Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Putin aralıq seçkilərə görə niyə ‘tər tökmədi’ – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Rusiyada bəziləri düşünürlər ki, Prezident Vladimir Putinin amerikalı həmkarı Donald Trump-la hər görüşündən sonra ikitərəfli münasibətlər daha da pisləşir. Ona görə də bəziləri hətta Kremlə məsləhət görürlər ki, Trump-ın Ağ evindən uzaq dursun. Ancaq “Karnegi” fondunun saytında Dmitri Trenin yazır ki, Putin Trump-la üzbəüz təmasları davam etdirməkdə qərarlıdır və görünür, bu, Rusiya liderinin artıq qalibi, yəni Trump-ı seçməsiylə bağlıdır.

Putin bu yaxınlarda Soçidə dedi ki, Trump 2020-ci ildə ikinci müddətə prezident seçilsə, o, Rusiyayla münasibətlərin sabitləşdirilməsi və normallaşdırılmasında daha azad hərəkət edə biləcək. Putin ümid edir ki, Trump-a xərclədiyi sərmayəni çıxaracaq və ona görə də səbirli davranır.

Əlbəttə, bu, Putinin Trump-ı yenidən seçdirəcəyi demək deyil, yəni ABŞ-da çoxlarının inandığı kimi, 2016-cı ildə etdiyi çevrilişi təkrarlamayacaq. Putinin Trump-la işləməkdə təkid etməsi onu göstərir ki, o, ABŞ prezidentində Moskvada digərlərinin görmədiyi fürsəti görür”, – müəllif yazır.

Donald Trump (solda) və Vladimir Putin iyulda Helsinkidə görüşəndən sonra
Donald Trump (solda) və Vladimir Putin iyulda Helsinkidə görüşəndən sonra

Müəllifin fikrincə, Rusiya liderinin ABŞ prezidentinə bel bağlamasının nə Konqresə dəxli var, nə də Rusiya siyasətinə. Putindən ötrü Trump Birləşmiş Ştatların xarici siyasətində yeni xətdir. Putinin Rusiya üçün gördüyü pozitiv Trump-ın qlobal sistemdə yaratdığı sabitsizlikdir. Trump liberal universallığı böyük dövlət siyasətiylə əvəzləyir və burada diqqət heç də ABŞ-ın tərəfdar olduğu dəyərlərə ayrılmır.

Sadə dildə desək, Trump-ın fikrincə, Rusiya Amerika üçün böyük problem deyil. Trump ‘böyük Amerika’ istəyir, yəni dünyanın ən güclü, özünün milli maraqları saydıqlarına diqqət ayıran bir ölkə. Putinin bu vecinə deyil: belə bir Amerika Rusiyadan ötrü ideal olardı. Moskva üçün vacib olan odur ki, Vaşinqton öz işilə məşğul olsun, öz iradəsini başqalarına diktə eləməsin”, – məqalədə vurğulanır.

İranlılar sanksiyaların acığını necə çıxırlar

İranlıların çoxu sosial mediada korrupsiya hesab etdiklərinə, imkanlıların dəbdəbəli həyatına qarşı qəzəblərini bildirirlər. Çoxları isə ABŞ sanksiyaları altında birtəhər dolanmağa çalışır. Bu haqda “Reuters” agentliyi yazır.

Tehranda yanacaqdoldurma stansiyası
Tehranda yanacaqdoldurma stansiyası

Ötən il ölkədə etirazlar baş qaldırdı, bəzi hallarda zorakılıqla müşayiət olundu. Ancaq agentlik yazır ki, iqtisadi təzyiq artdıqca, adamlar da barmaqlarını zəngin və güclülərə tuşlayır.

Seyed Mahdi Sadrossadati adlı bir Instagram istifadəçisinin 256 min izləyicisi var və elitanın uşaqlarını hədəfə alan postlar yerləşdirir.

Məsələn, bu yaxınlarda etdiyi paylaşımda o, İnqilab Keşikçiləri Korpusu komandirinin və oğlunun “dəbdəbəli həyatı”nı kəskin tənqid edib. Oğlan bir malikanənin eyvanında uzanmış pələnglə selfisini internetdə paylaşmışdı.

Hazırda İranda qara bazarda bir ABŞ dolları 149 min riala dəyişdirilir. İlin əvvəlində məzənnə 43 min rial idi. Mayda ABŞ prezidenti Donald Trump Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, sanksiyaları bərpa etdiyini açıqladı.

Bu həftə əlavə sanksiyalar qüvvəyə minib deyə durumun daha da pisləşəcəyi gözlənir. Ali dini lideri Ali Khamenei maliyyə cinayətləri üzrə xüsusi məhkəmələrin yaradılmasını təsdiqləyib.

Avqustda əsası qoyulandan bu məhkəmələr azı yeddi ölüm cəzası kəsib, məhkəmələrdən bəziləri televiziyada canlı yayımlanıb.

Ölümə məhkum edilənlər içində yerli medianın “sikkə sultanı” ləqəbi verdiyi Vahid Mazloumin də var. O, valyuta bazarında manipulyasiyada təqsirli bilinib, iki ton qızıl sikkəylə birlikdə tutulduğu iddia olunur.

Ancaq agentlik yazır ki, bu sərt cəzalar belə narazılığı azaltmayıb.

“İqtisadi vəziyyət pisləşdiyindən adamlar günahlandırmağa adam axtarırlar, bu yolla ölkə liderlərindən və rəsmilərdən qisas alırlar”, – Tehranda yaşayan iqtisadçı və siyasi təhlilçi Saeed Leylaz deyib.

Superbakteriyalar milyonlarla adamı öldürə bilər

Avropada, Şimali Amerikada və Avstraliyada milyonlarla adam suprbakteriyaya yoluxmadan dünyasını dəyişə bilər. Bunu önləməkdən ötrü ölkələr bu dərmanlara davamlı bakteriyalarla mübarizəni önə çəkməlidir. Belə bir xəbərdarlıqla dünən – noyabrın 7-də ekspertlər çıxış edib.

İllüstrativ foto
İllüstrativ foto

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) xəbərdarlıq edib ki, təməl xəstəxana gigiyenası yaxşılaşdırılmasa, gərəksiz antibiotik istifadəsi azaldılmasa, səhiyyə və xərcləmələr üçün “fəlakətli fəsadlar” ortaya çıxar.

Bu həftə dərc olunmuş başqa bir tədqiqata görə, 2015-ci ildə Avropada dərmana davamlı bakteriyalardan 33 mindən çox adam ölüb.

OECD isə bildirir ki, 2050-ci ilədək superbakteriyalardan 2,4 milyon nəfər ölə bilər. Qurumun məlumatına görə, belə infeksiyaların müalicəsi təhlilə salınmış hər bir ölkəyə 3,5 milyard dollara başa gələr.

OECD-də ictimai səhiyyə üzrə rəhbər Michele Cecchini “Frans Prens” agentliyinə deyib ki, ölkələr artıq səhiyyə büdcələrinin ortalama 10 faizini mikroblara qarşı preparatlara davamlı (AMR) bakteriyaların müalicəsinə xərcləyirlər.

AMR xərcləri qripə, HIV-ə, vərəmə xərclənən vəsaitdən artıqdır. Ölkələr problemə qarşı tədbirlər görməsələr, bu xərclər daha da artacaq”, – o deyib.

XS
SM
MD
LG