Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:38

Gürcüstanda seçkini müxalifət udarsa... – Qərb mediası


Bidzina Ivanishvili
Bidzina Ivanishvili

Suriyalıların vətənə qayıdışı; Avropa Birliyi ölkələri gələn ildən saat dəyişikliyinə son qoyacaqmı?

Gürcüstanda prezident seçkisinin ikinci raundu keçiriləcək və bu addım hakim partiyanın sonunu gətirə bilər. “Frans Pres” agentliyi yazır ki, təhlilçilər bu seçkinin nəticəsinin Gürcüstanın siyasi mənzərəsini kəskin dəyişəcəyini düşünürlər. Yəni milyarder Bidzina Ivanishvili-nin Gürcü Arzusu partiyasının hakimiyyətinə son qoyula bilər.

İkinci raundun dekabrın 2-dək keçiriləcəyi gözlənir. Oktyabrın 28-də hakim partiyanın dəstəklədiyi Salome Zurabishvili minimum 50 faiz səsi toplaya bilmədi. O, səslərin 38,64, müxalifət lideri Grigol Vashadze isə 37,74 faizini yığdı.

Vashadze-ni mühacirətdə yaşayan keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkatı və daha 10 qrup dəstəkləyir.

İkinci raundda isə müxalifət partiyalarının Vashadze-yə dəstək verəcəyi gözlənir.

Grigol Vashadze
Grigol Vashadze

Parlamentin keçmiş spikeri, müxalif namizəd David Bakradze 11 faiz səslə üçüncü yeri tutub və Vashadze-ni dəstəkləyib.

“Birinci raundun nəticələri göstərdi ki, gürcülər birpartiyalı sistemə qətiyyətlə yox dedilər”, – təhlilçi Gela Vasadze “Frans Pres” agentliyinə deyib.

“Gürcüstanda birpartiyalı idarəçilik erası bitib və bu, Gürcü Arzusunun dominasiyasının son dirənişidir”, – təhlilçi sözlərinə əlavə edib.

Müşahidəçilər bu prezident seçkisinə hakim partiyayla müxalifət arasında daha vacib parlament seçkisi öncəsi bir sınaq yarışması kimi baxırlar. Parlament seçkisi 2020-ci ilə planlaşdırılıb.

“Vashadze-nin prezident seçkisində qələbəsi – ki, bu indi xeyli mümkün görünür – müxalifətə parlament seçkisində böyük impuls verəcək”, – başqa bir siyasi təhlilçi Ghia Nodia deyib.

Vashadze vəd edib ki, prezident seçilərsə, növbədənkənar parlament seçkisinin keçirilməsinə çalışacaq.

Vashadze 2008-2012-ci illərdə Saakashvili-nin xarici işlər naziri olub.

Zurabishvili isə Fransanın bu ölkədəki keçmiş səfiridir. 1921-ci ildə Parisə köçmüş qaçqın ailəsində doğulub.

Hər iki namizəd Gürcüstana Avropa Birliyi və NATO-ya tam üzvlük yolunda rəhbərlik vəd edir.

Suriyalıların vətənə dönüşü

Suriyada irimiqyaslı münaqişə fraksiyalar arasında toqquşmalara keçdikcə yeddi ildən çoxdur gedən münaqişədən qaçmış milyonlarla suriyalının taleyi barədə suallar yaranır. “The Newsweek” dərgisində Tom O'Connor yazır ki, onlardan çoxunun geri dönmək fikri yoxdur amma vətəninə qayıdan suriyalıların da sayı artmaqdadır.

Suriyalılar, arxiv fotosu
Suriyalılar, arxiv fotosu

Ötən həftənin çərşənbə axşamı – oktyabrın 25-də onlarla suriyalı Livandan ölkəsinə daxil olub. Bu qaçqınların qayıtmasından ötrü Suriyanın Nəqliyyat Nazirliyi avtobuslar ayırır.

Ötən il Livandan 50 min qaçqın Suriyaya dönmüşdü. Bu da Suriya prezidenti Bashar al-Assadın “10-cu Qanun”u rəsmən geri çəkməsi sayəsində mümkün olub. Apreldə verilmiş həmin qanun hakimiyyətə müharibədən çıxmış ölkə boyunca yenidən inkişaf zonaları formalaşdırmaq səlahiyyəti verirdi. Tənqidçilərin fikrincə, bu qanun sayəsində prezident ölkədən çıxanları həmin ərazilərə buraxmaya bilərdi. İndi də bəziləri düşünür ki, hökumətin mülkiyyət hüquqları ilə manipulyasiya etmək metodları çoxdur. Di gəl, döyüşlərin səngiməsi Suriyanın bəzi yerlərində həyatın normal axına qayıtmasına şərait yaradıb.

Müxbir yazır ki, hökumət vaxtilə üsyançıların və cihadçıların əlində olmuş ərazilər üzərində nəzarəti bərpa etdikcə azı on minlərlə suriyalı ölkəsinə qayıdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (UNCHR) ötən ilin iyununda verdiyi məlumata görə, 2017-ci ilin ilk altı ayında 440 min məcburi köçkün evinə dönüb. 260 min qaçqının isə əsasən Türkiyədən spontan olaraq Suriyanın şimalına qayıtdığı bildirilirdi.

UNCHR-nin ötən ayın sonunda açıqladığı məlumatda deyilir ki, 2015-ci ildən bəri 108 minə yaxın “özü tərəfindən təşkil olunmuş qayıdış” qeydə alıb. Qurumun sözçüsü Salam Shahin-in deməsinə görə, 2017-ci ilin iyunundakı rəqəm “ya Türkiyədən müvəqqəti dönüşləri, ya da başqa bir hərəkatı əhatələyib”.

UNCHR-nin digər sözçüsü Andrej Mahecic “Newsweek”ə deyib ki, “bəzi adamlar qayıdır, amma ölkədə döyüşlərdən dolayı yeni daxili köçkünlük də buraya daxil ola bilər”.

AB ölkələri saat dəyişikliyini hələ də müzakirə edirlər

Avropa Birliyi ölkələri ildə iki dəfə saatların əqrəblərinin irəli-geri çəkilməsinin ləğvi ətrafında hələ də müzakirə aparırlar. AB onlara 2019-cu ildə saatların əqrəbini qabağa çəkməmək, bu dəyişikliyə son qoymaq təklifi verib. Bu haqda “Reuters” agentliyi yazır.

İllüstrativ foto
İllüstrativ foto

Ötən ay Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker gələn il Avropada saatları dəyişməmək planının ortada olduğunu açıqladı. Çünki milyonlarla adam arasında keçirilmiş rəy sorğusu on illərdir davam edən bu təcrübəyə son qoymaq istəyini üzə çıxarmışdı.

Hazırda AB-də altı aylıq prezidentliyi icra edən Avstriyanın nəqliyyat naziri Norbert Hofer oktyabrın 29-da jurnalistlərə deyib ki, 2019-cu il bu planı həyata keçirməyə çox tezdir.

Onun sözlərinə görə, Avstriya daimi qış, yaxud yay vaxtına 2021-ci ildə keçirilməsinə tərəfdardır. Məsələn, hava şirkətləri buna hazırlaşmağa 28 ay gərəkdiyini bildiriblər.

Hofer deyib ki, Avstriya bu dəyişikliyin vacibliyini anlayır, çünki araşdırmalar saat dəyişikliyinin insanlara və heyvanlara mənfi təsirini üzə çıxarıb və enerjiyə qənaət kimi ilkin hədəfinə nail olmayıb.

“Bir çox ölkələr saat dəyişikliyinə son qoyulmasına tərəfdardırlar. Üç ölkə buna skeptik yanaşır və sonucda fərqli zaman zonalarının yaranacağı sarıdan narahatlıq var”, – Hofer deyib.

Skeptiklər Britaniya, İsveç və Polşadır. Britaniya AB-dən martda çıxmalıdır, bundan sonra qurumda söz sahibi olmayacaq. Amma agentik yazır ki, AB nə qərar versə, London bunu gözardı edə bilməyəcək.

XS
SM
MD
LG