Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Trump Səudiyyənin tərəfini niyə saxlayır - Qərb mediası


Donald Trump (sağda) və Mohammad bin Salman, arxiv fotosu
Donald Trump (sağda) və Mohammad bin Salman, arxiv fotosu

İranda rejim dəyişikliyi ABŞ Prezidenti Donald Trump-ın səudiyyəlilərin tərəfini saxlamasının əsas səbəbidir. Bunu “The Guardian” qəzetində Simon Tisdall yazır.

Müəllif Trump-ın müstəqil jurnalistləri “xalqın düşmənləri” adlandırmasını yada salır. “Bəlkə, Səudiyyənin vəliəhd şahzadəsi bu sözləri yaşıl işıq kimi qəbul elədii?” yazan müəllif Trump-ın jurnalist Jamal Khashoggi-nin İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsi üzrə istintaqla yaxından maraqlanmasını, Səudiyyə rejiminə haqq qazandırmağa çalışmasını dörd hərflə izah edir: İran.

İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası
İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası

Trump anlayıb ki, İranla uzun müddətdir davam edən qarşıdurma strategiyası, noyabrın 5-də İran neftinə tətbiq olunacaq embarqo Səudiyyənin dəstəyi olmadan alınmayacaq.

Bir çox təhlilçilər inanırlar ki, planın hədəfi Tehranda rejim dəyişikliyidir. Bu da Səudiyyənin bazara əlavə neft vurmasından asılıdır. Bu baş verməsə, dünyada neft şoku yaranar, qiymətlər sürətlə qalxar, bu da beynəlxalq bazarlara və ticarətə mənfi təsir göstərər.

Bu səbəbdən Trump Konqresin tələb etdiyi kimi, Səudiyyəyə silah satışını dayandırmaq istəmir. Səudiyyənin Yəməndə apardığı qanlı əməliyyatlara reaksiya verməməsi də bununla bağlıdır. İrana görə Trump cəza alətini işə salmayacaq, Khashoggi işinə görə fərdlərə sanksiya qoymayacaq. Əslində, heç kəs ürəkdən inanmır ki, İstanbuldakı yüksək riskli əməliyyat Mohammed bin Salmanın xəbəri olmadan aparılıb. Amma ona sanksiya tətbiqi Trump-ın İran planına zərbə vurar”, – məqalədə deyilir.

Ən güclülərin gücsüzlüyü

Dünyanın aparıcı ölkəsinin prezidenti aydın şəkildə bildirdi ki, dünyanın heç bir ümumi probleminin həllində maraqlı deyil. O, xarici siyasətini “prinsipial realizm” adlandırsa da, bu siyasət nə prinsipialdır, nə də real. “Project-syndicate” portalında NATO-nun keçmiş baş katibi, Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə keçmiş ali təmsilçisi Javier Solana BMT-nin Baş Məclisinin sentyabrın sonuncu həftəsində keçirilən toplantısından yazır. O qeyd edir ki, artıq “dünya lideri” terminini də rahatca işlətmək olmaz. Çünki ABŞ prezidenti də tutduğu yolda tək görünmür.

Donald Trump Şimali Koreya liderindən aldığı məktubu göstərir
Donald Trump Şimali Koreya liderindən aldığı məktubu göstərir

Müəllifin fikrincə, bəzi liderlərin “milli maraqlar” kimi təqdim olunan qısamüddətli maraqları Soyuq Müharibə bitəndən bəri beynəlxalq münasibətləri daha çox qaynadan faktorlardandır.

BMT-nin Baş Məclisində çıxış edən Trump açıq şəkildə dedi ki, ‘qloballaşma ideologiyasını rədd edirik, vətənpərvərlik doktrinasını qəbul edirik’. O, ardınca gələn Polşa kimi ölkələri təriflədi. Braziliyalılar ifrat sağçı namizəd Jair Bolsonaro-nu prezident seçsələr, dünyada çoxtərəfli institutlara meydan oxuyan millətçi populistlərin dalğasına qoşulacaqlar.

Amma qloballaşma və patriotizm uyuşmaz konsepsiyalar deyil. Trump patriotizmi işə salmaqla yalnız özünün millətçi və şovinist tendensiyalarını ört-basdır edir... Aydındır ki, Trump administrasiyası da necə görünməsindən əndişələnir”, – yazan müəllif beynəlxalq münasibətlərdə bəzi ölkələrin insan haqları kimi prinsipləri kənara qoyduğunu, onlardan ancaq öz maraqları naminə, selektiv istifadə etdiyini vurğulayır.

“Elə Trump da İran rejiminin repressiyasını tənqid edəndə belə davranır, digər ölkələrdə oxşar təcrübəni pisləmir. Amma özünə hörmət edən heç bir realist İranın yaratdığı təhdidi şişirdə, Şimali Koreya lideri Kim Jong Un tərəfindən isə komplimentlərə imkan verməz”, – Solana yazır.

Baş nazir uşaqlardan cinsi istismara görə üzr istədi

Avstraliyanın baş naziri Scott Morrison bu gün – oktyabrın 22-də ölkədə uşaqlara qarşı cinsi istismar qurbanlarından rəsmi üzr istəyib. O deyib ki, ölkə uzun, ağrılı bir yol keçdiyini etiraf etməli, üzr istəməlidir.

Scott Morrison
Scott Morrison

Baş nazir parlamentdə yüzlərlə qurban qarşısında çıxış edib. Bundan öncə uşaqlara qarşı cinsi istismar hallarını araşdıran komissiya qənaətini ortaya qoyub.

Dörd il davam etmiş təhqiqat 17 mindən çox qurbanın səsləndirdiyi sarsıdıcı sübut-dəlili əhatələyib. Onlar hökumətə, kilsə və özəl qurumlara, eləcə də tanınmış şəxslərə qarşı cinsi istismar iddiaları dilə gətiriblər. Vatikanın kardinalı George Pell də bu iş çərçivəsində dindirilib. O da cinsi istismara yol verməkdə, uşaqları qoruya bilməməkdə suçlanır.

Morrison deyib ki, indi Avstraliya suallara cavab verməlidir.

“Niyə millətimiz övladları sevilməyib, onlara qayğı göstərilməyib, qorunmayıblar? Onların inamına niyə xəyanət edilib?” – nazir sual edib.

Deputatlar bu üzrxahlıqdan sonra bir dəqiqəlik susublar. Hökumətsə elan edib ki, uşaqlara qarşı cinsi istismarla bağlı maarifləndirmə məqsədilə muzey və tədqiqat mərkəzi yaradılacaq.

Hökumət yeni uşaq təhlükəsizliyi mərkəzi də yaradıb.

XS
SM
MD
LG