Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Putinin populyarlığının azalması təhlükəlidir – Qərb mediası


Rusiyada suvenir mağazası
Rusiyada suvenir mağazası

“Rusiyada orta həyat səviyyəsi düşdükcə ölkənin böyüklüyünə dair iddialar əhaliyə boş vədlər kimi gəlir. Ancaq Vladimir Putinin 18 illik hakimiyyəti bizə nəsə öyrədibsə, onun reytinqinin azalmasının heç kəsə yaxşı bir şey vəd etmədiyini bilməliyik”. “The Project Syndicate” portalında Tikhon Dzyadko belə yazır.

Cəmi yeddi ay öncə Putin dördüncü müddətə prezident seçildi, onun səslərin 77%-ni topladığı açıqlandı. Ancaq Rusiyanın İctimai Rəy Araşdırma Mərkəzinin apardığı rəy sorğusuna görə, prezident seçkisi bu gün keçirilsəydi, Putin səslərin 47 faizini yığa bilərdi, yəni ikinci tura qalardı. Müəllif bu durumu Rusiya və dünya üçün təhlükəli hal sayır.

2013-cü ildə Putinin reytinqi indikindən də aşağı həddə düşmüşdü. Putin iriçaplı silahları işə saldı, əvvəlcə məcazi, sonra həqiqi mənada. 2014-cü ildə, rusiyalı atletlər Qış Olimpiadasında (dövlətin himayə etdiyi dopinq sisteminin köməyilə) təsirli oyun sərgilədilər. Bundan sonra Rusiya Ukrayna ərazisinə girərək Krımı ilhaq etdi. Dövlət mediasının iddiasına görə, Putin Rusiyanın böyüklüyünün bərpası vədini yerinə yetirirdi.

Putinə dəstək reytinqi 85%-ə yüksəldi. Mağazalar onun şəkli olan, “Krıma görə çox sağ ol” sözləri yazılmış qısaqol köynəklərlə doldu. Rusiyalıların mütləq əksəriyyəti üçün Putinin hakimiyyəti mübahisə yeri qoymurdu. Onların prezidenti hansısa siyasəti, yaxud qərarı dəstəkləyirdisə, rusiyalılar da bunu həvəslə qəbul edirdilər”, – müəllif yazır və Putinin Çar 2-ci Nikoyalın dövründə daxili işlər naziri kimi çalışmış Vyacheslav Konstantinovich von Plehve-mim məsləhətinə əməl etdiyini vurğulayır: “İnqilabı önləməkdən ötrü kiçik müharibədə qalib gəlmək lazımdır”.

Vladimir Putin Kremldə almaniyalı biznesmenlərlə görüşdə, 1 noyabr, 2018-ci il
Vladimir Putin Kremldə almaniyalı biznesmenlərlə görüşdə, 1 noyabr, 2018-ci il

Amma Putinin kiçik qələbəsinin onun mövqeyini gücləndirməsinə, narazıları susdurmasına baxmayaraq, bunun uzunmüddətli fəsadları ağır olub. Qərb Krımın ilhaqına görə sərt sanksiyalar tətbiq etdi”, – məqalədə deyilir.

ABŞ-İran rəqabətinin regional riskləri

Noyabrın 5-dən Birləşmiş Ştatlar İranın bank və enerji sektorlarına sanksiyaları bərpa edir və Tehrana “maksimum təzyiq” göstərməyə çalışır. Prezident Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu bəyan edib. Beynəlxalq Böhran Qrupunun vebsaytında Naysan Rafati iki ölkə arasındakı gərginliyin dərinləşməsinin regiona təsirsiz ötüşməyəcəyini yazır.

Donald Trump (solda) və İran Prezidenti Hassan Rohani
Donald Trump (solda) və İran Prezidenti Hassan Rohani

Hazırda nə Vaşinqton, nə də Tehran bir-birini birbaşa hərbi müstəviyə çəkməyə çalışır. Ancaq regionda ABŞ-İran ədavətinin qızışdırdığı saysız qaynar nöqtələr var, Fars Körfəzindən tutmuş Aralıq dənizi regionuna qədər... Bəzi ən pis ssenarilərin qarşısı alınıb, məsələn Suriya rejiminin ölkənin cənub-qərbinə nəzarəti ələ alması İsrail-İran qarşıdurmasına çevrilmədi. Amma gələn aylar ərzində narahatlıq doğuran mənbələr az deyil”, – müəllif vurğulayır.

Birinci ssenari tərəflərin tədrici eskalasiyaya getməsidir. Ancaq ikinci halda yerli oyunçuların hərəkətləri onları dəstəkləyənləri qəsdən, yaxud bilməyərəkdən toqquşmaya sürükləyə bilər. Axı, Birləşmiş Ştatların regiondakı müttəfiqləri İrana qarşı öz kampaniyalarını aparırlar. Səudiyyə Ərəbistanı Yəməndə şiəməzhəb husi yaraqlılarla savaşır. İsrailsə Tehranın Suriyada möhkəmlənməsi səylərinə qarşı çıxır. Müəllif qeyd edir ki, İranın dəstəklədiyi qüvvələrlə ABŞ müttəfiqləri arasında gələcək ədavət heç bir tərəfin istəmədiyi eskalasiyaya yol aça bilər.

Ola bilsin, Vaşinqton ümid edir ki, təzyiq kampaniyası İslam Respublikasında çat yaradacaq. Amma risk ondadır ki, onların qarşıdurması regiondakı çatı daha da dərinləşdirə bilər”, – məqalədə deyilir.

Trump və səudiyyəlilərin Khashoggi çək-çeviri

“The Washington Post” qəzetində Ishaan Tharoor səudiyyəli jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda öldürülməsinə dair tərəflərin verdiyi bəyanatlardan yazır. Türkiyənin aparıcı rəsmilərinin deməsinə görə, “Səudiyyə rəsmilərini ən çox Türkiyə hakimiyyətinin əlində jurnalistin qətlinə dair hansı dəlilin olması maraqlandırır”.

Mohammed bin Salman (sağda) və ABŞ-ın maliyyə naziri Steven Mnuchin
Mohammed bin Salman (sağda) və ABŞ-ın maliyyə naziri Steven Mnuchin

Türkiyə tərəf jurnalistin konsulluğa girən kimi boğulduğunu, cəsədinin hissələrə parçalandığını bəyan edib. Səudiyyə həftələrlə qarışıq bəyanat verəndən sonra yazarın öldürüldüyünü təsdiqləyib.

Müəllif yazır ki, Ağ ev vəliəhd şahzadə Mohammed bin Salmanı dəstəkləməyə çalışsa da, Vaşinqtonun qalan hissəsində münasibət fərqlidir. Bir sıra tanınmış lobbi şirkətləri Səudiyyə ilə kontraktlarını ləğv ediblər. Bir qrup respublikası senator Ağ evi ABŞ-Səudiyyə mülki nüvə sazişi danışıqlarını dayandırmağa çağırıb.

Səudiyyə Ərəbistanının müttəfiqləri və müştəriləri Şahzadə Mohammedi ayaqlamağın təhlükəsini anlayırlar. Şahzadəni dəstəkləyənlər sədaqətə görə mükafat alacaqlarına ümid edirlər, axı, o, özünü Səudiyyə Ərəbistanının növbəti kralı kimi tanıdıb”, – Nyu York Universitetinin professoru Mohamad Bazzi deyib.

Ancaq Khashoggi böhranı vəliəhd şahzadənin mövqeyini sual altına salıb... O, hakimiyyətdəki mövqeyinə kral ailəsindəki rəqiblərinin qəddarcasına kənarlaşdırılması, həbsi ilə nail olub, onların içində Vaşinqtondakı dairələrdə yaxşı tanınan şahzadələr də var. İndi onun atasına, yaşlanmış Kral Salmana təzyiq göstərirlər ki, oğlunu idarə eləsin.

İndi sual odur ki, Kral Salman Mohammedi-in səlahiyyətini məhdudlaşdırmaq qərarı verəcəkmi, azından özünü belə göstərəcəkmi”, – yazan müəllif qeyd edir ki, kralın həbs qorxusundan xaricdə yaşayan kiçik qardaşlarından birinin qayıtması barədə xəbərlər yayılıb. Bu da belə bir nəzəri ssenariyə yol açıb ki, vəliəhd şahzadə hakimiyyəti özündən yaşlı qohumuyla paylaşa bilər və həmin qohum da krallığa beynəlxalq inamın bərpasına çalışar.

XS
SM
MD
LG