Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Mərkəzi Bank uçot dərəcəsini endirib


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb. Qərarı bu gün, oktyabrın 30-da AMB-nin İdarə Heyəti verib.

AMB sədri Elman Rüstəmov həmin qərarla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, uçot dərəcəsi 10 faizdən 9.75 faizə endirilib. O vurğulayıb ki, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 faiz müəyyənləşdirilib.

E.Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımın cəlbediciliyini qoruyacaq və kredit faizinin azaldılmasından ötrü siqnal olacaq.

«Monetar vəziyyətin normallaşması inflyasiyanın proqnozlaşdırılan intervalından asılı olacaq», - E.Rüstəmov bildirib.

Konfransda ölkədə inflyasiya proseslərinin durumu barədə məlumat verilib. Bildirilib ki, son 3 ayda orta illik inflyasiyada azalma meyli davam edib.

«Bu ilin 9 ayında orta illik inflyasiya 2.6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb... Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir», - deyə E.Rüstəmov diqqətə çatdırıb.

Ölkədəki iqtisadi aktivliyə gəlincə, bildirilib ki, iqtisadi artım ardıcıl 4-cü rübdür ki, pozitiv zonadadır, ancaq o, potensialdan aşağıdır: ​«2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8 faiz olub. Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir».

Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini növbəti dəfə dekabrın sonunda müzakirə edəcək.

Xatırlatma

AMB İdarə Heyəti bundan əvvəl uçot dərəcəsini avqustda müzakirə etmişdi. Həmin vaxt uçot dərəcəsi dəyişdirilməmiş, 10 faiz səviyyəsində təsdiqlənmişdi. Faiz dəhlizinin yuxarı həddi 12, aşağı həddi isə 8 faiz səviyyəsində saxlanmışdı.

Daha öncə, iyunun 14-də isə AMB uçot dərəcəsini 11 faizdən 10-a endirmişdi. Faiz dəhlizinin yuxarı həddi 12, aşağı həddi isə 8 faiz müəyyən edilmişdi.

Multimedia

XS
SM
MD
LG