Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

Jurnalistin cəsədi 'əridilib'


Jamal Khashoggi nişanlısı ilə konsulluq qarşısında
Jamal Khashoggi nişanlısı ilə konsulluq qarşısında

Jurnalist Jamal Khashoggi İstanbuldakı konsulluqda qətlə yetiriləndən sonra cəsədi “əridilib”. Bunu “Frans Pres” agentliyi Türkiyə rəsmisinə istinadla yazır. Mərhum yazarın nişanlısı isə Birləşmiş Ştatların reaksiyasını “mənəvi təməldən məhrum” adlandırıb.

Türkiyənin baş prokuroru çərşənbə günü demişdi ki, Khashoggi oktyabrın 2-də konsulluğa girən kimi boğulub, onun cəsədi hissələrə ayrılıb və məhv edilib.

“Onun cəsədini təkcə parçalamayıblar, onu əritməklə canlarını qurtarıblar”, – Türkiyənin hakim partiyasının rəsmisi Yasin Aktay bu gün – noyabrın 2-də “Hurriyet” qəzetinə bildirib.

Bundan öncə Türkiyədən bir rəsmi “Washington Post ”a demişdi ki, hakimiyyət onun cəsədinin turşuda məhv edilməsi nəzəriyyəsini araşdırır.

“Aldığımız son informasiyaya görə, cəsədi ona görə hissələrə doğrayıblar ki, onu rahatca əridə bilsinlər”, – Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın müşaviri olan Aktay vurğulayıb.

Onlar cəsəddən heç bir əlamət qalmamasına əmin olmaq istəyiblər”, – o, sözlərinə əlavə edib.

Hatice Cengiz konsulluq qarşısında
Hatice Cengiz konsulluq qarşısında

Khashoggi-nin nişanlısı Hatice Cengiz isə jurnalistin cəsədinin başına gətirilənləri “qəddar, barbar, insafsız” davranış adlandırıb.

“İndi günahkarları məsuliyyətə cəlb etmək dünya ictimaiyyətinin vəzifəsidir. Birləşmiş Ştatlar bu işə rəhbərlik etməlidir”, – Cengiz bu gün “Washington Post”, “The Guardian” və digər mətbu orqanlarda dərc olunmuş rəydə yazır.

Trump administrasiyasının tutduğu mövqenin mənəvi təməli yoxdur”, – o yazıb.

***

ABŞ jurnalistin qətlinə ‘bir neçə həftəyə’ reaksiya verəcək

Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo noyabrın 1-də deyib ki, “bir neçə həftəyə” səudiyyəli jurnalistin İstanbuldakı konsulluqda öldürülməsinə görə sanksiya tətbiq etmək üçün ABŞ-ın əlində yetərincə dəlil olacaq.

Mike Pompeo
Mike Pompeo

Səudiyyəli yazar Jamal Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Pompeo KMOX radiosuna müsahibəsində deyib ki, Prezident Donald Trump Vaşinqtonun bu qətlə reaksiya verəcəyini aydın şəkildə bildirib. Onun sözlərinə görə, administrasiya “qətldə əli olduğunu indiyədək müyyənləşdirə bildiyimiz şəxslərə sanksiyaları nəzərdən keçirir”.

“Həmin sanksiyaların qoymaqdan ötrü bir neçə həftəyə əlimizdə yetərincə dəlil olacaq, məncə, onu əldə edəcəyik”, – Pompeo vurğulayıb.

“Faktları tapmağa çalışırıq. Prezident deyib ki, bu dəhşətli cinayətdə əli olanlardan hesabat tələb edəcəyik”, – dövlət katibi söyləyib.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

“STRATEJİ MÜNASİBƏTİ QORUMAĞA ÇALIŞIRIQ”

Birləşmiş Ştatların Khashoggi-nin qətlində güzəştə getməyən diplomat qeyd edib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə “dərin və uzunmüddətli strateji münasibətləri” var və “bu münasibətlərə xələl gəlməsini istəmirik”.

Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat naziri Şahzadə Turki bin Faisal al Saud çərşənbə günü deyib ki, jurnalistin qətlindən dolayı Birləşmiş Ştatlarda Səudiyyənin qaralanması iki ölkənin strateji münasibətlərini pozmaq təhlükəsi yaradır.

“Birləşmiş Ştatlarla strateji münasibəti dəyərləndiririr, onu qorumağa çalışırıq. Ümid edirik, Birləşmiş Ştatlar da buna oxşar qarşılıq verəcək”, – kral ailəsinin üzvü olan Şahzadə Turki ABŞ-Ərəb Münasibətləri Milli Şurasında deyib.

Birləşmiş Ştatlarda yaşayan, “Washington Post”da köşə yazıları ilə çıxış edən Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluğa girəndən onu görən olmayıb. Ər-Riyad əvvəlcə jurnalistin yoxa çıxmasında əli olmadığını deyirdi, sonradan jurnalistin qətlində şübhəli bilinən 18 nəfərin saxlandığını açıqladı.

Səudiyyə Ərəbistanı həmin şəxslərin krallıqda mühakimə olunacağını bildirir. Ankara isə dəfələrlə onların Türkiyəyə təhvil verilməsinə çağırıb.

Türkiyə tərəfi dünən – noyabrın 1-də bir da Səudiyyəyə müraciət edərək jurnalistin cəsədinin yerini açıqlamağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG