Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

Vaqif Səmədoğlu 'ata mənimdır, mən istəmirəm...' deyəndə-Media icmalı


Manat
Manat

Ölkədə sosial infrastrukturun yenilənməsi, dövlət ehtiyatlarının xərclənməsində qanunvericiliyin tələblərinin gözlənilməməsi, dövlət himinin ətrafında yeni təkliflər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Dövlət ehtiyatı necə xərclənir

Azadliq.info saytında «Maliyyə Nazirliyi qorumalı olduğu pulu borc paylayır» sərlövhəli yazı oxumaq olar.

Müəllif, iqtisadçı Rövşən Ağayev bildirib ki, Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Bu, Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 mlrd. dollara yaxın valyuta aktivləridir.

Yazıda vurğulandığına görə, daha bir mənbə Maliyyə Nazirliyinin sərəncamında olan və 1.2 mlrd. dollara yaxınlaşan ehtiyatlardır: ««Büdcə sistemi haqqında» Qanuna əsasən, cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür...».

Müəllifin bildirməsinə görə, bu ehtiyatların idarəçiliyi ilə bağlı hesabatlılıq çox məhduddur və Maliyyə Nazirliyinin saytında bu barədə, ümumiyyətlə, məlumat yoxdur.

Amma Hesablama Palatası bu istiqamətdə ilk dəfə informasiya açıqlayıb: «Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 mlrd. manatdır. Onun 981 mln. manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 mln. manatı isə Beynəlxalq Banka verilib. 163 mln. manatı «Kapital Bank»da yerləşdirilib».

Yazıda bildirilir ki, bu vəsaitdən qanunvericilikdə nəzərdə tutulmadığı halda il ərzində qaytarılmaq şərti ilə Dövlət Neft Şirkətinə və Dövlət Dəmiryoluna ssuda verilib.

Ekspert yazıb ki, Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsindən ötrü qaydalar qəbul edilib. Onun fikrincə, belə sistemin tətbiqinə Azərbaycanda da ehtiyac var.

İqtisadçı bildirib ki, son illər həcmi 1.5-2 milyarddan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3.4 milyon manat gəlir əldə edib...

F.Cəlilov
F.Cəlilov

Himnin ətrafında yenidən qızışan müzakirələr

Moderator.az saytında «Himnimizin qəbulunu hazırlayan komissiyanın sədrindən ilginc açıqlamalar» sərlövhəli yazı yer alır.

Müəllif dövlət himinin həcminin və bəzi sözlərinin dəyişdirilməsi barədə deputat Tahir Kərimlinin açıqlaması ətrafında yaranan müzakirələrlə bağlı türkoloq, keçmiş təhsil naziri Firudin Cəlilovla söhbətləşib.

F.Cəlilov 1992-ci ildə dövlət himninin necə qəbul olunmasını sayta belə izah edib: «Son günlər himn üzərində gedən dartışmalara onu hazırlayıb parlamentdə qəbul etdirən komissiyanın sədri kimi aydınlıq gətirmək istəyirəm. Biz Müstəqillik aktını qəbul edəndə quracağımız dövlətin Azərbaycan Cümhuriyyətinin varisi olduğunu bəyan etmişik. Ona görə də, onun dövlət atributlarını bərpa etməli idik».

Keçmiş komissiya sədrinin sözlərinə görə, o zaman himn məsələsinə iki baxış olub. Onun deməsinə görə, kommunist deputatlar təklif ediblər ki, sözləri Səməd Vurğunun olduğu sovet Azərbaycanının himni saxlanılsın. Yalnız oradakı «partiyamızdır» sözünün dəyişdirilməsi təklif edilib.

F.Cəlilov deyir ki, buna S.Vurğunun oğlu Vaqif Səmədoğlu da razılıq verməyib: «İclasa dəvət etdiyim Vaqif Səmədoğlu «ata mənimdır, mən istəmirəm onun yazdığı himni saxlayaq» deyəndən sonra kommunistlər geri çəkildi. Qərara aldıq ki, Əhməd Cavadla Üzeyir Hacıbəyovun yazdığı Cümhuriyyət himnini qəbul edək».

Keçmiş komissiya sədri deyib ki, onda da himni bir az qısaltmaq və bir-iki sözü dəyişməkdən ötrü tanınmış bəstəkarları müzakirəyə dəvət ediblər. Amma sonra ilkin variant saxlanıb.

İ.Əliyev yeni məktəbin açılışında
İ.Əliyev yeni məktəbin açılışında

İlham Əliyevin sosial siyasəti

«Azərbaycan» qəzetində «İlham Əliyevin sosial siyasəti bütün əhali qruplarını əhatə edir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ötən 15 ildə ölkədə sosial infrastruktur əhəmiyyətli dərəcədə yenilənib: «Ölkə rəhbəri İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür...».

Müəllifə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri də keçmişdən qalan infrastrukturun bərpası və yeni infrastruktur layihələrin həyata keçirilməsi olur: «Məsələn, son 15 ildə Azərbaycanda 640-dan çox xəstəxana, diaqnostika mərkəzi, ambulatoriya tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib, 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb. Abşeron, Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir. Bu illər ərzində Azərbaycanda 3100-dən çox məktəb tikilib və əsaslı təmir edilib...».

Müəllif vurğulayıb ki, bütün bunlarla yanaşı, son 15 ildə (indiki prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-r) bölgələrdə 43 olimpiya idman mərkəzi yaradılıb.

Müəllif daha sonra da yazıb: «Gələn ilin dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən infrastruktur layihələrinin maliyyə təminatı nəzərə alınıb. Bu sırada sosial infrastrukturun inkişafı məsələləri də diqqətdə saxlanılıb».

XS
SM
MD
LG