Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

Rusiya seçkiyə yeni müdaxilə taktikası seçir – Qərb mediası


Nyu Yorkda saxta xəbərlərin toplandığı köşk
Nyu Yorkda saxta xəbərlərin toplandığı köşk

Rusiya hökumətinə bağlı olduğu bildirilən agentlər ABŞ-da aralıq seçkisi öncəsi bölücü kontentin yayılmasında, aşırı mövzuların təbliğində fəallıq göstəriblər, amma izlərini də canfəşanlıqla itirməyə çalışıblar. “Reuters” agentliyi bunu hökumət təhqiqatçılarına, akademiklərə, təhlükəsizlik şirkətlərinə istinadla yazır.

Facebook, Twitter, Reddit və başqa platformalarda dezinformasiya yayanları izləmiş tədqiqatçılar bildirirlər ki, bu yeni və daha incə taktika belə informasiya əməliyyatları kampaniyalarının iri sosial media şirkətlərinin təmizləməsindən kənar qalmasına, hökumətin nəzarəti altına düşməməsinə imkan verib.

“Rusiyalılar zamanla Birləşmiş Ştatların nüfuz əməliyyatlarına diqqət ayırmasına adaptasiya olunublar”, – Atlantik Şurasının Rəqəmsal Ekspertiza Tədqiqat Laboratoriyasının direktoru Graham Brookie deyib.

ABŞ-da seçici
ABŞ-da seçici

ABŞ kəşfiyyat və hüquq-mühafizə agentlikləri bildirirlər ki, Rusiya 2016-cı ildə Prezident Donald Trump-ın 2016-cı ilin seçki kampaniyasını dəstəkləmək üçün dezinformasiyaya və digər taktikalara əl atıb.

Rusiya hökuməti isə seçkiyə müdaxilə iddialarını rədd edib. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü dünən – noyabrın 6-da aralıq seçkilərə müdaxilə iddialarına şərh verməyib.

“Saxta xəbərlərlə bağlı xeyli araşdırma aparmışıq, adamlar indi bunu ayırd edə bilirlər və taktika kimi səmərəsi azalıb”, – Milli Təhlükəsizlik Agentliyinin keçmiş rəsmisi, hazırda Recorded Future kibertəhlükəsizlik firmasının təhlilçisi Priscilla Moriuchi deyib.

Əvəzində, rusiyalıların hesabları əvvəllər ABŞ-ın ifrat solçularından, yaxud ifrat sağçılarından gələn hekayətləri, internet memlərini genişləndirirlər. Bu halda paylaşımlar daha real görünür, xaricdən gəldiyini müəyyənləşdirmək çətinləşir və uydurma əhvalatlar qurmaqdansa, bu iş daha rahatdır.

New Knowledge təhlükəsizlik şirkətində tədqiqat üzrə direktor Renee DiResta-nın sözlərinə görə, şirkət Facebook və Twitter-də şübhəli rusiyalıların hesablarının siyahısını hazırlayıb və bu siyahı 2016-cı ilin seçki kampaniyası zamanı bağlanmış hesablara oxşardır.

Kavanaugh vs. ölüm cəzası

ABŞ Ali Məhkəməsinin hakimi Brett Kavanaugh-nun dünən – noyabrın 6-dakı davranışı ölüm cəzasıyla bağlı onun mövqeyinin mühafizəkar həmkarlarından fərqlənə biləcəyini üzə çıxarıb.

Brett Kavanaugh
Brett Kavanaugh

CNBC xəbər verir ki, Missuridə qətldə, adam oğurluğu və zorlamada təqsirli bilinmiş Russell Bucklew bu il ölüm cəzasına məhkum edilib. Onun arqumentinə görə, bu cəzanın ölümcül iynəylə icrası qəddar və qeyri adi olar, çünki onda nadir bir xəstəlik var ki, bu da proseduru qeyri-adi dərəcədə ağrılı edər.

Kavanaugh prokurora suallar verərkən məhbusun arqumentinə rəğbətlə yanaşıb.

“Demək istəyirsiz ki, bu metod dəhşətli ağrı törədirsə belə, alternativ yoxdur deyə, yenə bunu gerçəkləşdirməlisiniz?” – Kavanaugh ştatın ədliyyə nazirinin müavini John Sauer-dən soruşub.

Sauer cavab verib ki, ali məhkəmənin presedentinə görə, edam olunacaq şəxsin ağrısını azaltmaqdan ötrü alternativ metod təklif olunmalıdır.

“Yəni demək istəyirsiniz ki, metod kəskin ağrı verirsə belə, onu davam etdirə bilərsiniz? Bunun bir limiti varmı?” – Kavanaugh deyib.

CNBC yazır ki, hakimin sualları onun Ali Məhkəmədəki dörd liberal qoşula biləcəyi ehtimalını artırır. Yəni Bucklew-nin işi aşağı instansiya məhkəməsinə göndərilə, onun tibbi ehtiyacının necə yoluna qoyulmasına baxıla bilər.

Kavanaugh-nun ölüm cəzası üzrə baxışları aydın deyil. Di gəl, məhkəmə müşahidəçiləri onun respublikaçıların təyin etdiyi digər hakimlərin cərgəsində yer alacağını gözləyirdilər.

Yada salaq ki, Kavanaugh-nun bu posta namizədliyini Prezident Donald Trump irəli sürdü, ancaq Senatda təsdiqlənməsi nisbətən uzun çəkdi. Ona qarşı cinsi təcavüz iddiaları səsləndirildi və respublikaçılar bunu demokratların işi olduğunu iddia etdilər.

Bill Gates təmiz tualet texnologiyası təqdim edir

Xeyriyyəçi milyarder Bill Gates dünən Çində keçirilən sərgidə “Yenilənmiş tualet” layihəsini təqdim edib. O, yanına bir qab nəcis qoyaraq ideyasını izah edib.

Bill Gates
Bill Gates

“Bu qabda nə olduğunu tapa bilərsiniz – haqlısınız, insan nəcisidir. Bu az miqdarda nəcisdə 200 trilyon rotavirus hüceyrələri, 20 milyard şigella bakteriyası, 100 min parazit qurd yumurtası ola bilər”, – Microsoft firmasının yaradıcısı söyləyib.

Onun sözlərinə görə, sadalanan orqanizmlərin törətdiyi xəstəliklərdən hər il yaşı 5-dən aşağı 500 minədək uşaq ölür.

“The Associated Press” agentliyi yazır ki, Pekində açılmış üçgünlük sərgidə 20-dən artıq şirkət və akademik qurum yeni tualet texnologiyaları sərgiləyir. Burada özü-özünü tənzimləyən tualetlərdən tutmuş, tullantıların emalı sistemi ilə təmin olunmuş Omni Processor adlı qurğu da görmək olar.

Gates-in öz həyat yoldaşı ilə birlikdə yaratdığı “The Bill and Melinda Gates Foundation” 2011-ci ildən bəri təhlükəsiz sanitar texnologiyanın tədqiqatı və hazırlanmasına 200 milyon dollardan artıq vəsait xərcləyib.

UNICEF-in hesablamasına görə, dünyada 4,5 milyard adamın təhlükəsiz sanitariyaya çıxışı yoxdur. Hər il ishaldan yaşı 5-dən az 480 min uşaq həlak olur.Bu, əsasən Cənubi Asiya və Saharaaltı Afrikada baş verir.

İqtisadi bədələ gəlincə, sanitariya sisteminin zəifliyi 2015-ci ildə dünyaya 223 milyard dollara başa gəlib. Bunu Oxford Economics və Yaponiyanın Lixil şirkəti yoxlayıb.

XS
SM
MD
LG