Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:15

İki vəkilin fəaliyyəti dayandırılıb


Vəkillər Kollegiyası

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha iki vəkilin fəaliyyətini dayandırıb.

Bu haqda Vəkillər Kollegiyasının (VK) bu gün, oktyabrın 30-da yaydığı məlumatda bildirilir.

Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin dünən, oktyabrın 29-da keçirilmiş iclasında qəbul edilib.

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 21 intizam icraatına baxdığı bildirilir.

Yayılan məlumata görə, yekunda müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla qanunvericiliyin tələbini pozduğuna görə bir vəkilin fəaliyyətinin 1 il müddətinə dayandırılmasına qərar verilib.

Vəkillə bağlı müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğu deyilən daha bir Kollegiya üzvünün isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Həmin vəkillərin adları açıqlanmır.

Kollegiya həmçinin, bir vəkilə töhmət, bir vəkilə də xəbərdarlıq edib.

12 iş üzrə pozuntu aşkar edilmədiyi, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılacağı bildirilir.

Vəkillər Kollegiyası bundan əvvəl - sentyabrdadörd vəkilin fəaliyyətinin dayandırılmasına qərar vermişdi.

Xatırlatma

Vəkillər Kollegiyasında son 1 ildə xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Y.İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

Bu il, eyni zamanda, Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərdən ötrü test imtahanı da keçirilib. Bu proses bir neçə il idi dayanmışdı. Hazırda ölkədə mindən çox vəkilin fəaliyyət göstərdiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG