Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:12

Ölüm cəzasının tərəfdarları azalır – Qərb mediası


ABŞ-da ölüm cəzasına etirazlar, arxiv fotosu
ABŞ-da ölüm cəzasına etirazlar, arxiv fotosu

Ölüm cəzasının tətbiqini ədalətli sayan amerikalıların sayı azalır, bu il ilk dəfə olaraq 50 faizdən aşağı düşüb. “Gallup” sorğu mərkəzi bildirir ki, 49 faiz ölüm cəzasının ədalətli, 45% isə ədalətsiz tətbiq olunduğunu düşünür.

Gallup 2000-ci ildən oxşar sorğu keçirir və 49% indiyədək qeydə alınan ən aşağı göstəricidir. Ölüm cəzasını ədalətsiz sayanların çəkisi də yüksəlməkdədir.

Bu sorğu oktyabrın 1-10-da keçirilib. Oktyabrın 11-də isə Vaşinqton ştatının Ali Məhkəməsi ştatda ölüm cəzasını ləğv edib, bu cəzanın irqçi qruplara qarşı qeyri-bərabər tətbiq olunduğunu bildirib. Məhkəmə qeyd edib ki, “ölüm cəzasına məhkum edilən qaradərililərin sayı ağdərililərdən 4,5 dəfə çox olub”. Beləliklə də Vaşinqton ölüm cəzasının ləğv olunduğu artıq 20-ci ştata çevrilib.

Ölüm cəzasının ədalətli tətbiq olunduğunu deyən amerikalıların sayı, əslində, belə düşünən demokratların sayının kəskin azalmasıyla izah olunur. Bu il rəyi soruşulan demokratların 31 faizi oxşar fikrini dilə gətirib, ötən il bu göstərici 30% olub. Bu rəqəm 2005-2006-cı illərlə müqayisədə ciddi azalıb.

Bu arada respublikaçıların 73 faizi ölüm cəzasının ədalətli tətbiq olunduğunu düşünür.

Opportunizm strategiyası

Rusiya avropalıların və Birləşmiş Ştatların səhvlərindən yararlanaraq Liviyada nüfuz qazanıb. Karnegi fondunun saytında Hamza Meddeb yazır ki, Rusiya Suriya böhranına müdaxiləsi sayəsində ərəb dünyasına güclü qayıdış elədi.

Khalifa Haftar (solda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvada, avqust, 2017-ci il
Khalifa Haftar (solda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvada, avqust, 2017-ci il

Rusiya hazırda Liviyada da daha böyük rol oynamağa çalışır. Axı, bu region illər boyu Qərb ölkələri tərəfindən çıxdaş olunub.

Moskva Liviyanın şərqində marşal Khalifa Haftarı dəstəkləyir, Misirin qərbinə, Liviya ilə sərhəd yaxınlığına Rusiya Xüsusi Qüvvələrini yerləşdirir ki, onun qüvvələrini dəstəkləyə bilsin, Haftarın nəzarətində olan ərazilərə Rusiyanın özəl təhlükəsizlik şirkətlərindən döyüşçülər göndərilir. Rusiya başqa yollara da əl atır. 2016-cı ildə Haftar da daxil olmaqla, Liviyanın siyasi xadimləri Moskvaya dəvət olunub, Haftar isə 2017-ci ilin yanvarında Rusiyanın Admiral Kuznetsov təyyarə daşıyan gəmisinə baxmağa çağırılıb. Onda gəmi Suriyadan qayıdırdı. 2017-ci ilin martında Fayez al-Sarraj Moskvada qəbul olunub. O, Haftarın rəqibidir, həmçinin Tripolidə BMT-nin dəstəklədiyi, beynəlxalq miqyasda tanınan Prezident Şurasına rəhbərlik edir. Bundan başqa, rusiyalılar Tobrukdakı Liviya hökuməti adından 3 milyard dollarlıq banknot çap ediblər. Bu, Tripolidəki Mərkəzi Bankı əndişələndirib”, – yazan müəllif bütün bunların 2014-cü ildən vətəndaş müharibəsi nəticəsində parçalanmış ölkədə daxili münasibətlərə təsir göstərdiyini qeyd edir. O zaman Liviya iki rəqib hökumətə parçalandı, bu da zorakılığın artmasına, dövlət qurumlarının işinin iflic olmasına apardı.

“Bütün bunlara baxmayaraq, Rusiyanın məqsədi böyük beynəlxalq oyunçu olmasını təsdiqlətməkdirmi? Bu hərəkətlər böyük bir strategiyanın tərkib hissəsidirmi, bax, sual budur. Reallıq odur ki, Moskva opportunizmi davranışının dayağına çevirib. Liviya münaqişəsinə daxil olmaq onun Yaxın Şərqdəki və Aralıq Dənizindəki ambisiyalarına xidmət edib, Rusiyanın beynəlxalq rolunu təsdiqlətməyi hədəfləyən daha böyük cəhdlərə uyğundur”, – məqalədə deyilir.

Müəllif Rusiyanın, əslində, Avropa ölkələri və Birləşmiş Ştatların Liviyada buraxdığı səhvlərdən faydalandığını yazır. Onların 2011-ci ildə Liviya lideri Mo‘ammar al-Qaddafi-ni devirməsini Rusiya öz maraqlarına zidd hesab elədi. Ancaq Qərb ölkələri 2011-ci ildən sonra burada sabitlik yarada bilmədi, miqrasiyaya nəzarətə, terrorçuluqla mübarizəyə fokuslandı, hələ Fransa və İtaliya arasında rəqabətin dərinləşməsi kənara qalsın. Bütün bunlar da Rusiyanın Liviyaya qayıtmasına şərait yaratdı. Birləşmiş Ştatların bu ölkəylə daha dərindən məşğul olmaq istəməməsi isə Moskvanın qol-qanadını daha da açdı.

ABŞ Makedoniyanın arxasında durur

Makedoniyanın adının dəyişməsinə beynəlxalq dəstək artır və Vaşinqton artıq bu ölkədə yüksəkçinli diplomatını göndərib. Bir neçə gün öncə Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsinə doğru daha bir addım atdı.

Zoran Zaev parlamentdəki səsvermədən sonra, 19 oktyabr, 2018-c il
Zoran Zaev parlamentdəki səsvermədən sonra, 19 oktyabr, 2018-c il

Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Matthew Palmer dünən – oktyabrın 22-də Skopyeyə gedib. “The Guardian” qəzetində Helena Smith yazır ki, bu, Makedoniyanın NATO və AB-yə strateji üzvlüyünə Qərbin qahmar çıxmasına son örnəkdir.

3 gün öncə Makedoniya parlamentariləri ölkənin adının Şimali Makedoniyaya dəyişdirilməsini nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs verib. Cümə günü axşam baş tutmuş səsvermədən öncə isə 120 yerlik parlamentdə dram yaşanmışdı. Rusiyanın dəstəklədiyi, müxalifətdə olan VMRO partiyasındakı Rusiyanın sağ qanad millətçiləri həmkarlarının Baş nazir Zoran Zaev-in təşəbbüsünü dəstəkləməsinə əngəlləməyə çalışıblar.

Üçdə iki səs çoxluğunu qazanan baş nazir “cəsur müxaliətçi deputatlar”a təşəkkür edib. “Onlar ölkənin və vətəndaşların marağını özlərinin partiya maraqlarından üstün tutdular”, – o deyib.

Rusiya Makedoniyanın Yunanıstanla əldə etdiyi razılaşmaya qarşı çıxır. Moskva uzun müddət bu eks-kommunist regionunu özünün ənənəvi nüfuz zonası hesab edib. Afina bildirib ki, ad dəyişikliyindən sonra Makedoniyanın NATO-ya üzvlüyünə qoyduğu vetonu aradan qaldıracaq.

İndi sənədi Yunanıstanın 300 üzvdən ibarət parlamenti ratifikasiya etməlidir. Yunanıstanın Baş naziri Alexis Tsipras deyib ki, Makedoniyanın adıyla bağlı razılaşma qüvvəyə minənədək vəzifədə qalacaq.

Kiçik millətçi Müstəqil Yunanlar partiyasının rəhbəri Panos Kammenos isə hökuməti dəstəkləməyəcəyini bildirib. O iddia edib ki, Skopyedəki müxalifətçi deputatlar 2 milyon avro rüşvət alandan sonra ad dəyişikliyini dəstəkləyiblər.

XS
SM
MD
LG