Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

İrana sanksiyalar: ağrını hiss edən varmı?


Neft tankerləri, arxiv fotosu

Bazar ertəsindən – noyabrın 5-dən dünyanın neft hasilatçıları və onların müştəriləri yeni qeyri-müəyyənlik dönəminə qədəm qoydular. Birləşmiş Ştatların İranın neft sektorunu hədəfləyən yeni iqtisadi sanksiyaları qüvvəyə mindi.

Mayda İranla 2015-ci il nüvə sazişindən çıxmış Trump administrasiyası bununla İranın Yaxın Şərqdə siyasi və hərbi fəaliyyətini önləməyə çalışır. “The New York Times” qəzetində Clifford Krauss sanksiyaların ilkin təsirinin yumşaq olduğunu yazır. Neft son həftələr ucuzlaşmağa başlamışdı, hətta üfüqdə sanksiyalar görünəndə belə.

73 DOLLAR

Son sanksiyaların hədəfi İranın neft ixracını azaltmaqdır, amma İranla biznes qurmuş beynəlxalq gəmiçilik şirkətləri, banklar, sığortaçılar, liman operatorları da hədəfdədir. Vaşinqton Tehranla ticarət edən şirkətləri Amerika maliyyə sistemindən çıxarmaqla hədələyib. Səkkiz ölkəyə, İran neftinin böyük alıcıları daxil, güzəştlər olunsa da, bunun müvəqqəti xarakter daşıdığı vurğulanıb.

“Yeni sanksiyaların Tehrana bir mesajı var: Ya yolunuzu dəyişin, ya da bunun fəsadları ilə üzləşəcəksiniz”, – ABŞ-ın enerji naziri Rick Perry “The Wall Street Journal”da məqaləsində yazıb.

Rick Perry
Rick Perry

Enerji ekspertlərinin çoxu sanksiyalar ucbatından neftin qiymətinin sıçrayacağını gözləyirdilər. Obama administrasiyası 2011 və 2012-ci illərdə Tehranı nüvə danışıqları masasına gətirmək üçün sanksiyalar tətbiq edəndə neftin bareli 100 dolları keçmişdi. İndi isə neftin barelinin qiyməti 73 dollar civarındadır. Bu, ötən aykından 10 dollar ucuzlaşma deməkdir.

Di gəl, ötən yaz İran günə 2,4 milyon barel neft ixrac edirdisə, indi bu göstərici 1,3 milyon barrelə düşüb. Banyan Hill maliyyə tədqiqatı firmasının aparıcı təhlilçisi Matt Badiali-nin proqnozuna görə, sanksiyalar gələn il ərzində gündəlik ixracı daha 900 min barel azaldacaq.

Yəni, sanksiyalar qlobal neft təchizatını 2 faiz salacaq.

BAŞQA NƏ BAHALANA BİLƏR?

İranın itirdiyi neft çəlləkləri isə Birləşmiş Ştatlar, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən kompensasiya olunmaqdadır. ABŞ və Rusiya hərəyə günə 11,3 milyon barreldən də çox neft hasil edirlər.

Müəllif sanksiyalardan sürücülərin elə də böyük ağrı hiss etmədiyini yazır.

İranın neft ixracı
İranın neft ixracı

Bazar ertəsi adi benzinin qalonu 2,76 dollar olub, yəni ötən həftədən 5 sent ucuz, bir ay öncəkindən isə 15 sent ucuz.

Ancaq bəzi ekspertlərin fikrincə, zamanla neft təchizatı azalacaq, özəlliklə də gələn yay sürücülük mövsümü zamanı qiymət bahalanacaq.

Benzinin bahalanması aviasiya yanacağının da qiymətinin qalxması deməkdir və bu da səyahətçilərə təsirsiz ötüşməyəcək.

Bundan başqa plastik materiallar, təbii qaz və elektrik tarifləri də qalxa bilər.

DİGƏR AMİLLƏR

Məqalədə deyilir ki, İranın sanksiyalara necə reaksiya verəcəyindən, Kürdüstan və Türkiyədən nefti qaçaqmal yoluyla keçirmək bacarığından çox şey asılıdır. İran Fars Körfəzindən gələn neftin əsas nəqliyyat yolu olan Hörmüz boğazını bağlamaqla hədələyərsə, qiymətlər qalxacaq. Səudiyyə Ərəbistanı, yaxud İsrailə qarşı hər hansı hərbi hərəkət, yaxud kiberhücum da oxşar nəticə göstərər. Yəməndə münaqişənin qızışması neft nəqlinin digər nöqtələrinə də təhlükə yarada bilər.

Bəzi ekspertlərin fikrincə, neftin bahalanmasını önləmək üçün dünyada yetərincə neft təchizatı var.

Saudi Aramco-nun keçmiş vitse-prezidenti Sadad Ibrahim al-Husseini deyir ki, İrana sanksiyaların neftin qiymətinə heç bir təsiri olmayacaq. “OPEC daxilindən və Rusiyadan yeni təchizat gəlir, Braziliyada mərhələli ofşor hasilat, şist nefti gələn illər ərzində neftə tələbatın istənilən səviyyəsini ödəyəcək”, – o deyib.

Barclays təhlilçilərinin proqnozuna görə, Brent neftinin bareli gələn il ortalama 72 dollara, yəni indiki həddə yaxın satılacaq. Qərbdə bəzi başqa ekspertlərsə qiymətin bundan baha olacağını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG