Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Bollivud kralı: Hindistan kinosunun yeni dövrü açılır


Hindistanın ulduz aktyorlarının şəkilləri. 2003
Hindistanın ulduz aktyorlarının şəkilləri. 2003

Bollivudun kassa kralı, tanınmış prodüser və rejissor Rackumar Hirani hesab edir ki, Hindistan kino sənayesi üçün yeni qızıl dövr başlayır. O bunu kinematoqrafçıların çərçivədən çıxaraq daha maraqlı hekayələri ekranlaşdırması ilə izah edir.

Hirani dünyaya səs salmış «3 səfeh» filmi də daxil olmaqla çox sayda Bollivud filminin yaradıcısıdır.

«Əvvəllər mövcud olan düşüncəyə görə, filmdə mütləq mahnılar olmalı idi. Hazırda isə adamlar tamamilə mövzu üzərində eksperiment aparırlar», – Hirani deyir.

O əlavə edib ki, hətta hələ də filmlərinə mahnılar daxil edən rejissorlar da, eyni zamanda, daha qaranlıq mövzuları araşdırır, bununla yanaşı, nəhəng kassa uğuru qazanırlar.

55 yaşlı Hiraninin son filmi «Sancay» Cənubi Koreyada keçirilən builki 23-cü Busan Beynəlxalq Film Festivalında təmsil olunub. Bu, Asiyada bu qəbildən ən böyük festivaldır.

Fərqli mövzular

«Sancay» real hekayə əsasında çəkilib. Film hind kino aktyoru Sancay Dattın ulduzunun parlaması və sönməsi haqdadır. S.Datt Bollivudun tanınmış simalarının ailəsində doğulub. (O, Azərbaycan tamaşaçısına da tanış olan məşhur aktrisa Nərgiz Dattın oğludur). Ancaq sonradan, 1993-cü ildə Mumbaidə baş vermiş terror hücumları ilə əlaqədə suçlu bilinərək həbs olunub.

Rejissor etiraf edir ki, qanqaraldıcı hekayəyə, baş qəhrəmanının narkotik qəbul etməsini göstərən səhnələrə görə bu film yetərincə riskli layihədir. Ancaq filmin kassa uğuru rejissoru inandırıb ki, tamaşaçı ekranda fərqli mövzular görmək istəyir.

«Sancay»ın gəliri 80 milyon dolları keçib. Bu, Bollivudun bütün dünyada uğur qazanmış filmləri arasında üçüncü yer deməkdir.

«Mən bu filmi çəkəndə hamı deyirdi ki, səhvə yol verirəm», – Hirani deyir.

Ancaq rejissor deyir ki, filmin ilk nümayişində Dattın özünün reaksiyasını görəndən sonra onun uğurlu olacağına inamı artıb. Datt 2016-cı ildə həbsdən azad edilib.

«O, filmi ekranlara çıxmasından üç gün öncə gördü, onu müşahidə edirdim. O ağlayırdı. Sonra da üç gün evdə oturub içib. O zaman bildim ki, film baş tutub», – Hirani deyir.

Rejissor və prodüser kimi Hirani müxtəlif janrlı filmlərlə kassa uğuruna imza atıb. Onların arasında «3 səfeh» (2009) kimi komediya filmləri də, «PiKey» (2014) kimi yadplanetlilər haqda fantastika filmi də, «Sonuncu raund» (2016) adlı idman draması da var.

2 milyard dolları keçib

Müşahidəçilər Hindistan kino sənayesinin 2018-ci ildə rekord gəlir əldə edəcəyini proqnozlaşdırırlar. Hind filmlərinin qazancı artıq bu ilin ilk rübünün yekununda 2.1 milyard dolları keçib.

Hindistan müxtəlif dillərdə ildə 1000-dən artıq film istehsal edir. Bu, Hollivuddan bir neçə yüz film daha artıq deməkdir. Bu filmlər get-gedə dünyaya daha çox çıxmağa başlayır.

Hiraninin «3 səfeh» adlı komediya filmi dünyada kassa uğuru əldə edib. Film beynəlxalq nümayişlərdən 30 milyon dollar qazanıb.

Rejissorun sözlərinə görə, uğurlu film yaratmaq üçün sehrli çubuq mövcud deyil.

«Sehrli formul olsaydı, hamı onu bölüşərdi. …Məncə, prinsiplərdən biri auditoriya üçün deyil, özün üçün film çəkməkdir. O zaman ən azı, bir adam onu bəyənəcək. Dünyanın nəyi bəyənəcəyini ayırd edə bilməzsən. Özünün yazdığın zarafatlara gülürsənsə, emosional səhnələrdə ağlayırsansa, o zaman ümid var ki, auditoriya da ağlayacaq», – Hirani deyib.

«Hər dəfə yeni filmə başlayanda quyu qazmağa başlayan kimi olursan. Nə tapacağın bəlli olmaz», – deyə o əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG