Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Deputat: 'İcra başçılarının səlahiyyətlərinin 90 faizi alınmalıdır'


Robot Sofiya
Robot Sofiya

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri, bölgələrdən paytaxta əhali axınının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İnsana da, robota da sevgi

Azadliq.info saytında «Sofiyaya sevgi ilə» sərlövhəli yazı dərc edilib.

Jurnalist Şahvələd Çobanoğlunun müəllifi olduğu yazıda dünyada ilk süni intellekt humanoid robotu sayılan Sofiyanın Azərbaycana gətirilməsi və ona yanaşmadan bəhs edilir.

Müəllif hesab edir ki, insanlara xeyir məqsədi ilə yaradılan bu robotdan hakimiyyət öz siyasətində istifadə edir: «İlham Əliyevin şanlı iqtidarı nəyi bu məqsədə alət etmədi ki? Mədəniyyəti, idmanı, elmi, təhsili, statistikanı, xeyirxahlığı, dini, multikulturalizmi, nə gəldisə… Hələ «kimləri alət etmədi ki…» demirəm».

Yazıda bildirilir ki, robotlar ən mürəkkəb sənaye, elm, tibb işlərini görür, ən təhlükəli, ən ağır işlərdə insanı əvəz edir: «Mən də ürəkdən güldüm Sofiyanın pambıq yığmağa göndəriləcəyi ilə bağlı atmacaları oxuyanda. Amma keşkə bizim hökumət pambıq yığmağı həyata keçirən normal maşınlar alaydı, o maşınların adına Sofiya da deyərdik, Sevda da. Amma bunlar sahəni dərmanlayanda adamları zəhərləyirsə, kosmosa peyk buraxmaq, intellektual insanabənzərləri (androidləri) səhnəyə çıxarmaq bunların harasına yaraşır?».

Yazının sonunda da oxuyuruq: «Sözün qısası, bizi idarə edənlər bizi insan yerinə qoymur, biz də onların hər işinə gülə bilərik, amma ürəyimizin dərinliyində insan olmayan Sofiyaya sevgimiz qalmalıdır. Biz bilməliyik ki, əsl insanların bizə vurduğu yaralara görə bu insanabənzər «varlıq»ların heç bir məsuliyyəti yoxdur».

Q.Həsənquliyev
Q.Həsənquliyev

Deputat icra başçılarını tənqid edir

Oxu.az saytında «Deputat: İcra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir» sərlövhəli yazı yer alıb.

Yazıda paytaxt və regionlardakı durumla bağlı deputat Qüdrət Həsənquliyevin düşüncələrinə yer verilib.

«Paytaxtın Bakıdan başqa bir yerə köçürülməsinə və ya yeni paytaxt şəhərinin salınmasına ehtiyac yoxdur. Bakıya axının qarşısının alınması üçün bu, məqbul variant sayıla bilməz və köçürülmə yönündə fikirlərlə razı deyiləm. Pulumuzu, vəsaitimizi iqtisadiyyatın qeyri-neft sektorunun, sənayenin inkişafına yönəltsək, daha yaxşı olar», - deyə deputat sayta bildirib.

Deputat iddia edir ki, hazırda ölkə iqtisadiyyatı, büdcə neftdən asılıdır, ona görə də iqtisadiyyatı neft asılılığından qurtarmaq lazımdır: «Bir neçə il öncə dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatında da bəzi problemlər yarandı, xüsusilə bank sektorunda böyük çöküş əmələ gəldi, iki dəfə sarsıdıcı devalvasiya baş verdi. Bu zaman hökumət büdcənin, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün bir sıra addımlara getdi və bunun müsbət nəticələri də görünməyə başladı, qeyri-neft sektorunda canlanma oldu».

Deputat vurğulayıb ki, son bir ildə neftin qiyməti qalxan kimi, yenə hər şey unudulmağa başlayıb.

Q.Həsənquliyev deyib ki, Bakıya təkcə iş axtaranlar gəlmirlər, hətta bölgələrdə biznes qurub ayda 30-40 min dollar və ya manat qazanan iş adamları da üz tuturlar.

Deputatın fikrincə, Bakıda hüquqları qorumaq nisbətən daha asandır: «Həm də açıq şəkildə etiraf etmək lazımdır ki, bölgələrdə məmur özbaşınalığı yaşanır».

Deputat hesab edir ki, buna görə də məmurlarla, icra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir: «İcra başçılarının, icra hakimiyyətlərinin səlahiyyətlərinin 90 faizi onların əllərindən alınmalı, bələdiyyələrə verilməlidir. Bələdiyyələrin həm səlahiyyətləri, həm də məsuliyyətləri artırılmalıdır. Həmçinin, insanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalıdır...».

C.Bolton İ.Əliyevin qəbulunda
C.Bolton İ.Əliyevin qəbulunda

Azərbaycan-ABŞ münasibətləri

«Azərbaycan» qəzetində «Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır» sərlövhəli yazı dərc edilib.

Yazıda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana bu günlər gerçəkləşən səfəri dəyərləndirilir.

Yazıda bu səfərlə bağlı Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin fikirləri təqdim edilib.

H.Hacıyev deyib ki, bu səfər Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsindən ötrü əlverişli imkanlar yaradır.

Administrasiya təmsilçisi vurğulayıb ki, dövlət başçısı İlham Əliyev ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Bolton arasında görüşün konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçməsi də bunu deməyə əsas verir.

H.Hacıyev habelə deyib ki, görüş çərçivəsində enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb: «Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstək və töhfə təqdir olundu. Həmçinin, ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu».

XS
SM
MD
LG