Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:34

bastainfo-nun şikayəti təmin edilməyib


M.Hacıbəyli

Bakı Apellyasiya Məhkəməsi müxalifyönlü bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılması ilə bağlı aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.

Məhkəmə bu gün, oktyabrın 31-də belə qərar verib.

Bu haqda AzadlıqRadiosuna saytın redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib.

bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılmasından verilən şikayətə daha əvvəl Bakı Şəhər 1 Saylı İnzibati-İqtisadi Məhkəməsində baxılmışdı. Həmin məhkəmə şikayəti mahiyyəti üzrə araşdırmaqdan imtina etmişdi. Apellyasiya şikayətində həmin qərarın qanunsuz olduğu qeyd edilərək, ləğv edilməsi istənmişdi.

M.Hacıbəylinin deməsinə görə, Bakı Apellyasiya Məhkəməsində şikayətə baxış zamanı o, çıxış edib, apellyasiya şikayətinin dəlillərini, tələblərini müdafiə edib.

Ancaq hakim Ülvi Mayılovun sədrlik etdiyi məhkəmə kollegiyası onları qəbul etməyib. Məhkəmə yekunda əvvəlki qərarı dəyişməz saxlayıb.

M.Hacıbəyli bununla razılaşmadıqlarını, qərarı aldıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.

bastainfo.com niyə bloklanmışdı

bastainfo.com saytı üç ay əvvəl bloklanıb.

İyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Orada bildirilib ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıblar.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Saytlar ittihamları qəbul etmirlər. Terrorda ittiham edilən Y.Səfərovdan isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra materiallar yaymaqda günahlandırılırdılar. Hərçənd, müdafiə tərəfi məhkəmədə iddianın əsasız olduğunu bəyan etmişdi. O vaxtdan ölkədə onlarla sayta giriş bloklanıb.

Multimedia

XS
SM
MD
LG