Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Səudiyyəyə silah satışı dayandırılacaqmı


İstanbuldakı konsulluqda axtarış, arxiv fotosu
İstanbuldakı konsulluqda axtarış, arxiv fotosu

Avropa ölkələri jurnalist Jamal Khashoggi-nin öldürülməsinə görə Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaqla bağlı vahid mövqeyə gəlməlidir. “Frans Pres” agentliyi Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier-in bu gün – oktyabrın 22-də belə bir bəyanatla çıxış etdiyini yazır.

Almaniya Kansleri Angela Merkel dünən deyib ki, Berlin “indiki məqamda silah ixracını təsdiqləməyi dayandıracaq, çünki nə baş verdiyini bilmək istəyirik”. O əlavə edib ki, “indiyədək verilən bütün izahlar yetərsiz sayılıb”.

Merkel-in müttəfiqi olan Altmaier isə düşünür ki, “biz ixracı dayandırsaq, digər ölkələr bu boşluğu doldursalar, bunun heç bir müsbət təsiri olmayacaq”.

Angela Merkel (sağda) və Türkiyə Prezidenti Recep Tayyip Erdogan
Angela Merkel (sağda) və Türkiyə Prezidenti Recep Tayyip Erdogan

“Avropanın bütün ölkələri bu məsələdə razılığa gəlsələr, ər-Riyada təsir göstərə bilərlər”, – nazir ARD televiziyasına deyib.

480 MİLYON DOLLARLIQ SİLAH İXRACI

Almaniya ötən ay Səudiyyə Ərəbistanına 2018-ci il üçün 416 milyon avroluq (480 milyon dollarlıq) silah ixracını təsdiqləyib. Əvvəllər Almaniya Səudiyyəyə əsasən patrul gəmiləri verib.

Almaniya və Səudiyyə Ərəbistanının səfirləri sentyabrda postlarına qayıdıblar. 10 ay idi ki, ikitərəfli münasibətlərdə gərginlik yaşanırdı, Berlin Səudiyyənin Livanın işlərinə müdaxilə etdiyini deyirdi.

Khashoggi işi yeni gərginlik yaradıb. Britaniya, Fransa və Almaniya Səudiyyədən tələb edirlər ki, jurnalistin İstanbuldakı konsulluqda necə öldürüldüyünü aydınlaşdırsın. Səudiyyə iki həftə ərzində təkzib edəndən sonra, ötən şənbə günü – oktyabrın 20-də jurnalistin konsulluqda davada öldürüldüyünü təsdiqləyib. Amma Səudiyyə rəsmiləri vəliəhd şahzadə Mohammed bin Salmanın bu işdən xəbəri olmadığını deyirlər.

Türkiyənin NTV televiziyasının bazar ertəsi yaydığı məlumata görə, İstanbuldakı Səudiyyə konsulluğunun beş türkiyəli əməkdaşı hazırda şahid kimi istintaqa ifadə verirlər. Xəbəri “Reuters” agentliyi yayıb.

CNN Turk-un məlumatına görə, ötən həftə konsulluğun 20 əməkdaşı ifadə verib. Ümumilikdə, prokurorluq 45 işçini dindirəcək.

XS
SM
MD
LG