Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:37

Amerikanı zəhərləyən nifrət – Qərb mediası


Pitsburqda hadisə yeri
Pitsburqda hadisə yeri

Bu ölkədə nə baş verir? Evlərimizdə, məktəblərimizdə, ən müqəddəs yerlərimizdə salamat yaşaya bilməyəcəyik? Pitsburqda sinaqoqa hücumdan sonra amerikalılar bir-birlərindən bu cür suallar soruşmağa məcburdurlar. Silahlı bu ailələrə onların etiqadına görə atəş açıb”. “The New York Times” qəzeti redaksiya məqaləsində oktyabrın 27-də ABŞ-da avtomat və üç tapançayla silahlanmış şəxsin sinaqoqda 11 nəfəri öldürməsindən, altı nəfəri yaralamasından yazır. Silahlının “Yəhudilər ölməlidir” qışqırdığı bildirilir.

***Buna da bax: ABŞ-da sinaqoqa edilmiş hücumda azı 11 nəfər ölüb

Bu hücumdan bir gün öncə isə ölkəboyunca siyasətçilərə və jurnalistlərə bağlamada bombalar göndərən şəxs Floridada həbs olunub. Hər iki halda, şübhəlilər sosial media platformalarında ədavət hisslərini dilə gətiriblər, onların nifrətini paylaşanlarla asanlıqla əlaqə yaradıblar.

Birləşmiş Ştatlarda zorakılıq cinayətləri tarixən ən yüksək səviyyəyə yüksəlib. Amma fərqli indekslərdə nifrətin də yüksəldiyi görünür. Son iki ildə antisemitik hücumlar iki dəfə artıb. Bunu Anti-Defamasiya Liqası bildirir. Qurumun mövqeyincə, şənbə günkü hücum Amerika tarixində yəhudilərə qarşı ən çox ölümlə sonuclanmış hücum olub”, – məqalədə deyilir və antisemitizmlə yanaşı, qaradərililərə nifrətin də artdığı vurğulanır.

Donald Trump
Donald Trump

Qəzet çıxış yolu kimi silahlara nəzarətin gücləndirilməli olduğunu yazır. Digər tərəfdən, Facebook kimi sosial şəbəkələr də istifadəçilərin yalanlarının, nifrətinin önlənməsi yönündə müəyyən addımlar ata bilər. Məqalədə Prezident Donald Trump-ın həm Pittsbuqrdakı hücumu, həm də bombalar məsələsini pisləməsinə, amma dərhal da seçki kampaniyasını davam etdirməsinə diqqət çəkilir. “Cənab Trump namizəd və prezident kimi heç vaxt fanatizmi birmənalı, davamlı şəkildə pisləməyib, bəzən isə seçki kampaniyası zamanı hətta zorakılığı həvəsləndirib… Ötən il Şarlotsvildə ‘Yəhudilər bizi əvəzləməyəcək’ deyə qışqıran yürüşlərə görə hər iki tərəfi ittiham edib…

Cənab Trump amerikalıların bir-birilə, bir-biri barədə necə danışması standartını da aşağı salıb. Tərəfdarlarını çağırıb ki, tənqidçiləri barədə xəyanətkar, düşmən kimi düşünsünlər…” – qəzet yazır.

Hallovendə oğlunu Hitler kimi geyindirdi və…

ABŞ-ın Kentuki ştatında bir kişinin Halloven şənliyindəki geyimləri İnternet istifadəçilərini qəzəbləndirib. Bryan Goldbach özü nasist əsgəri, beş yaşlı oğlu isə Adolf Hitler kimi geyinib.

Halloven kostyumları geyinmiş şəxslər zibil yığır
Halloven kostyumları geyinmiş şəxslər zibil yığır

“The Newsweek” yazır ki, atanın sosial mediada yerləşdirdiyi fotolar kəskin tənqid olunub, onu zövqsüzlükdə suçlayıblar.

Goldbach deyir ki, bu kostyumları tarixi şəxsiyyətlərin təsvirini sevdiyinə görə seçib. O, fotoların belə bir ziddiyyət doğuracağını ağlına gətirmədiyini, qərarına görə təəssüf keçirdiyini söyləyib, üzr istəyib.

“Hansısa bəyanat verməyə, oğlumu hansısa mövqeyə qoymağa çalışmırdım”, – Goldbach deyib.

Temple Adath B’nai İsrail sinaqoqunun ravvini Gay Mazo bəyanat verərək adamları Halloven kostyumları seçərkən diqqətli olmağa çağırıb.

“Onun üzr istəməsi faktı vacibdir; onun həmin kostyumların təhqiramiz görünəcəyini bilməməsi isə cəmiyyətimizin çox kədərli əksidir. Ən yaxşı qayda budur: kostyumun milyonlarla adamın öldürülməsini yada salırsa, başqa kostyum seç”, – Mazo deyib. Xəbəri ABC-yə bağlı WEHT Eyewitness News yayıb.

Goldbach İnternetdə və küçədə ünvanına səslənən nifrət və hədələri tənqid edib.

“Adamlar qatil, şeytan forması, qanlı geyimlər geyinirlər, heç kəsin tükü tərpənmir. Amma kiçik oğlumla mən tarixi şəxsiyyət kimi geyinirik, adamlar bunu tənqid etməklə kifayətlənmir, mənə yaxınlaşıb bizi təhdid edirlər. Bəli, liberalizm yaşayır, salamatdır. Biz ‘Tolerant Sol’un meyvələri ilə üzləşməli olduq”, – o, Facebook səhifəsində yazıb.

Çində həftədə iki yeni milyarder peyda olub

Ötən il Çində həftəyə iki yeni milyarder peyda olub. Dünyada milyarderlərin sərvəti isə rekord səviyyədə artıb. Bu məlumatı ötən həftə İsveçrənin UBS bank holdinqi və PwC audit şirkəti yayıb.

Çinli fermer, arxiv fotosu
Çinli fermer, arxiv fotosu

2017-ci ildə milyarderlərin sərvəti 19 faiz artaraq 8,9 trilyon dollara çatıb. Bu sərvətin sahibi isə cəmi 2 min 158 nəfərdir. Hesabatda belə deyilir.

Çinli milyarderlər isə sərvətlərini 39 faiz çoxaldaraq 1,12 trilyon dollar çatdırıblar.

“Son 10 ildə çinli milyarderlər dünyanın ən böyük və ən uğurlu şirkətlərindən bəzilərini yaradıb, yaşayış standartlarını yüksəldə biliblər”, – UBS-dən Josef Stadler deyib.

“Amma bu, yalnız başlanğıcdır. Çinin əhali sayı, texnoloji innovasiya, məhsuldarlıq artımı üstəgəl hökumətin dəstəyi fərdlərə təkcə öz bizneslərini qurmaq üçün misilsiz imkanlar yaratmır, həm də onların insanların həyatını yaxşıya dəyişmək fürsəti verir”, – o, sözlərinə əlavə edib.

Hesabatda deyilir ki, Çində ötən il həftəyə iki yeni, Asiyada isə həftəyə üçdən artıq yeni milyarder yaranıb.

Amerika regionunda milyarderlərin sərvəti daha aşağı – 12 faiz sürətlə artıb, 3,6 trilyon dollar çatıb. Birləşmiş Ştatlarda 2017-ci ildə 53 yeni milyarder peyda olub, beş il öncə bu rəqəm 87 idi.

Avropada milyarderlərin sərvəti 19 faiz, onların sayı isə 4 faiz artıb, 414-ə çatıb.

Araşdırmada belə bir xəbərdarlıq da yer alıb ki, ABŞ-la Çin arasında ticarət müharibəsi qızışarsa, iqtisadi artım yavaşıyar.

XS
SM
MD
LG