Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:18

Milli Məclis və mediada yorğan söhbətləri...


Y.Mahmudov

9 noyabr - Dövlət Bayrağı günü, Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Deputata cavab

Azadliq.info saytında «Xalqa nəsihət verən deputatla yorğan söhbəti» sərlövhəli yazı oxumaq olar.

Müəllif deputat Yaqub Mahmudovun noyabrın 8-də parlamentdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı səsləndirdiyi bəzi fikirlərə cavab verib. Yerli saytların verdiyi xəbərə görə, Y.Mahmudov çıxışında bildirib ki, Qarabağ müharibəsində əlil olanların sayı reallığı əks etdirmir: «Elə adamlar var ki, onları tanıyıram. Onlar heç Qarabağı tanımırlar, ancaq müharibə veteranı və əlilidir... Biz ələ baxımlılıqdan qurtulmalıyıq. Hamı bir yolla dövlətdən qopartmağa çalışır. Bunun qarşısı alınmalıdır. Milləti işləməyə öyrətməliyik. Əlilliklə, zəlilliklə dövlətdən qoparmaqdan xilas olmalıyıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq...».

Müəllif isə hesab edir ki, bu məsələdə məsuliyyət «analoqsuz inkişaf»ın üzərinə düşür. Yazıda vurğulanır ki, ölkəni idarə edənlərin özləri büdcənin axırına çıxır: «Üçüncüsü, bu xalqı elə günə salmısız ki, çoxdandır üstüaçıq yatır. Yəni ayağı uzatmaq üçün ölçü-biçiyə ehtiyac qalmayıb.

Dördüncüsü, biz ayağımızı yorğanımıza görə uzadanda ayağımız saxtakarlığa, ədalətsizliyə, talançılığa dəyir. Görürük ki, yorğan altında milyardları ayaqlayanlar var».

Müəllif hesab edir ki, deputat məhz hökumətdə təmsil olunanlara nəsihət verməlidir: «Deyin ki, ayaqlarını vətəndaşın başına qaldırmasınlar...».

A.Mustafazadə
A.Mustafazadə

«Əgər büdcə sosialyönümlüdürsə...»

Oxu.az saytında «Deputat: Biz yazıq ölkə deyilik» sərlövhəli yazı yer alır.

Sayt deputat Aytən Mustafazadənin 2019-cu il dövlət büdcəsinin layihəsi ilə bağlı bəzi düşüncələrinə yer verib.

Yazıda bildirildiyinə görə, deputat A.Mustafazadə parlamentdə büdcə müzakirələri zamanı bunları deyib: «Biz həmişə deyirik ki, büdcəmiz sosialyönümlü büdcədir, amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir».

Deputat deyib ki, ölkə vətəndaşlarına ödənən pensiya və müavinətlərin azlığı büdcənin iddia olunan mahiyyətiylə üst-üstə düşmür: «Pensiyası 5-10 manat artan pensiyaçı heç nə edə bilmir. 144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsünüz, biz sosial xartiyadan, hüquqlardan danışırıq».

Yazıda qeyd edildiyinə görə, deputat A.Mustafazadə habelə vurğulayıb ki, Azərbaycan hökumətinin kifayət qədər maliyyə resursları var: «Müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusla müqayisə edə bilmərik. Niyə edə bilmərik? Cənab prezident o qədər səy göstərib ki… Yəni, Azərbaycan geostrateji layihələrin təşəbbüskarıdır, bu layihələrin maliyyəsini verir, kənd təsərrüfatı inkişaf etdirilib. Sonuncu reytinqlərə baxaq, Azərbaycan heç də yazıq ölkə deyil».

Deputat deyib ki, 10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir və vətəndaşlarına layiq olduqları qayğını göstərə bilər.

A.Mustafazadə vurğulayıb ki, əgər büdcə sosialyönümlüdürsə, bu, öz əksini konkret rəqəmlərdə tapmalı, maaşlar və müavinətlər artırılmalıdır.

9 noyabr-Dövlət Bayrağı günüdür
9 noyabr-Dövlət Bayrağı günüdür

Müstəqillik rəmzi

«Azərbaycan» qəzetində «Heç zaman enməyəcək müstəqillik rəmzi» sərlövhəli yazı dərc edilib.

Yazı 9 noyabr –Dövlət Bayrağı gününə həsr edib.

Yazı dramaturq Cəfər Cabbarlının 1919-cu il avqustun 29-da «Azərbaycan» qəzetində çap edilən «Azərbaycan bayrağına» şeirinin misraları ilə başlayır, bayrağın mənəvi mahiyyətini ədəbi şəkildə təqdim edir.

Müəllif yazıb ki, bir əsr əvvəl, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı bayraq xalqın tarixində misilsiz rol oynayıb: «Bayraq hər bir millətin kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə, onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bu mənada üçrəngli bayrağımızın da milli varlıq fəlsəfəsi özünəməxsusdur. Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islam ideologiyasını ifadə edir».

Müəllif xatırladıb ki, 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən dövlət bayrağı bərpa edilib: «2009-cu il noyabrın 17-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib».

Yazı müəllifin öz arzusunu oxuculara çatdırması ilə bitir. Müəllif sonda da üçrəngli bayrağın Azərbaycanın işğal edilən ərazilərində də dalğalanması arzusunu ifadə edir.

XS
SM
MD
LG