Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:14

Neft Maşınqayırma Zavodu özəlləşdirməyə çıxarılıb


B.Sərdarov adına Maşınqayırma Zavodu

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın aparıcı neft maşınqayırma müəssisələrindən sayılan Bakı Neft Maşınqayırma Zavodunu özəlləşdirməyə çıxarıb.

«Turan» agentliyinin məlumatına görə, qurumun səhmlərini əldə etməkdən ötrü zavodun öz işçilərinə üstünlük verilir. ƏMDK-nın məlumatına görə, zavodun işçilərinə 15 faizlik (1 milyon 207.5 min ədəd) səhm satılacaq. Səhmlərin yerləşdirilməsi noyabrın 13-dən dekabr-ın 7-dək davam edəcək.

Xəbərdə vurğulanır ki, səhm almaqdan ötrü imtiyazı olan şəxslərin sayı bildirilmir, ancaq şirkətdə çalışanların sayının 150 nəfər olduğu deyilir. Səhm almaq hüququ 1995-ci ilədək bu zavodda işləyən və təqaüdə çıxmış şəxslərə də verilir.

Agentliyin xəbərinə görə, cəmiyyətin səhmlərini tam şəkildə əldə etməkdən ötrü onun əməkdaşları 2 milyon 415 min manat və ya 1.4 milyon dollar ödəməlidirlər.

Bakı Neft Maşınqayırma Zavodu 2010-cu ildə Səttərxan adına Maşınqayırma Zavodu və Bakı Neft Mədən Maşınqayırma Zavodunun birləşməsi nəticəsində yaranıb. Müəssisə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir və 18.6 hektar ərazini əhatə edir. Zavodun tikililərinin sahəsi 75 min kvadratmetrdir.

Zavod quyuların qazılması və əsaslı təmirindən ötrü neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşıb. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları və siyirtmələrdən ibarətdir. Müəssisənin istehsal etdiyi fontan armaturları və kəmər başlıqları əsasən Ukrayna və Rusiyaya ixrac edilir.

Xatırlatma

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra ölkədə özəlləşdirmənin növbəti mərhələsinə start verilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir. Son 2 ildə də bir sıra dövlət müəssisələri özəlləşdirilib.

Multimedia

XS
SM
MD
LG