Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:40

'Dünya Ticarət Təşkilatına üzv olmayan ölkədə 32 pillə...'-Media icmalı


Q,İbadoğlu
Q,İbadoğlu

Dünya Bankının «Doing Business 2019» hesabatı, deputatlarla bağlı qanunvericiliyə edilən bəzi dəyişikliklərdən narazılıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İqtisadçının şübhələri

Azadliq.info saytında «Kimə inanmalı?» sualı gündəmə daşınır.

Sayt iqtisadçı-ekspert Qubad İbadoğlunun Dünya Bankının bu il oktyabrın 31-də yaydığı «Bizneslə məşğulluq» (Doing business) hesabatı ətrafında fikirlərinə yer verib.

Q.İbadoğlu yazıb ki, həmin hesabatda Azərbaycanın indeksi 32 pillə yaxşılaşıb, O, dünyanın 190 ölkəsi arasında 25-ci yerdə qərarlaşıb.

Hesabatda eyni zamanda elan edilib ki, Azərbaycan 10 islahatçı dövlət arasında birincidir, Türkiyə də ikinci.

«Bu zaman xatırladım ki, Əfqanıstan qanunların mükəmməlliyinə görə, dünya ölkələri arasında yuxarı yerdə olsa da, korrupsiya reytinqində dünyanın 180 dövləti arasında 177-dir. Azərbaycana gəlincə, ölkə korrupsiyalaşmış ölkələr atasında 122-ci yerdədir», - deyə Q.İbadoğlu yazıb.

Ekspertin habelə vurğulamasına görə, Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı hesabatda isə qeyd edilib ki, Azərbaycan iqtisadi azadlıq reytinqində dünyanın 180 ölkəsi arasında 106-cı yerdə qərarlaşıb: «Bu reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi, məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır».

İqtisadçı bir sıra beynəlxalq və o cümlədən Dünya Bankının başqa hesabatlarına da toxunaraq daha sonra yazıb: «Görəsən, «Bizneslə məşğulluq» (Doing business) hesabatını hazırlayanlar başqa institutların olmasa da, Dünya Bankı İnstitutunun hazırladığı «Çoxölçülü Bağlantı İndeksi», Ümumdünya Hesabatlıq İndikatorları hesabatlarını oxuyurmu? Çox qəribədir. Dünya Ticarət Təşkilatına üzv olmayan, Dərinləşdirilmiş və Hərtərəfli ticarət sazişinə imza atmayan ölkə necə ola bilər ki, birdən birə 32 pillə «yuxarı dırmaşıb», ilk 25-də yer alsın?..».

İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında
İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında

«Ən islahatçı prezident»

«Azərbaycan» qəzetində dərc edilən «Ən islahatçı prezident, ən islahatçı dövlət» sərlövhəli yazıda isə Dünya Bankının «Doing Business 2019» hesabatına hər hansı şübhə bəslənilmir. Müəllif əksinə, bunu görülən işlərin, aparılan islahatların təsdiqi kimi dəyərləndirir: «…Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq 8 sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib».

Müəllif xatırladır ki, «Doing Business» hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi baxımından dünyada ən etibarlı reytinq göstəricisi sayılır.

Yazıda qeyd edilir ki, milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini möhkəmləndirir. Müəllifin fikrincə, Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir: «Başqa sözlə desək, prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq, ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır».

Yazının sonunda da oxuyuruq: «Həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, növbəti illərdə açıqlanacaq beynəlxalq hesabatlarda ölkəmizin mövqeyi daha da yaxşılaşacaq, Azərbaycan liderliyini qoruyub saxlayacaq».

V.Əhmədov
V.Əhmədov

Deputat: «Bəs seçicilər?»

Modern.az saytında «Vahid Əhmədov deputatlarla bağlı dəyişiklikləri pislədi» sərlövhəli yazı yer alır.

Müəllif «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» və başqa oxşar qanunlara dəyişikliklər edilməsi ilə bağlı hazırlanan layihələr ətrafında deputat Vahid Əhmədovla söhbətləşib.

Milli Məclisin bundan əvvəlki iclasında bəzi deputatlar həmin layihələrlə bağlı onların səlahiyyətlərinin azaldılmasından şikayətlənmişdilər.

«Mən həmin iclasda iştirak etməmişəm, ancaq ikinci oxunuşda yəqin ki, bu barədə öz sözümü deyəcəm. Bilmirəm ki, bu qanun layihəsi haradan gəlir, kim bunu idarə edir, kimin istəyidir. Əvvəla, millət vəkilini xalq seçir. Əgər bu gün Milli Məclisdə 119 nəfər millət vəkili varsa, onların hər biri Azərbaycan prezidenti İlham Əliyevin siyasətini tam dəstəkləyir. Bununla bağlı heç bir problem yoxdur. Ona görə də millət vəkillərinə qarşı atılan bu cür addımları qeyri-qanuni hesab edirəm», - deyə V.Əhmədov sayta bildirib.

V.Əhmədov hesab edir ki, belə qanun layihələri beynəlxalq ekspertizaya göndərilməli və oradan keçməlidir: «Necə yəni, millət vəkillərinin taleyini İntizam Komissiyasının 9-nəfərlik deputatı həll etməlidir? Bəs 40-45 min seçici nəyə lazımdır? Milli Məclis seçkili orqandır. Yəni, bu cür məhdudiyyətlərin qoyulması cəmiyyətdə də yaxşı qarşılanmır».

Deputat daha sonra deyib ki, Milli Məclis təyinatlı orqan deyil: «Azərbaycan sabit dövlətdir. Bu cür addımları atmağa nə gərəkirdi? Biz millət vəkillərini xalq seçir, axı Milli Məclis təyinatlı orqan deyil! Biz hüquqi və demokratik dövlət qurmuşuq. Bu dövlətin də bir qolu qanunverici orqandır. Yəni, qanunverici orqanın səlahiyyətlərini bu cür formada əlindən almaq və narazılıq yaratmaq əlbəttə ki, yolverilməzdir».

XS
SM
MD
LG