Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Respublikaçılar Trump-a həmişəkindən çox ‘bağlanacaqlar’


Trump tərəfdarları yürüş keçirir, arxiv fotosu
Trump tərəfdarları yürüş keçirir, arxiv fotosu

Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti itirməsi nəylə sonuclanacaq? “Reuters” agentliyi yazır ki, onlar konqresdə daha mühafizəkar fraksiya ilə təmsil olunacaq, Prezident Donald Trump-ın provokativ ritorikası, sərt gündəmi ətrafında daha sıx birləşəcəklər.

Düzdür, palatada qalan mötədil respublikaçılar bu nəticəni Trump-ın qanunsuz mühacirətə dair strategiyasına bir verdikt baxa bilərlər. Amma di gəl, onlar da azlıq təşkil edir.

Artıq Birləşmiş Ştatların böyük TV şəbəkələri demokratların Nümayəndələr Palatasına nəzarəti ələ alacağını, respublikaçıların isə Senatda çoxluğu qoruyub saxlayacağını bildirir.

Agentlik yazır ki, uduzan respublikaçıların çoxu şəhər bölgələrindən mötədillər idilər və özlərini Trump və ritorikasından kənar tuturdular. Amma yenə də uduzdular. Qalan respublikaçılar isə kənd ərazilərini təmsil edən mühafizəkarlardır və seçiciləri Trump-ı yekdilliklə dəstəkləyir.

“TRUMP ELƏ TRUMP KİMİ DƏ QALACAQ”

Qısası, Trump elə Trump kimi də qalacaq. Respublikaçılardan bəziləri onu seçkidəki itkilərə görə suçlaya bilər, amma çətin ki üsyana cəsarətlənsinlər, özəlliklə də partiya Senatdakı üstünlüyü saxladığı bir dönəmdə”, – təhlildə vurğulanır.

Səs verməyə hazırlaşan qadın
Səs verməyə hazırlaşan qadın

Son iki ildə prezident barışdırıcılığa azacıq meyl də sərgiləməyib. O, partiyada ən populyar fiqur olduğunu bilir. İndi isə Trump yenidən seçilməkdən ötrü cidd-cəhdlə kampaniyaya başlayacaq, tərəfdarlarını hərəkətə gətirəcək.

Bu o deməkdir ki, hətta demokratların müxalifətini gücləndirməsinə baxmayaraq, Trump “America First” (“Öncə Amerika”) gündəmini irəli aparacaq. Buraya isə qanunsuz immiqrasiya və ticarət proteksionizmi kimi qaynar məsələlər daxildir.

Demokratların üstünlük təşkil etdiyi palatanın ABŞ sərhədində hasar tikintisini maliyyə ayırmayacağını bilə-bilə, Trump bu məsələni gündəmdə saxlayacaq. Palatadakı demokratların timsalında bir əks qüvvənin mövcudluğu ondan ötrü siyasi baxımdan effektli də ola bilər.

Palatada yerini qoruya bilmiş respublikaçılar isə yeni demokratik çoxluqla işləməyə elə də maraq göstərməyəcək. Respublikaçıların Konqresdəki gücü Senata yönələcək və hökumət daha çıxılmaz duruma düşəcək”, – agentlik yazır.

Demokratik palata o deməkdir ki, prezident iş görmək istəyirsə, körpüləri bərpa etməlidir. Ancaq buna heç bir meyl sərgiləməyin və onun idarə etmək istədiyini, yoxsa sadəcə, öz fikirlərini ifadə etdiyini görmək maraqlı olacaq”, – Çikaqoda demokratları təmsil edən sosioloq Jason McGrath deyib.

Müəllifin fikrincə, demokratların qələbə çaldıqları bölgələrdəki dəyişikliyin respublikaçılara uzunmüddətli təsirləri olacaq. Bu bölgələrdə təhsil səviyyəsi, gəlirlər milli orta səviyyədən yüksəkdir, Trump-la bağlı skeptisizm isə dərinləşir, yəni demokratlar burada möhkəmlənə bilərlər.

BAZA ELEKTORATI DƏYİŞMƏYİB

Respublikaçılar Trump-ın orta sinif, ağdərililər və yevangelistlər arasındakı tərəfdarlarından kənara çıxmaqda çətinlik çəkiblər. Partiya qadınlar, şəhər seçiciləri, kollec dərəcəsi olanlar, gənclər və azlıqları təmsil edənlər arasında mövqelərini möhkəmlədə bilməyib.

Bob Corker
Bob Corker

Konqresdəki fraksiya Trump-a daha böyük sadiqlik göstərərsə, bu tendensiya da davam edəcək.

Senatda isə Trump-ın 2016-cı ildə qələbə çaldığı ştatlardakı mərkəzçi demokratlar uduzublar. İndianadan Joe Donnelly və Şimali Dakotadan Heidi Heitkamp respublikaçı mühafizəkarlarla əvəzləniblər və onlar qələbələrini prezidentin adına yaza bilərlər.

Üstəlik, Trump-ın senatdakı ən qatı tənqidçilərindən Bob Corker Jeff Flake, eləcə də palatanın respublikaçı spikeri Paul Ryan istefa verir. Sonucunun baxışları bəzən prezidentkindən fərqlənib.

Bütün bunlar Trump-ın partiyada iki il öncəkindən daha üstün mövqe tutmasını təmin edir. Kənd ştatlarında güclü kampaniya aparmış Trump senatdakı qələbəni özünün seçicilərə səsverməyə aparmaq bacarığı ilə əlaqələndirə bilər”, – yazan agentlik onu da vurğulayır ki, ilboyu respublikaçılar palatada potensial itkiləri gözə almışdılar. Ona görə də dünənki seçkinin nəticəsini partiyanın yolunu dəyişmək xəbərdarlığı saymaya bilərlər.

Tarixən də, hakimiyyətdə olan partiya yeni prezidentin birinci aralıq seçkisi zamanı müəyyən qədər yer itirir, özəlliklə də, onun reytinqi aşağıdırsa.

Məsələn, 2010-cu ildə Barack Obama-nın prezidentliyi dövründə demokratlar 63 yer itirdi, nəzarət respublikaçıların əlinə keçdi və Obamanın təşviq etdiyi məsələlərin gerçəkləşməsi ertələndi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG