Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 04:54

Mikhail Gorbachev: 'Yeni nüvə silahlanması başlanıb' – Qərb mediası


Ronald Reagan (sağda) və Mikhail Gorbachev imzalama mərasimində

“30 il öncə mən Prezident Ronald Reagan ilə Vaşinqtonda orta və qısa mənzilli raketlərin məhvinə dair Birləşmiş Ştatlar-Sovet sazişini imzaladıq. Tarixdə ilk dəfə olaraq, nüvə silahlarının iki sinifi məhv ediləcəkdi.

Bu, ilk addım idi. Daha sonra, 1991-ci ildə Strateji Silah İxtisarı Sazişi Sovet ittifaqı ilə Prezident George H.W. Bush arasında imzalandı. Yeni Başlanğıc Sazişini isə Rusiya və Birləşmiş Ştatlar prezidentləri 2010-cu ildə imzaladılar”.

“The New York Times” qəzetində Sovet İttifaqının sonuncu lideri Mikhail Gorbachev yazır ki, hazırda dünyada nüvə silahlarının sayı çoxdur, amma Amerika və Rusiyanın indi malik olduğu bu tip silahlar Soyuq Müharibə dövründəkinin yalnız cüzi bir hissəsidir.

2015-ci ildə Nüvə Silahlarının Yayılmaması Konfransında Rusiya və Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətə məlumat verib ki, həmin arsenalın 85 faizi istismardan çıxarılıb, böyük hissəsi də məhv edilib.

Donald Trump
Donald Trump

Bu gün hər iki ölkənin fəxr edə biləcəyi bu nəhəng uğur təhlükə altındadır. Prezident Trump ötən həftə Birləşmiş Ştatların Orta Mənzilli Nüvə Silahları Sazişindən çıxmaq planını, ölkənin nüvə silahları qurmaq niyyətini açıqladı.

Məndən soruşurlar ki, əldə etmək üçün çox çalışdığım bu işin süqutunu görmək məni ağrıdırmı. Amma bu, şəxsi məsələ deyil. Daha çox şey risk altındadır.

Yeni silahlanma yarışının anonsu verilib. Bu saziş dünyada hərbləşdirmənin ilk qurbanı deyil. 2002-ci ildə Birləşmiş Ştatlar Antiballistik Raket Sazişindən, bu il İran sazişindən çıxdı. Hərbi xərclər astronomik səviyyədə artıb və qalxmaqdadır”, – Gorbachev yazır.

Keçmiş sovet liderinin fikrincə, yetərincə siyasi iradə olarsa, mövcud sazişlərə əməl etməklə bağlı problemlər də yoluna qoyular. “Amma son iki ildə gördüyümüz kimi, Birləşmiş Ştatların məqsədi başqadır. Məqsəd Birləşmiş Ştatları bütün öhdəliklərdən, məhdudiyyətlərdən azad etməkdir, bu, təkcə nüvə raketləri ilə bağlı deyil”, – yazan müəllif dialoqa və danışıqlara qayıtmaq ümidini itirmək istəmədiyini, Rusiyadan qətiyyətli və balanslı mövqe gözlədiyini vurğulayır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump bu sazişdən çıxmaq niyyətini Rusiyanın sazişi azı 2014-cü ildən bəri pozmasıyla izah edir.

Çexiya prezidentindən daha bir pis zarafat

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Çexiya Prezidenti Milos Zeman-ın jurnalistlərlə son zarafatını pisləyir və onu üzr istəməyə çağırır.​

Milos Zeman, arxiv fotosu
Milos Zeman, arxiv fotosu

“Jurnalistləri sevirəm, ona görə də bu axşam onlar üçün Səudiyyə səfirliyində xüsusi banket təşkil edə bilərəm”, – Zeman oktyabrın 24-də deyib.

Qeyd edək ki, səudiyyəli jurnalist Jamal Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. Bu insident beynəlxalq ictimaiyyəti qəzəbləndirib.

RSF qeyd edir ki, Zeman jurnalistlərlə belə pis zarafatları əvvəllər də edib. O, ötən ilin oktyabrında mətbuat konfransında jurnalistləri ilə oyuncaq Kalashnikov-la salamlayıb. Ötən ilin mayında isə demişdi ki, jurnalistləri “məhv etmək” lazımdır, çünki “həddən artıq çoxdurlar”.

“Çexiya prezidentinin jurnalistlərə qarşı son qorxulu provokasiyasını pisləyirik. Onun sinizmini bu səviyyəyə salmasını görmək ürəkbulandırıcıdır. O, jurnalistlərdən üzr istəməlidir…” – RSF-in AB-Balkan bölməsinin rəhbəri Pauline Adès-Mével deyib.

Qurum qeyd edir ki, uzun müddət Avropa Birliyinə inteqrasiya modeli sayılan Çexiya Respublikası hazırda media azadlığına təhdidlər baxımından getdikcə artan narahatlıq mənbəyinə çevrilməkdədir. Çexiya RSF-in builki Media Azadlığı İndeksində 180 ölkə içində 34-cü yeri tutub, bir il ərzində 11 pillə geriləyib.

Google 48 işçini cinsi qısnamaya görə işdən çıxarıb

Google şirkəti bildirib ki, son iki ildə 48 əməkdaşını cinsi qısnamaya görə işdən çıxarıb və heç bir kompensasiya da ödəməyib. Bu barədə dünən – oktyabrın 25-də Google rəhbəri Sundar Pichai şirkət əməkdaşlarına məktub göndərib.

Sundar Pichai
Sundar Pichai

Bundan öncə isə xəbər yayılmışdı ki, şirkət cinsi nalayiq davranış iddiaları ilə üzləşən kişi rəhbərlərini qoruyub, onlara şirkətdən getmələri üçün böyük məbləğdə pul təklif edib. “The New York Times” yazmışdı ki, şirkət Android proqramlarına baxan rəsmini cinsi qısnamaya görə 2014-cü ildə işdən çıxarıb və ona yaxşıca kompensasiya ödəyib.

Həmin rəsminin – Andy Rubin-in sözçüsü isə onun işdən könüllü getdiyini, cinsi nalayiq hərəkətlərlə bağlı ittihamlardan xəbəri olmadığını söyləyib. Sözçü Sam Singer deyib ki, Rubin şirkətdə tabeçiliyində olmayan əməkdaşlarla razılıq əsasında cinsi münasibətdə olduğunu etiraf edir, amma Google-nun cızdığı siyasətdən kənara çıxmayıb.

Pichai emailində yazır ki, Google 2015-ci ildə daha sərt siyasət qəbul edib. Bu qaydalara görə, şirkətin vitse-prezidentləri, aparıcı vitse-prezidentləri hansısa əməkdaşla münasibətini açıqlamalıdır, hətta həmin əməkdaşla eyni şöbədə çalışmırsa belə.

Pichair Rubin, digər rəsmilərə qarşı iddialardan danışmayıb, amma Times-ın yazdığını “oxumağın çətin” olduğunu deyib, məqaləni mübahisələndirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG