Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

John Bolton Moskvada danışıqlara başlayır


John Bolton, arxiv fotosu
John Bolton, arxiv fotosu

John Bolton artıq Moskvada danışıqlara başlayıb. O, Prezident Vladimir Putin yanında Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev-lə görüşüb.

Çin də oktyabrın 22-də Birləşmiş Ştatları tənqid edib, deyib ki, Ortamənzilli Nüvə Silahları sazişindən birtərəfli çıxmağın mənfi nəticələri olar. Pekin Vaşinqtonu məsələyə ehtiyatla yanaşmağa çağırıb.

“Bu sənəd beynəlxalq münasibətlərin inkişafında, nüvə tərksilahında, qlobal strateji balansı və sabitliyi saxlamaqda vacib rol oynayır”, – Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying deyib.

Birləşmiş Ştatların sazişdən çıxması dünyanı “daha təhlükəli” edər, Rusiya nüvə enerjisi balansını bərpa etməkdən ötrü tədbirlərə əl atmalı olar. Bunu isə Kremlin sözçüsü Dmitry Peskov oktyabrın 22-də deyib.

***

ABŞ Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton oktyabrın 22-də Moskvada danışıqlara başlayır. Qeyd edək ki, Trump ölkəsinin nüvə silahları sazişindən çıxacağını elan edəndən sonra tərəflər arasında gərginlik daha da artıb.

Kremlin sözçüsü Dmitry Peskov Rusiya Prezidenti Vladimir Putinin Boltonla görüşəcəyini oktyabrın 21-də təsdiqləyib, amma bunun ikigünlük səfərin birinci günü – oktyabrın 22-də baş verməyəcəyini deyib.

“CAVAB REAKSİYASI”

Bu gün Bolton Rusiyanın Xarici işlər naziri Sergei Lavrovla görüşməlidir.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Interfax xəbər agentliyinə deyib ki, Boltonun Trump-ın Ortamənzilli Nüvə Silahları sazişinə dair mövqeyinin “dəqiq mənasını peşəkarcasına aydınlaşdıracağını” gözləyir.

Bundan öncə Ryabkov deyib ki, Birləşmiş Ştatların bu sazişdən çıxması “çox təhlükəli” olar, “hərbi-texniki” cavab reaksiyası ilə sonuclanar.

Sergei Ryabkov
Sergei Ryabkov

Saziş Birləşmiş Ştatlar və Rusiyanın uçuş məsafəsi 500 km-dən 5500 km-ə qədər ballistik raketlərin istehsalı, sınağı və quruda yerləşdirməsini qadağan edir.

Birləşmiş Ştatlar Rusiyanın belə raketləri illər boyunca yerləşdirdiyini bildirib, 2014-cü ildə Vaşinqton ittihamlarını açıq şəkildə səsləndirib.

Rusiya isə ittihamları rədd edib, əksinə, ABŞ-ın Avropadakı raketdən müdafiə sistemlərinin bəzi elementlərinin bu sazişi pozduğunu bildirib. Vaşinqton ittihamları qəbul eləmir.

Saziş silahlara nəzarətlə bağlı ilk razılaşma idi.

“Biz bu sazişi bitirməyə, ondan çıxmağa hazırlaşırıq”, – Trump oktyabrın 20-də jurnalistlərə deyib.

GORBACHEV-İN REAKSİYASI

Bu açıqlama keçmiş Sovet ittifaqının lideri Mikhail Gorbachev-in kəskin tənqidinə səbəb olub. Sazişi 1987-ci ildə o, ABŞ Prezidenti Ronald Reagan ilə imzalayıb.

Ronald Reagan (sağda) və Mikhail Gorbachev, 1985-ci il
Ronald Reagan (sağda) və Mikhail Gorbachev, 1985-ci il

87 yaşlı Gorbachev Interfax-a deyib ki, bu addım Vaşinqtonda “müdrikliyin çatışmadığını” göstərir.

“Sazişdən canını qurtarmaq səhvdir”, – deyən Gorbachev əlavə edib ki, liderlər “tərksilahla bağlı köhnə sazişlərə son verməməlidirlər”.

Qərbin reaksiyası isə qarışıq olub.

Britaniyanın Müdafiə naziri Gavin Williamson deyib ki, ölkəsi bu məsələdə tamamilə Vaşinqtonun tərəfindədir.

Almaniyanın Xarici işlər naziri Heiko Maas isə qeyd edib ki, Trump-ın açıqlaması “biz və Avropa üçün çətin suallar yaradır”.

Bolton silahlara nəzarət paktları da daxil olmaqla bir sıra sazişlərin tənqidçisidir.

Boltonun səfəri Moskvayla Vaşinqton arasında Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti, Kremlin ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi üzündən yaranmış gərginliklə bir araya təsadüf edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG