Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:01

Trump administrasıyası İranı dəyişməyə məcbur edə biləcəkmi – Qərb mediası


Tehranda ABŞ səfirliyi qarşısında etiraz, 4 noyabr, 2018-ci il
Tehranda ABŞ səfirliyi qarşısında etiraz, 4 noyabr, 2018-ci il

Noyabrın 5-dən Trump administrasiyası İrana daha sərt sanksiyalar tətbiq etdi. “The Washington Post” qəzeti redaksiya məqaləsində yazır ki, 2015-ci ildə nüvə sazişini imzalayandan Tehran aqressiyasını gücləndirib. Yəməndəki husilərə raketlər verir, onlar da Səudiyyə Ərəbistanını vurur, Livana və Suriyaya İsrailə qarşı potensial istifadədən ötrü qaçaqmalçılıq yoluyla raket göndərir. Dörd ayda iki dəfə Avropa ölkələrində opponentlərin qətlinə cəhdi ifşa olunub.

Qəzet yazır ki, Prezident Barack Obamanın nüvə sazişi vasitəsilə İranın ziyanlı fəaliyyətini yumşaltmağa inamı illüziya idi. İndi isə Prezident Trump, qəzetin fikrincə, qeyri-müdrik davranaraq sazişdən çıxıb və sərt sanksiyalarla Ayətulla Ali Khamenei rejimini diz üstə çökdürəcəyinə ümid edir. “Bu cəza əsaslandırıla bilər, amma Tehranın dəyişməsi şansı çox azdır”, – məqalədə deyilir.

İranda etirazlar
İranda etirazlar

İranın neft ixracını, gəmiçiliyi və banklarını hədəfə almış yeni tədbirlər Tehranın vaxtilə günə 2,8 milyon barrelə çatmış ixracını 30 faizədək azalda bilər, təhlilçilər belə düşünür. Hökumətin büdcəsinə təzyiq artar, İranda geriləmə yaşanar. Ancaq bu embarqonun İranı nüvə danışıqları masasına gətirəcək qədər effektiv olacağı gözlənilmir. Çin, Hindistan, Rusiya və Türkiyə İran neftini almaqda davam edirlər.

İran Yaxın Şərqdə şiə yaraqlıları dəstəkləmək üçün milyardları çətinliklə tapa bilər. Amma çətin ki İnqilab Keşikçiləri Korpusu İraqdan, yaxud Aralıq dənizi regionundan çıxsın, hətta bu ölkə əhalisi üçün daha artıq çətinlik hesabına başa gəlsə belə. Trump administrasiyasının aparıcı rəsmiləri ümid edirlər ki, yenilənmiş iqtisadi təzyiq rejimi dəyişdirəcək. Ancaq Vaşinqton əbəs yerə 1979-cu ildən bəri belə bir əks-inqilabı gözləyir”, – qəzet yazır.

Ermənistanın demokratiya arzuları

Ermənistanın məxməri inqilabı əsas xüsusiyyətlərini postsovet dünyasındakı digər inqilablardan deyil, Latın Amerikasındakı 40 il öncəki demokratik hərəkatlardan götürdü, ölkəni davamlı demokratiya cığırına saldı. Bunu “Foreign Policy” dərgisində Anna Ohanyan yazır və səbəblərini izah etməyə çalışır.

Yerevanda etirazlar, 8 may, 2018-ci il
Yerevanda etirazlar, 8 may, 2018-ci il

Bu ilin aprelində Ermənistanı 10 il prezident kimi idarə etmiş Serzh Sargsyan baş nazir postunda heç bir həftə qala bilmədi, etirazlar nəticəsində istefa verməli oldu. Müxalifət lideri Nikol Pashinian mayın 8-də bu posta seçildi.

“Ermənistanın Məxməri İnqilabı bütün eniş-qalxışları ilə postsovet məkanındakı rəngli inqilablardan fərqləndi. Latın Amerikasında 1970-80-ci illərdə hərbi idarəçilikdən mülkiyə keçid zamanı olduğu kimi, Ermənistanın keçidi də ləng getdi, onu elitaya aid olmayan qruplar irəli apardı, ölkənin institutlarına qarşı çevrilmədi, onların içindən keçdi”, – müəllif yazır.

Əvvəla, Ermənistandakı inqilab insan haqları, qadın, ətraf mühit hüquqları, əmək və iş məsələlərinə fokuslanmış, on il davam etmiş etirazın pik nöqtəsi idi. Belə bir fəallıq hökumətdən kompromislərin əldə olunması, bunun təbliğinə yönəlik bir model formalaşdırdı. Kiçikmiqyaslı etirazlar qeyri-zorakılığı da etibarlı bir strategiya kimi bərqərar etdi.

Müəllif bu prosesi Latın Amerikasında 1970-80-ci illərin demokratik keçidi ilə müqayisə edir. Orada da keçid aşağıların dəstəyi, sosial məsələlərə vurğu, səsvermə üçün savadlılıq tələbinin ləğvi, səsvermə yaşının azaldılması, siyasi iştiraka digər əngəllərin ləğvi kimi tələblərə söykəndi. Bu cür maarifləndirmə sayəsində Braziliya, Honduras, Əl-Salvador, Peruda elektorat genişləndi, bu da demokratiyanın möhkəmlənməsinə kömək etdi. Argentinada isə repressiv hərbi xuntaya qarşı etiraz tədricən formalaşdı, sonucda rejim Birləşmiş Krallıqla müharibə nəticəsində çökdü.

Müəllif qeyd edir ki, bütün bu misallar postsovet məkanındakı rəngli inqilablardan kəskin fərqlənir. Həmin inqilabları qəfil ortaya çıxmış islahatçı elita gerçəkləşdirib, onları isə Avropa Birliyi və Birləşmiş Ştatlar kimi kənar oyunçular dəstəkləyib. Məsələn, Gürcüstanda 2003-cü il Qızılgül İnqilabı kütləvi etirazlar nəticəsində mümkün olsa da, aşağıdan təkandan deyil, yuxarıya inamın itməsindən doğdu. İnqilabın liderlərindən olan Mikheil Saakashvili tezliklə prezident seçildi, hökumətin icraedici qanadını möhkəmləndirdi, əsasən üzüyola müxalifətdən elə bir təzyiq görmədi. Serbiya və Ukraynada digər rəngli inqilablardan sonra elita arasında rəqabət qeyri-liberal qüvvələrin daha sonra hakimiyyəti geri almasına yol açıb.

İranın nüvə sazişini xilas etmək olarmı?

Bu sualla Karnegi fondundan Judy Dempsey bir sıra ekspertlərə müraciət edib.

Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Almaniya İnstitutundan Azadeh Zamiriad deyib ki, sazişi indilik xilas etmək olar. “Şübhəsiz, Birləşmiş Ştatların yeni qoyduğu sanksiyalar İranın maliyyə tranzaksiyalarına təsirini göstərəcək, enerji sektorunu vuracaq. Ancaq irimiqyaslı beynəlxalq dəstək qaldıqca, İranın böyük müştəriləri olan Çin və Hindistan İrandan neft almağı davam etdirdikcə, Tehran nüvə sazişindən çıxmayacaq. İran nüvə razılaşmasının icrasını dayandırarsa, sanksiyaların artması riskiylə üzləşər”, – ekspert deyib.

“Karnegi Avropa” fondunun aparıcı əməkdaşı Pierre Vimont-un sözlərinə görə, İranla nüvə sazişinin xilası uzunmüddətli bir işdir. “Avropa Birliyinin hazırkı cəhdlərinin məqsədi İran sazişdə saxlamaqdır. Köhnə blokada qanunvericiliyini yeniləməklə, yeni barter mexanizminə əl atmaqla Avropa açıq şəkildə göstərmək istəyir ki, razılaşmaya əməl edir və İranın da bu cür davranacağına ümid bəsləyir. Bu kursda da ziddiyyətlər var. AB firmalarının İrandan çıxmasını əngəlləmək də Amerikanın əlinə oynayır, Vaşinqtonun sazişdən çıxmasının əks-təsirlərini yumşaldır. Digər tərəfdən qarşıdurma da dərinləşir, Avropa ABŞ sanksiyalarına ən çox meydan oxuyan qüvvə kimi görünür”, – o deyir.

Vimontun fikrincə, Avropanın siyasətinə Amerika sanksiyalarından çox, İranın özü təhdid yarada bilər. Daha dəqiq desək, Tehran rejiminin radikal qanadı Avropanı yeni sanksiyalara əl atmağa məcbur edə bilər. Çünki bu qanad çirkli pulyumaya qarşı qanunvericiliyin qəbuluna qarşı çıxır, son vaxtlar Danimarka və Fransada İranın müxalifət fiqurlarına qarşı əməliyyatları gündəmə gəlib.

XS
SM
MD
LG