Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Trump deyir ki, Parisdə Putinlə ‘bəlkə də’ görüşmədi


Donald Trump (solda) və Vladimir Putin Helsinki sammitində, 16 iyul, 2018-ci il
Donald Trump (solda) və Vladimir Putin Helsinki sammitində, 16 iyul, 2018-ci il

ABŞ prezidenti Donald Trump deyib ki, bu həftənin sonunda Fransa paytaxtına səfəri zamanı orada Rusiya lideri Vladimir Putinlə “bəlkə də” görüşməyəcək.

Trump noyabrın 5-də deyib: “Biz hələlik heç nəyi qərarlaşdırmamışıq. Biz bilmirik ki, ora bu görüş üçün nə dərəcədə münasib yerdir. Mən Parisə başqa səbəblərə görə gedirəm. Mən əmin deyiləm ki, bizim Parisdə görüşümüz olacaq. Bəlkə də olmayacaq”.

Trump və Putin Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının noyabrın 11-də keçiriləcək 100 illik mərasiminə dəvətlidirlər.

Lakin Vaşinqton və Moskva arasında Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə, Suriya və Ukrayna münaqişələrindəki roluna, ABŞ və Avropa seçkilərinə iddia edilən müdaxiləsinə, habelə İngiltərədə ikili agentin zəhərlənməsinə görə gərginlik davam edir.

Putinin sözçüsü Dmitry Peskov deyib ki, Parisdəki tədbirlərin çoxprofilli formatı əhəmiyyətli görüşlərin keçirilməsinə imkan verməyəcək, amma Rusiya və ABŞ prezidentlərinin “ayaqüstü” görüşü olacaq və onlar bu zaman bundan sonrakı rəsmi görüşləri barədə qərar qəbul edəcəklər.

Trump deyib ki, o, Putinlə G20 qrupunun noyabrın 30-u, dekabrın 1-də Argentinada keçiriləcək sammitində görüşəcək:

“Yəqin ki, ondan sonra görüşlərimiz olacaq, bəlkə də çox sayda görüşlərimiz olacaq”.

İki liderin ötən iyulda Helsinkidə keçirilmiş son sammitindən sonra Trump öz ölkəsində kəskin tənqidlərə məruz qalmışdı.

Həmin görüş zamanı Trump demişdi ki, Putinin Rusiyanın ABŞ seçkisinə müdaxilə etmədiyinə dair bəyanatlarına inanır.

Bu, ABŞ kəşfiyyat orqanlarının Moskvanın 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsinə dair qiymətləndirməsinə tamamilə zidd mövqe idi.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Prezidenti Donald Trump-ın bu həftə Parisdə həm rusiyalı həmkarı Vladimir Putin, həm də Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla görüşəcəyi gözlənir.

Dünya liderləri Fransaya 1-ci Dünya müharibəsinin başa çatmasının 100 illiyini qeyd etməkdən ötrü yığışırlar.

“The Guardian” qəzeti yazır ki, Trump-ın bu ikitərəfli görüşlərinə sabah – noyabrın 6-da ABŞ-da keçiriləcək konqres seçkiləri də rəng qatacaq. Üstəlik, elə həmin gün Vaşinqton Britaniya torpağında kimyəvi silaha əl atdığına görə Rusiyaya iqtisadi sanksiyaları dərinləşdirməklə bağlı qərar verməlidir.

Konqresin qəbul edəcəyi bu sərt sanksiyaların görüşün ruhuna “soğan doğrayacağı” şəksizdir. Hələ bunsuz da ikitərəfli münasibətlərdə gərginlik hökm sürür, axı, Birləşmiş Ştatlar nüvə silahlarına nəzarət sazişindən çıxmağa qərar verib.

SURİYA, İRANA SANKSİYALAR

Qəzet yazır ki, Trump-Putin görüşünün əsas mövzusu Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsini bitirmək, həmçinin İran neftinin idxalçılarına bu gündən – noyabrın 5-dən qoyulan sanksiyalar olacaq.

Donald Trump (solda) və Recep Tayyip Erdoğan
Donald Trump (solda) və Recep Tayyip Erdoğan

Vaşinqton Putin-Trump görüşünün qısa olacağını, amma iyulda Helsinkidəki ilk sammit kimi ziddiyyətli olmayacağını proqnozlaşdırır. Amma hər iki şəxsin hərəkətini proqnozlaşdırmq çətindir və üstəlik, Trump konqres seçkilərini udduğunu görsə, Rusiyayla münasibətlərdə daha sərbəst davrana bilər.

Türkiyə “Washington Post”un köşə yazarı Jamal Khashoggi-in öldürülməsində ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını ittiham edir. Bu ittihamlardan sonra ilk dəfədir ki, Trump Erdoğanla bir araya gəlir. Erdoğan Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanı birbaşa bu qətlin sifarişində suçlayır. Amerika isə ər-Riyada hər hansı sanksiya qoymaq üçün Səudiyyənin özünün apardığı daxili təhqiqatın nəticələrini gözləyir.

Gözlənir ki, Erdoğan da Trump-la görüşündə əsas diqqəti Suriyanın şimalındakı İdlib vilayətində atəşkəsin qorunmasına, kürd qruplara qarşı birgə əməliyyatlara ayıracaq.

Paris Sülh Forumunu Almaniya kansleri Angela Merkelin açacağı gözlənir. O, 2021-ci ildə kansler postundan gedəcəyini açıqlayıb.

Merkel-dən sonra forumda BMT-nin Baş katibi António Guterres-in çıxış edəcəyi, çoxtərəfli münasibətlərdə islahatlara çağıracağı gözlənir.

XS
SM
MD
LG