Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

'Reallıq hesabatlardakı kimi deyil'-Media icmalı


Tehranda valyutadəyişmə məntəqəsi
Tehranda valyutadəyişmə məntəqəsi

Bakı metropoliteninin inkişafı, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların Azərbaycana mümkün təsirləri, yerli iş adamlarını ölkəyə investisiya qoymaqdan çəkindirən amillər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İrana sanksiyaların Azərbaycana mümkün təsirləri

Bizimyol.info saytında «ABŞ-dan İrana ikimərhələli sanksiyalar: Gərginlik regiona nə vəd edir? – Şərh» sərlövhəli yazı oxumaq olar.

Müəllif noyabrın 5-dən ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyaların regiona təsirini beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə təhlil edib.

Yazıda bildirilir ki, indiki sanksiyalar İran Milli Neft Şirkəti və Milli Tanker Şirkəti kimi təşkilatları da əhatə edir. İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satın alınmasına məhdudiyyətlər qoyulur.

Ekspert deyib ki, sanksiyalar gəmiçiliyi, daşımaları, limanları, İran neft şirkətini, bu ölkənin bank sektorunu əhatə edir, bu sahələrdə əməliyyatların bloklanmasına başlanıb: «... İran enerji sektoruna qarşı məhdudiyyətlər var, sonuncuda isə 700 iranlı VİP şəxsə qadağalar yer alıb».

Ə.Əlibəyli hesab edir ki, sanksiyaların əsas məqsədi güzəştlərə nail olmaq, İranı İraq, Suriya, Livan və Yəməndən çıxarmaqdır.

Ekspertə görə, bu sanksiyaların Azərbaycandan ötrü də şübhəsiz təsirləri ola bilər. Onun deməsinə görə, Azərbaycanda 700 İran şirkəti fəaliyyət göstərir: «İldə 20 min TIR sərhədimizi keçir, milyona yaxın turist qəbul edirik bu ölkədən, milyard dollarlıq birgə investisiya layihələrimiz var... İtkimiz təkcə bu olmayacaq, İranın iqtisadi çöküşü orada yaşayan 45 milyon azərbaycanlıları da çıxılmaz duruma salacaq və bu, birbaşa bizim üzərimizə götürə bilməyəcəyimiz yükə çevriləcək».

İstanbul
İstanbul

«Hesabat və reallıq»

«Yeni Müsavat» qəzetində «Azərbaycanlıları Türkiyəyə yatırım etməyə həvəsləndirən amillər» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycandan olan iş adamlarının Türkiyəyə sərmayə qoymasından bəhs edilir və buna aid bir sıra misalların üzərində dayanılır.

Müəllif habelə bildirilir ki, son bir ildə Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı da artıb.

«Azərbaycanlıların Türkiyə iqtisadiyyatına marağının belə böyük olmasının səbəbi nədir? Qardaş ölkədə hansı şərtlər vətəndaşlarımızı belə cəlb edir?», - deyə yazıda suallar yer alır.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, bütün bunlara təbii yanaşmaq lazımdır. Ancaq onun fikrincə, problem ondadır ki, bu gün Azərbaycan vətəndaşları öz ölkələrinə sərmayə qoymağa meylli deyillər: «Bunun əsas səbəblərindən biri budur ki, iqtisadiyyat liberal deyil. İqtisadiyyatın liberallaşdırılması üçün ciddi addımlar atılmalıdır. Hüququn aliliyinin təmin olunması ilə bağlı narahatlıqlar var. Qanunların tətbiqi ilə bağlı çətinliklər var. Təşviq mexanizmləri formalaşmayıb. Dövlət tərəfindən yaradılan təşviq mexanizmləri bir sıra hallarda biznesi nəinki təşviq etmir, hətta onun inkişafı qarşısında maneəyə çevrilir».

Müəllif vurğulayıb ki, Beynəlxalq «Doing Business» hesabatlarında Azərbaycanın yeri ildən-ilə yaxşılaşır. Amma onun fikrincə, realıq heç də bu hesabatla tam üst-üstə düşmür: «İnvestisiya qoyuluşları gözlənilən səviyyədə deyil. Xüsusilə də qeyri-neft sektoruna investisiyaları çox çətinliklə cəlb etmək mümkün olur. Bu da onun göstəricisidir ki, Azərbaycanda qanunvericilik normal olsa da, onun tətbiqi sahəsində ciddi problemlər var. Müəyyən qruplar qanunların icrasını sabotaj edir, maneələr yaradırlar. Yəni, əslində reallıq hesabatlardakı kimi deyil. Buna görə də vətəndaşlarımız Türkiyəyə, digər ölkələrə axışırlar».

İ.Əliyev Bakı metrosu üçün yeni qatarlara baxır
İ.Əliyev Bakı metrosu üçün yeni qatarlara baxır

«Sürəkli inkişafın çətin...»

«Azərbaycan» qəzetində «Sürəkli inkişafın çətin və şərəfli yollarında» sərlövhəli yazı dərc edilib. Yazıda Bakı metrosunun fəaliyyəti və bu sahədə görülün işlər dəyərləndirilir.

Müəllif xatırladıb ki, 1967-ci il noyabrın 7-də Yaxın Şərqdə ilk, keçmiş SSRİ məkanında 5-ci olan Bakı metropoliteninin fəaliyyətə başlamasının 51 ili tamam olur.

Yazıda qeyd edilir ki, Bakı metrosunun tikintisində Heydər Əliyevin böyük rolu olub: «Metronun bir çox stansiyalarının fəaliyyətə başlaması H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə düşür. Belə ki, hazırda 36.6 km-ə bərabər olan yeraltı xətlərin 22.3 kilometri ulu öndərin rəhbərliyi altında tikilib».

Yazıda hazırda həmin işləri prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Müəllifin fikrincə, «Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi» adlı dövlət proqramının qəbul edilməsi yeni xətlərin tikintisi və istismar sahəsində quruculuq işlərinin əsasını qoyub: «Konseptual inkişaf sxeminə uyğun olaraq Bakı metrosunda 84 kilometr yolun, 51 yeni stansiyanın tikintisi nəzərdə tutulurdu. Onlardan ikisi - 2016-cı il aprelin 16-da müstəqillik illərinin ilk xətti - bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyalarıdır. Onların davamı kimi layihədə adı «B-3» kimi qeyd edilən stansiyada bu günlər avadanlıqlar quraşdırılır, stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır...».

Müəllif habelə vurğulayır ki, yeni inkişaf dövründə - 2008-2011-ci illərdə bir çox stansiyaların ikinci çıxışları istifadəyə verilib, bəzilərində yenidənqurma işləri aparılıb.

XS
SM
MD
LG