Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

NATO ‘Soyuq Müharibədən bəri ən böyük təlim’ə başlayır


Latviyada ABŞ əsgərləri
Latviyada ABŞ əsgərləri

NATO Sovet İttifaqı dağılandan bəri ən böyük hərbi təlimlərə başlayır. Alyansın rəhbəri on minlərlə hərbçinin qatıldığı təlimi qurumun qabiliyyətinin, birliyinin “güclü nümayişi” adlandırıb.

Oktyabrın 25-də Norveçdə “Trident Juncture” təliminin əsas mərhələsi başlanır. NATO-nun baş katibi Jens Stoltenberg bir gün öncə Brüsseldə mətbuat konfransında deyib ki, “bu, çox vacib bir gündür, çünki Trident Juncture Soyuq Müharibə bitəndən NATO-nun ən böyük təlimidir”.

Moskva bu təlimləri tənqid edir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən, Ukraynanın şərqində separatçıları dəstəkləyəndən tərəflər arasında gərginlik artıb.

“ƏN BÖYÜK ADAPTASİYA”

Digər tərəfdən NATO bildirir ki, Rusiya ABŞ-la nüvə silahları sazişini pozaraq raket yerləşdirir və bu, alyansın Avropadakı üzvlərini hədəfə ala bilər.

Jens Stoltenberg
Jens Stoltenberg

Trident Juncture ölkələrimizə və potensial düşmənimizə aydın bir mesajdır: NATO qarşıdurma axtarmır, amma biz müttəfiqlərimizi istənilən hədədən qorumağa hazırıq”, – Stoltenberg deyib.

Bu təlim bizim qabiliyyətimizin və birlikdə işləmək qətiyyətimizin güclü nümayişidir”, – deyən baş katib Rusiyanın adını çəkməsə də, qeyd edib ki, son illər “Avropada təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə pisləşib”, və “NATO buna Soyuq Müharibənin bitməsindən bəri kollektiv müdafiəmizə ən böyük adaptasiya ilə reaksiya verib. Trident Juncture həmin adaptasiyanı sərgiləyir”.

Təlimə 65 gəminin, 250 təyyarənin, 10 min zirehli maşının, 50 min hərbçinin qatılacağı bildirilir. Stoltenberg deyib ki, NATO-nun 29 müttəfiqinin hamısı, eləcə də Finlandiya və İsveç təlimlərdə iştirak edəcəklər.

Təlimin birinci hissəsi 25 oktyabr-7 noyabr, ikinci hissəsi isə 13-24 noyabr tarixlərində keçiriləcək.

Sergei Shoigu (solda) belaruslu həmkarı Andrey Ravkov
Sergei Shoigu (solda) belaruslu həmkarı Andrey Ravkov

RUSİYA MÜŞAHİDƏÇİLƏR GÖNDƏRİR

Moskva dəfələrlə bildirib ki, NATO-nun keçmiş Varşava Paktı ölkələri və Baltik ölkələrinə doğru genişlənməsini provokativ sayır. Son illər Rusiya və NATO bir-birini dəfələrlə aqressiv hərəkətlər ittiham edirlər.

Rusiya 2017-ci ilin sentyabrında qərb regionlarında Belarusla birgə Zapad-2017 təlimləri keçirdi. Bu ilin sentyabrında isə mərkəzi və şərq regionlarında Vostok-2018 təlimləri baş tutdu. Sonuncu təlimlərdə 300 minlik heyətin iştirak etdiyi bildirilirdi.

Rusiyanın müdafiə naziri Sergei Shoigu oktyabrın 24-də Belarusda deyib ki, “NATO-nun sərhədlərimiz yaxınlığında əməliyyat və döyüş təlimlərinin miqyası və intensivliyi artmaqdadır. Blok üzvləri döyüş əməliyyatları aparmağı məşq edirlər”.

Amma təlimləri tənqid etməsinə baxmayaraq, Rusiya Norveçə müşahidəçi göndərmək dəvətini qəbul edib. Stoltenberg bu addımı şəffaflıq adına alqışlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG