Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Ukraynanın şərqindəki 'seçki'ni pisləyirlər


Donetskdə seçki, arxiv fotosu
Donetskdə seçki, arxiv fotosu

Artıq bülletenlərin demək olar, hamısı sayılıb. Donetskdəki separatçıların lideri Denis Pushilin-in 61 faiz səs topladığı bildirilir.

Luqanskdakı separatçıların lideri Leonid Pasechnik isə 68 faiz səs yığıb.

***

Fransa və Almaniya liderləri Ukraynanın şərqində rusiyapərəst separatçıların keçirdiyi seçkini “qanunsuz” adlandırıb. Beynəlxalq ictimaiyyət də seçkini pisləyib.

Kiyev və beynəlxalq havadarları bəyan ediblər ki, noyabrın 11-də separatçıların Donetsk və Luqansk regionlarında keçirdiyi seçkilər münaqişənin bitirilməsinə yönəlik cəhdləri əngəlləyəcək.

2014-cü ilin aprelindən münaqişədə 10 min 300-dən çox ölən olub.

Ancaq Moskvanın arqumentinə görə, Donetsk və Luqanskdakı separatçı başçılarının və yerli qanunverici orqanların üzvlərinin seçilməsi Minsk razılaşmalarının pozulması demək deyil. Bu razılaşmalar zorakılığa son qoymağı hədəfləsə də, məqsədinə tam çatmayıb.

Bülletenlərin artıq üçdə biri sayılıb, Donetskdə 37 yaşlı Denis Pushilin səslərin 57,3 faizini toplayıb. Luqanskın indiki lideri Leonid Pasechnik-in isə 70,4 faiz səs topladığı bildirilir. Bu nəticələr gözlənən idi.

NORMANDİYA FORMATI İKİ İLDİR DANIŞIQ APARMIR

“Bu qondarma seçkilər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozur”, – Angela Merkel və Emmanuel Macron noyabrın 11-də axşam birgə bəyanatla çıxış ediblər. Bundan öncə isə Ukrayna Prezidenti Petro Poroshenko ilə Fransada 1-ci Dünya Müharibəsinin anım mərasimləri çərçivəsində görüşüblər.

Petro Poroshenko (sağda), Emmanuel Macron və Angela Merkel
Petro Poroshenko (sağda), Emmanuel Macron və Angela Merkel

Almaniya, Fransa və Ukrayna “Normandiya formatı” ölkələrinə daxildir. Bu ölkələr münaqişənin həllinə çalışırlar. Rusiya da qrupa daxildir, amma iki ildir heç bir danışıq aparılmayıb.

Donetskin əvvəlki separatçı lideri Aleksandr Zakharchenko avqustda partlayışda öldürülüb. O zaman Moskva bu insidentə görə Ukraynanı, Kiyev isə separatçıları və onların “rusiyalı sponsorları” arasında daxili çəkişməni günahlandırmışdı.

48 yaşlı Pasechnik Ukrayna Təhlükəsizlik Xidmətinin region üzrə keçmiş rəhbəri olub.

Həm Pushilin, həm də Pasechnik Moskvayla əlaqələrin sıxlaşdırılması tərəfdarıdırlar.

Separatçı regionda seçkilər sərt təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.

Separatçılar sonuncu dəfə 2014-cü ildə seçki keçirmişdilər. O zaman da Kiyev və Qərb seçkinin nəticələrini tanımadı.

Ukrayna, Birləşmiş Ştatlar və Avropa Birliyi seçkini pisləyib, onu Rusiyanın idarə etdiyi oyun adlandırıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Donetsk və Luqanskda separatçıları dəstəkləməyə başlayıb. Qərb Moskvaya sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG