Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:50

'Uçot dərəcəsi dəyişir, banklar faizləri dəyişmir'-Media icmalı


X.Bahadır
X.Bahadır

Kənd təsərrüfatının vəziyyəti, uçot dərəcəsinin bankların kredit faizlərinə təsiri, Gürcüstanda prezident seçkisi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Saakaşvilinin qayıtması»

Azadliq.info saytında «Saakaşvili faktoru» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu günlər Gürcüstanda keçirilən prezident seçkisinin nəticələrinə toxunaraq (ikinci tura qalıb) bunu Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilinin qayıtması kimi dəyərləndirir. (İkinci tura qalan namizədlərdən biri Qriqol Vaşadze M.Saakaşviliyə yaxınlığı ilə seçilir).

«Gürcülər Saakaşvilidən sonrakı hakimiyyətlə demokratiya yolunda daha da irəliyə gedəcəklərini düşünürdülər. Ancaq bu hakimiyyət Gürcüstanı bir çox baxımdan gerilətdi: demokratiya-qanunçuluq gerilədi, ölkədə yenidən rüşvət almalarla bağlı söz-söhbət yayılmağa başladı», - deyə müəllif Xaliq Bahadır seçkinin nəticələri ilə bağlı dəyərləndirmələrini bölüşür.

Yazıda iddia edilir ki, Saakaşvili partiyasının üstünlüyünü Azərbaycanda bir çox insanlar böyük sevinclə qarşılamaqdadırlar. Müəllifin qeyd etməsinə görə, bu, sosial şəbəkələrdə özünü açıq göstərir.

Yazının sonunda da oxuyuruq: «P.S. Azərbaycanda yerli-dibli demokratiya olmadığı, buna görə gerçək seçkilər keçirilmədiyi üçün ilham Əliyev də, onun deputatları da çox düzgün olaraq özlərini xalqa borclu saymırlar!».

Ə.Məsimli
Ə.Məsimli

«Azərbaycanda bank sektorunun gələcəyi...»

Modern.az saytında ««Bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır» - Deputat yeni təkliflər hazırlayır» sərlövhəli yazı yer alır.

Yazıda bu günlər Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi və faiz dəhlizinin yuxarı həddinin 11.75, aşağı həddinin isə 7.75 faiz müəyyən edilməsi ilə bağlı deputat Əli Məsimlinin fikrilərinə yer verilib. O, açıqlamasında Mərkəzi Bankın uçot dərəcələrini aşağı salmasını müsbət hesab edir: «O nöqteyi-nəzərdən ki, Azərbaycanda inflyasiya 3 faizin altındadır. Ona görə də tədricən uçot dərəcələrinin aşağı salınmasını müsbət qiymətləndirirəm».

Amma Ə.Məsimli hesab edir ki, Mərkəzi Bankın uçot dərəcələrini yuxarı qaldırması və ya aşağı salmasının ölkədəki faiz dərəcələrinə heç bir təsiri olmur. Bu baxımdan deputat Azərbaycanı dünyada azsaylı ölkələrdən biri sayır: «Mərkəzi Bankın uçot dərəcələri aşağı olanda da bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır. Yuxarı olanda da. İqtisadiyyatın real sektoru ilə lazımı səviyyədə əlaqəsi yoxdur».

Deputat bank sektoru ilə bağlı yeni təkliflər layihəsi hazırladığını deyib.

«Azərbaycan banklarını neftdən kənar sahənin maliyyə təminatının dəstəkverici amilinə çevirmək üçün tamamilə başqa bir fəlsəfənin üzərində işləyirəm. Əgər həmin sistem köklü surətdə dəyişsə, banklar real sektora üz tutsa, eyni zamanda dollarla olan kreditlər problemi də insaflı şəkildə həll olunsa, o zaman Azərbaycanın maliyyə, bank sisteminin gələcəyi var. Ancaq sadaladığım məsələlər həll edilməsə, Azərbaycanda bank sektorunun yaxşı gələcəyi yoxdur», - deyə deputat vurğulayıb.

İ.Əliyev Sabirabadda pambıq tarlasında
İ.Əliyev Sabirabadda pambıq tarlasında

Nazir kənd təsərrüfatının uğurlarından yazır

AZƏRTAC saytında «Aqrar sahənin uğurları Azərbaycanın dinamik inkişafının nəticəsidir» sərlövhəli yazı dərc edilib.

Yazının müəllifi kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Yazıda bildirilir ki, bu gün, noyabrın 1-i kənd təsərrüfatı işçiləri günüdür.

Yazının girişində nazir 2003-cü ildən bəri (hazırkı prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən bəri-r) bu sahədə vəziyyəti dəyərləndirir: «Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib. İlk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5.8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2.7faiz artıb. Bir sözlə, dövlətimizin başçısının qeyd etdiyi kimi, «Biz kənd təsərrüfatının ardıcıl artımını görürük»».

Nazirin yazmasına görə, hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir: «Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb... Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək».

Nazir yazısının sonlarına doğru belə bir nəticə ortaya qoyur: «Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir...».

XS
SM
MD
LG