Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

'Plansız tikililər və kanalizasiya yoxluğu'-Media icmalı


Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı

Türkiyədə Azərbaycan sərmayəsi ilə tikilən «Star» zavodunun əhəmiyyəti, Bakıdakı sürüşmələrin səbəbləri, Yeni Yasamalda əhalinin su problemi və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Sürüşmənin səbəbləri…

«Yeni Müsavat» qəzetində «Belə getsə, bir neçə il sonra Bakı çökəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda son vaxtlar Bakıda sürüşmə və uçqunlar problemi landşaftşünas Şəbnəm Karslı ilə müzakirə edilib.

Müəllif öncə oktyabrın 10-dan bu yana 20-ci Sahə-Badamdar yolu zonasında davam etməkdə olan sürüşmə vəziyyətinə dair qısa icmal təqdim edir. Yazıda habelə bildirilir ki, son vaxtlar Bayıl ərazisinin müxtəlif yerlərində, Zığ qəsəbəsində, Bakının mərkəzi küçələrinin birində sürüşmə baş verib: «Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2018-ci ilin avqustunda Bakının 8 rayonunda 23 sürüşmə zonası qeydə alındığını, ölkə üzrə 99 sürüşmə ocağı müəyyən edildiyini, son iki ildə sürüşmə ocaqlarının 2 dəfə artdığını bildirib».

Yazıda vurğulanır ki, 2016-cı ildə nazirliyin Geoloji planlama ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov ölkədə 50 sürüşmə zonası olduğunu bildirirdi.

Müəllif habelə bildirib ki, Badamdarda davam edən sürüşmənin qarşısını almaqdan ötrü Yaponiyadan dəvət olunan ekspertlər araşdırma aparırlar.

Ş.Karslı isə «Yeni Müsavat»a açıqlamasında deyib ki, hazırda yapon mütəxəssislərin rəyini gözləyir və indiki halda müsbətə doğru dəyişikliyə ümid etmir: «Növbəti yağıntı prosesi sürətləndirəcək, paralel olaraq sürüşmə nəticəsində uçqunlar davam edəcək. Gözlə görünən bir əməli işə başlamayıblar».

Ekspertə görə, urbanizasiya, plansız tikililər, qrunt suları səviyyəsinin artması və kanalizasiya sistemlərinin yenidən qurulmaması sürüşmə proseslərini sürətləndirib.

Su maşını
Su maşını

Yeni Yasamalda susuzluq

Publika.az saytında «Yasamal sakinləri 4 gündür ki, suya həsrətdir» sərlövhəli yazı diqqət çəkir.

«Artıq dörd gündür ki, su üzünə həsrət qalmışıq. Hər gün su almaqdan yorulmuşuq. Buna maddi imkanımız da çatmır, amma nə edək, məcburuq. Heç bir qurum da çıxıb demir ki, su nə zaman olacaq».

Yazıda vurğulandığına görə, bu cümlələr Yeni Yasamal ərazisində yaşayan bir qrup sakinin redaksiyaya ünvanladıqları müraciətdə yer alıb.

Müəllifin qeyd etməsinə görə, Yeni Yasamalın bir hissəsində yaşayan sakinlər susuzluqdan böyük əziyyət çəkdiklərini, hətta bəzən əl-üzlərini yumağa su tapmadıqlarını bildiriblər.

«Həm təsərrüfatda, həm də yemək, çay ehtiyaclarımızı ödəmək üçün nə qədər su almalıyıq . Buna maddi gücümüz də yetmir», - deyə məktubda yazılıb.

Sayt şikayətlə bağlı «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) həm mətbuat xidməti, həm də qaynar xətti ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, ərazidə təmir işləri aparılıb, artıq təmir işləri də yekunlaşıb və su problemi aradan qaldırılıb.

«Əgər sakinlər su ilə təmin edilmirlərsə, bu, Yeni Yasamaldakı binaların tikintisi ilə məşğul olan «Şərur» MTK ilə bağlıdır. Yəqin bu, onların su çənlərinin orada yaşayan sakinlərin sayına uyğun nəzərə alınmamasının nəticəsidir», - deyə qurumdan bildirilib.

Yazıda bildirildiyinə görə, «Şərur» MTK-nın əməkdaşları isə yanlış su borularının çəkildiyini vurğulayaraq, buna görə qarşı tərəfi təqsirli sayırlar.

Müəllif isə yazıb ki, kimin nə deməsindən və məsuliyyətin kimdə olmasından asılı olmayaraq, baş verənlərə görə əhali əziyyət çəkir.

R.T.Ərdoğan və İ.Əliyev «Star» zavodunun açılışında
R.T.Ərdoğan və İ.Əliyev «Star» zavodunun açılışında

«İqtisadi qüdrətinin nümunəsi» – «Star» zavodu

«Azərbaycan» qəzetində ««Star»-Azərbaycanın iqtisadi qüdrətinin daha bir nümunəsi» sərlövhəli yazı dərc edilib.

Yazıda oktyabrın 19-da Türkiyədə açılışı olan «Star» neft emalı zavodunun əhəmiyyətindən bəhs edilir.

Müəllifin yazmasına görə, bu zavodun açılışı onu göstərir ki, Azərbaycan qısa müddətdə investisiya yatırılan ölkədən sərmayə yönəldən ölkəyə çevrilib: «Türkiyədə ölkəmizin 6.3 milyard dollarlıq sərmayəsi ilə Avropa, Yaxın Şərq və Afrika bölgələrinin ən böyük müəssisələrindən biri – «Star» istismara verildi. Bu, ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək nəhəng zavoddur. Müəssisənin əsas xammal tədarükçüsü SOCAR - Azərbaycan Dövlət Neft Şirkətidir».

Müəllif vurğulayıb ki, dünyanın bir çox ölkələri maliyyə böhranı yaşadığı vaxtda «Star» kimi nəhəng bir müəssisənin ərsəyə gətirilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir: «Bütün bunlar əlbəttə ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət nəticəsində mümkünləşir».

Yazıda bildirilib ki, «Star» mühüm əhəmiyyət daşıyan zavoddur və bu müəssisə Türkiyədə iqtisadiyyatın inkişafına təkan verəcək: ​«Zavod Türkiyənin idxaldan asılılığını azaltmaqla onun iqtisadiyyatına milyard yarım dollar əlavə gəlir gətirəcək. Burada hər il 1.6 milyon ton nafta, 1.6 milyon ton təyyarə yanacağı, 4.8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və digər məhsullar istehsal olunacaq».

XS
SM
MD
LG