Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Səudiyyənin boş neft hədələri – Qərb mediası


Səudiyyə Ərəbistanı, arxiv fotosu
Səudiyyə Ərəbistanı, arxiv fotosu

“Washington Post”un yazarı olan ABŞ rezidenti Jamal Khashoggi-nin həyasızcasına qətli Birləşmiş Ştatlar siyasətində nadir reaksiyanı – hər iki partiyanın konsensusunu ortaya qoyub. Həm respublikaçılar, həm də demokratlar Səudiyyə Ərəbistanını İstanbuldakı bu əməliyyata görə pisləyir, hakimiyyəti Səudiyyəyə sanksiya tətbiq etməyə çağırırlar. “Foreign Affairs” dərgisində Andrew Miller və Sahar Nowrouzzadeh yazırlar ki, Trump administrasiyası isə indiyədək təmkinli reaksiya sərgiləyib, vəliəhd şahzadə Mohammed bin Salman-ın baş verənlərə görə cavab verəcəyini elə də hiss elətdirməyib.

Administrasiya rəsmiləri guya krallığa aşırı təzyiq göstərilməsindən narahatdırlar, “neft bazarının pozulmasının önlənməsində Səudiyyənin köməyindən məhrum olmaqdan” çəkinirlər. Axı, Trump administrasiyası noyabrın 5-dən İrandan azalacaq neft təchizatını Səudiyyənin kompensasiya edəcəyinə bel bağlayır.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

Məlumatlara görə, ABŞ rəsmiləri ehtiyatlanırlar ki, Səuydiyyə inciyər və neft hasilatını artırmaqdan imtina edər.

Səudiyyə Ərəbistanının ‘neft silahı’na əl atması Birləşmiş Ştatlar və qlobal iqtisadiyyatlara qısamüddətli ziyan vura bilər, amma orta və uzun müddətə Səudiyyənin öz iqtisadiyyatına daha çox mənfi təsir göstərər. Bunun səbəbi heç də ABŞ-ın enerji müstəqilliyi əldə etməsi deyil. Səudiyyənin qlobal neft bazarına təsiri davamlı şəkildə düşməkdədir. Neftin daha da bahalanması bahalı enerji istehsalçılarının üzünə əlverişli bazar açacaq, daha çox yanacaq istehsal edəcəklər. Sonucda həm neftin qiyməti düşəcək, həm də Səudiyyənin bazardakı payı ələ keçiriləcək. Yəni, Səudiyyə Ərəbistanı indikinə yaxın qiymətə neft satacaq, gəliri azalacaq. Krallığın gəlirləri onsuz da azalıb, hökumət bəzi xidmətləri, gənclərə müavinətləri azaltmalı olub”, – müəlliflər yazırlar.

Konqres seçkiləri niyə əhəmiyyətlidir

Noyabrın 6-da Birləşmiş Ştatlarda konqres seçkiləri keçiriləcək. “The Economist” ölkənin son on illərdə ilk dəfə daha parçalanmış və qəzəbli durumda olduğunu yazır. Seçki kampaniyası zamanı siyasətçilər bir-birini dələduz, səfeh, xəyanətkar adlandırmaqdan çəkinməyiblər. Prezident Donald Trump-ın bir tərəfdaşı isə onun 14 opponentinə bomba göndərib. Yəhudi sinaqoqunda 11 dindar öldürülüb.

Donald Trump
Donald Trump

Zəhərli federal siyasət Amerikanın böyük zəifliyidir. Bu, immiqrasiyadan tutmuş rifaha qədər real məsələlərə diqqət ayrılmasını əngəlləyir. Konqres seçkiləri bu irinləməni dayandırmağa, hətta onu düzəltmək kimi çətin işə başlamağa bir fürsətdir”, – məqalədə deyilir.

Bu həqarəti cənab Trump başlamayıb. Amma ona hər kəs kimi böyük həvəslə qucaq açıb və özünəxas şəkildə dərinləşdirib. Bütün siyasətçilər yalan danışırlar. Cənab Trump isə bunu həddən artıq edir. Washington Post hesablayıb ki, o, prezident andı içəndən 5 min dəfədən çox yalan danışıb. Onun yalanı o qədər həyasız və effektlidir ki, tərəfdarlarının çoxu onun sözünə tənqidçilərinin dediyindən daha çox inanırlar. Bu da cənab Trump-a sərf edir, çünki heç kəsə inam yoxsa, o, məsuliyyətə də cəlb edilə bilməz. Ancaq bu, Amerikanı fəlakətə aparır. Məntiqli debatda arqumentlər qalib gələ bilmirsə, demokratiya qüvvəsini itirir”, – məqalədə vurğulanır.

Seçkini demokratlar udarsa...

6 noyabr seçkisində demokratlar ABŞ Nümayəndələr Palatasında, yaxud Senatda üstünlüyü ələ alarsa, respublikaçı Donald Trump-ın prezidentliyinin hər bir aspekti dərhal araşdırılacaq – onun vergi hesabatlılığından tutmuş Rusiyayla biznes əlaqələrinə və maraqlar toqquşmasına qədər. Bu haqda “Reuters” agentliyi yazır.

Seçki yürüşü
Seçki yürüşü

Rəy sorğuları göstərir ki, demokratlar Nümayəndələr Palatasında üstünlüyü ələ ala, Senatda çoxluğu isə əldə saxlaya bilərlər. Agentlikdə konqresdə yardımçılarla müsahibələrə əsasən yazır ki, seçkidən sonra təhqiqat komitələri fəallaşa bilər.

Palatada, yaxud Senatdakı çoxluq partiyası təhqiqatlar üçün azlıq partiyasından daha çox pul və işçi əldə edir. Əsas komitələrə nəzarətin aparıcı demokratlara keçəcəyi gözlənir. Hələlik, Trump-la bağlı araşdırmaları mərkəzləşdirəcək xüsusi müvəqqəti komitənin yaradılmasına dair plan yoxdur.

İkinci addım təhqiqatların miqyasının və sıralamasının müəyyənləşdirilməsi olacaq.

İndilik, impiçmentin gündəmdə olmadığı bildirilir. Demokratların liderləri aydın şəkildə bildiriblər ki, azından xüsusi prokuror Robert Muellerin istintaqının nəticəsi bəlli olmayanadək Trump-ın impiçmenti məsələsini qaldırmayacaqlar. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsi və Trump seçki kampaniyasının Moskvayla əlbirliyi iddialarını araşdırır.

Demokratlar həm də Trump-ın vergi hesabatlarını əldə etməyə çalışacaqlar. Trump ölkənin son prezidentlərin adətinin əksinə gedərək, vergi hesabatlarını açıqlamaqdan imtina edir.

XS
SM
MD
LG