Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Amerikalı ekspertlərin əli Səudiyyənin cibindən çıxırsa ... – Qərb mediası


İstanbulda Səudiyyə konsulluğu
İstanbulda Səudiyyə konsulluğu

Vaşinqton Səudiyyə Ərəbistanı barədə hərtərəfli müzakirə aparmalı, ikitərəfli münasibətin ABŞ-ın maraqlarına necə xidmət etdiyini götür-qoy etməlidir. Bu, ortaya çətin bir sual çıxarır: çoxsaylı amerikalı ekspertlərin bu və digər yolla Səudiyyədən pul aldığı bir dönəmdə belə vicdanlı bir müzakirə mümkündürmü?” “The Washington Post” qəzeti redaksiya məqaləsində belə yazır.

Qəzet qeyd edir ki, bir çox ölkələr Konqresə, yaxud Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərmək məqsədilə bir ətək pul xərcləyirlər. 2001-ci ilin 11 sentyabrından (o zaman təyyarə qaçıran 19 nəfərdən 15-i səudiyyəli idi) sonrakı 10 il ərzində rejim buradakı imicinin bərpasına 100 milyon dollardan çox vəsait xərcləyib. Beynəlxalq Siyasət Mərkəzindən Ben Freeman belə deyir. Təkcə ötən il lobbiçilərə və konsultantlara 27,3 milyon dollar verilib; 200-dən çox adam Səudiyyənin agenti kimi qeydiyyatdan keçib.

Yaxın Şərq İnstitutu, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi daxil olmaqla, Vaşinqtonun tanınmış beyin mərkəzləri Səudiyyədən milyonlar qəbul edib, universitetlər, muzeylər, digər mədəniyyət qurumları da həmçinin. ABŞ-ın maliyyə şirkətləri Səudiyyə hökuməti üçün böyük sövdələşmələrə araçılıq edirlər. Səudiyyə hökuməti isə vəliəhd şahzadə Mohammed bin Salman-ın nəzarəti altındadır.

Donald Trump (sağda) və Mohammed bin Salman
Donald Trump (sağda) və Mohammed bin Salman

Freeman deyir ki, lobbiçilər ötən il Senata və Nümayəndələr Palatasına kampaniya ianəsi olaraq 400 min dollaradək vəsait köçürüblər.

Lobbiçilərdən biri də keçmiş respublikaçı senator Norm Coleman-dır. O, qəzetə söyləyib ki, “Səudiyyə Ərəbistanı ilə münasibət həqiqətən çox vacibdir, onun İranın hədəsinə qarşı dayanmaqda tərəfdaşlığı ABŞ-ın təhlükəsizliyi üçün əhəmiyyətlidir”.

İndiyədək nüfuz alıcıları bu rejimi jurnalist Jamal Khashoggi-nin qətlindən dolayı yaranmış qəzəbdən qoruya bilməyib. Dörd lobbiçilik firması, azı bir beyin mərkəzi səudiyyəlilərlə əlaqələri kəsib. ABŞ-da şirkət rəsmilərindən çoxu ər-Riyadda investisiya konfransında iştirakdan imtina edib…

Bir müddət sonra Səudiyyə lobbisi yenə də, 11 sentyabr terrorundan sonra etdiyi kimi, mövqeyini bərpa etməyə çalışacaq. Bu zaman keçmiş senatorlar, səfirlər və generallar bir seçim qarşısında qalacaqlar: o zaman Səudiyyənin mövqeyini vicdanla əsaslandıra biləcəklərmi?” – məqalədə deyilir.

Trump-ın yaratdığı nüvə təhlükəsi

“The Guardian” qəzetində Simon Tisdall ABŞ Prezidenti Donald Trump-ın Rusiyaya nüvə silahlarına nəzarət sazişindən çıxması qərarından yazır. Müəllifin fikrincə, bu impulsiv qərar qaydalara söykənən qlobal düzənə daha bir dağıdıcı və təhlükəli zərbədir.

Donald Trump
Donald Trump

Elə görünür ki, Trump hansısa beynəlxalq sazişə, yaxud çoxtərəfli quruma bir göz atır və onda onu dağıtmaq kimi qarşısıalınmaz bir istək baş qaldırır. Bu adam təhlükədir. Bu sonuncu özbaşına vandalizm hər kəsə risk yaradır. Nüvə silahından azad dünya yaratmaq istəyənlər üçün dəhşətli xəbərdir. Nüvə silahlarının mövcudluğunu elan etmiş ölkələrin arsenallarını azaltmaq, məhv etmək öhdəliyindən geriyə addım atmasıdır. Ehtiyatsız, məsuliyyətsiz hərəkətdir.

Amma hələ ən pisi də bu deyil. Trump-ın qərarı icra olunsa, qlobal silahlanma yarışının ikinci fazasının tətiyi çəkilmiş olacaq. Bu, Sovet ittifaqının çöküşü ilə dayanmış ikitərəfli yarışmadan daha qorxunc olacaq. Dünya 1991-ci ildən bəri dəyişib. Bu dəfə çoxtərəfli və çoxqütblü yarışma görəcəyik, onu önləmək çətinləşəcək. Bu dəfə qarşılıqlı məhvetmə hədəsi çoxtərəfli dağıtmayla əvəzlənəcək”, – müəllif yazır.

Türkiyənin hərtərəfli diplomatiyası

Türkiyə Prezidenti Recep Tayyip Erdoganın hazırda üzərində işlədiyi xarici siyasətdə ölkə böhranların həllinin bir hissəsi kimi göstərilir. Reallıqda, ölkəiçi siyasi və iqtisadi gərginliyi kompensasiya etmək məqsədilə yürüdülən bu siyasət xarici dəstək qazanmaqdadır. Karnegi fondunun saytında Marc Pierini Türkiyənin son biraykı diplomatik fəaliyyətinə diqqət çəkir, Ankaranın həm Qərb ölkələri, həm də Rusiya, İran, Səudiyyə Ərəbistanı kimi tərəfdaşları ilə münasibətlərini yoluna qoymağa çalışdığını yazır.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

İndilik bu incə balanslaşdırma uğurlu olub. Amma ölkədə böyük maliyyə böhranı yaşanır, gələn ilin martına yerli seçkilər təyin olunub. Deməli, diplomatik jonqlyorluq getdikcə daha riskli görünür”, – müəllif yazır.

Prezident Erdogan sentyabrın 25-də BMT Baş Məclisindəki çıxışında dedi ki, Türkiyə hərbi, yaxud iqtisadi supergüc olmasa da, bir sıra böhranların həllində aparıcı rol oynayır. Onda Erdogan Suriyanın İdlib regionunda bufer zona yaradılması üzrə rusiyalı həmkarı Vladimir Putinlə əldə olunmuş razılaşmanı nəzərdə tuturdu.

İdlibdə tərksilah olunmuş cihadçıların taleyi barədə az məlumat verilsə də, Türkiyə bu razılaşmadakı roluna görə beynəlxalq alqış qazandı. Amma sonucda Rusiya və İran Bashar al-Assadın Suriya ərazisinə nəzarəti ələ almasını dəstəkləyir, yəni Türkiyə qüvvələri öz yurdlarına qayıtmalıdırlar. Deməli, gələcəkdə Türkiyənin Suriyadakı hərbi əməliyyatları sual doğuracaq”, – müəllif yazır.

Məqalədə Türkiyə liderinin avropalı həmkarları ilə müzakirələrinə də diqqət çəkilir. “Bu görüşlər Ankaraya Avropayla hər şeyin qaydasında getdiyini iddia etmək imkanı verdi. Onun sentyabrda Berlinə səfərindən yerli televiziyalar gen-bol yararlandılar. Amma reallıqda, hər şey elə də rahat deyil. Almaniyanın kansleri və prezidenti Türkiyədə hüququn aliliyinin dramatik çöküşünü dəfələrlə qaldırıblar, deyiblər ki, Almaniyadan böyük investisiya gözləyirsə, dəyişikliklər olunmalıdır. Ancaq indiyədək Ankara elə bir irəliləyişin anonsunu verməyib”, – müəllif yazır.

XS
SM
MD
LG