ Prezidenti Donald Trump 2017-ci ilin mayında Səudiyyə Ərəbistanında islam dünyasının 50-dən artıq lideri qarşısında çıxışında deyirdi ki, “biz tərəfdaşlar axtarmalıyıq, mükəmməlik deyil”. Müəllifin fikrincə, həmin mesaja ən huş-guşla qulaq asan Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman idi. Bir neçə gündən sonra özündən böyük əmisi oğlunu varislikdən sıxışdırdı, krallığa hakimiyyəti tədricən ələ aldı. Həmin sammitdən heç bir ay keçməmiş Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərə qarşı aqressiv diplomatik hücuma keçdilər.

Böyük dövlətlər arasında rəqabət qızışdıqca, Birləşmiş Ştatların xarici siyasətində strateji maraqlar insan haqları məsələlərini ayaqlayır. Bugünkü geosiyasi mühitdə Çinin texnologiyaya söykənən avtoritarizmi avtoritar ölkələr üçün əsaslandırılmış bir alternativ yaratmış olur. Bu ölkələr Qərbin insan haqları mühazirələrindən təngə gəlib, hakimiyyəti möhkəmləndirməyə əlyeri axtarırlar”, – müəllif yazır.

Məqalədə qeyd olunur ki, Çin polis ölkəsini necə idarə etmək bacarığını yaydıqca, paranoyd siyasi rejimlər Qərbin liberal düzəninin qaçılmazlığına daha inanmırlar. Sonucda bir çox ölkələr insan haqlarını nifrətlə rədd etməyə meyllənilər, çünki onlar getdikcə daha çox inanırlar ki, sonucda Qərbin strateji maraqları onların humanitar narahatlıqlarını üstələyəcək.

3 milyon venesuelalı ölkəsindən qaçıb

2015-ci ildən Venesueladakı iqtisadi və siyasi xaosdan dolayı ölkəsindən qaçanların sayı 3 milyona çatıb. BMT bunu Suriya və Əfqanıstan müharibələrindən qaçanların sayı ilə müqayisə edir.

Venesueladan olan qaçqınlar Braziliyada
Venesueladan olan qaçqınlar Braziliyada

Hesablamanı aparan BMT agentlikləri bu saya qaçqın və miqrantların daxil olduğunu bildirir. Bu sayı son illərin ən ağır qaçqın böhranları ilə müqayisə etmək olar. Məsələn, 2017-ci ilin sonunadək Suriyadan 6,3 milyon qaçqının olduğu bildirilirdi, bu, dünyada ən pis qaçqın böhranı sayılırdı. İkinci yerdə 2,6 milyon qaçqınla Əfqanıstan, daha sonra 2,4 milyonla Cənubi Sudan gəlirdi.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) sözçüsü William Spindler-in sözlərinə görə, venesuelalıların çoxu ölkələrindən Suriya və Əfqanıstandakı münaqişələrə bənzər durumdan dolayı qaçmırlar.

Onların ölkəni tərk etmə səbəbləri fərqlidir, buraya təhlükə və zorakılıq, ərzağa, dərmana, təməl xidmətlərə çıxışın olmaması, eləcə də gəlirin itməsi, mövcud siyasi və ictimai-iqtisadi durum nəticəsində səmərəli milli qoruma sistemlərinin yoxluğu daxildir”, – Spindler deyib.

Venesueladan çıxmış qaçqınlar və miqrantlar regiona qeyri-bərabər yerləşiblər. Qonşu Kolumbiyada 1 milyondan çox venesuelalı məskunlaşıb. Peruya yarım milyondan çox, Ekvadora 220 min, Argentinaya 130 min, Çiliyə 100 mindən çox, Braziliyaya 85 mindən çox qaçqın sığınıb. Hesabata görə, Mərkəzi Amerika və Karibdə də xeyli sayda venesuelalı məskunlaşıb.

XS
SM
MD
LG