Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Seçkiyə 10 namizədin öldürüldüyü ölkə


Namizədlərdən Haji Saleh Muhammad Khan Achakzai-yə hücum zamanı yaralılardan biri, 9 oktyabr, 2018-ci il
Namizədlərdən Haji Saleh Muhammad Khan Achakzai-yə hücum zamanı yaralılardan biri, 9 oktyabr, 2018-ci il

Sabah – oktyabrın 20-də Əfqanıstanda parlament seçkisi keçiriləcək. Ölkənin 34 vilayətindən 20-də səsvermə planlaşdırılır. Artıq Qəndəharda seçki bir həftə sonraya ertələnib. Çünki vilayətin polis rəisi iki gün öncə qətlə yetirilib.

Taliban və İslam Dövləti silahlı qruplaşmaları seçkiyə qarşı çıxır, demək olar, hər gün hücumlar törədirlər. Seçkinin şəffaflığı sarıdan da narahatlıq var. İlk dəfə olaraq, seçki komissiyası səsvermə məntəqələrini biometrik identifikasiya sistemləri ilə təmin edib.

NAMİZƏDLƏR VƏ SEÇİCİLƏR

Parlamentin aşağı palatasından 249 yer uğrunda 2 min 565 namizəd mübarizə aparır. Onlardan 417-si qadındır. 33 vilayətdə 19 mindən çox seçki məntəqəsi quraşdırılıb. Bunlardan 11 min 667-si kişilər, 7 min 429-u qadınlar üçün nəzərdə tutulub. 46 məntəqə koçilər adlı əfqan köçəriləri, 22-si sikh və hindu azlıqları üçündür. Koçilər üçün parlamentdə 10, sikh və hindular üçün birgə 1 yer nəzərdə tutulub. Təhlükəsizlik səbəblərindən 2 minədək məntəqə bağlanıb.

Qəndəharın polis rəisi General Abdul Raziq-in dəfni
Qəndəharın polis rəisi General Abdul Raziq-in dəfni

Prezident Ashraf Ghani və hökumət başçısı Abdullah Abdullah-ın birgə hökumətinə bir sıra partiyalar müxalif kimi görünsə də, onların heç biri böyük oyunçu sayılmır, çünki namizədlərin çoxu müstəqil kimi çıxış edir.

Əfqanıstan parlamentinin yalnız aşağı palatasının üzvləri birbaşa seçilir. Yuxarı palatasının üzvlərindən bəziləri yerli şuralar tərəfindən seçilir, bir qismini prezident təyin edir.

Qəzni vilayətində seçki olmayacaq, çünki balanslı etnik təmsilçiliklə bağlı razılığa gələ bilməyiblər. Vilayətdə növbəti seçki keçirilənədək 2010-cu ildə seçilmiş deputatlar vəzifədə qalacaq.

Əfqanıstanda 30 ildən çoxdur əhalinin siyahıya alınması keçirilmir, amma burada 30 milyondan çox adamın yaşadığı bildirilir. 8,8 milyon nəfər qeydiyyatdan keçmiş seçici var.

TƏHLÜKƏSİZLİK

Səsvermə məntəqələrini 50 mindən çox təhlükəsizlik qüvvəsi qoruyacaq.

Biometrik cihazlar hazırlanır
Biometrik cihazlar hazırlanır

20 günlük seçki kampaniyası zamanı azı iki namizəd, 34 dinc sakin öldürülüb. Kampaniyadan qabaq beş namizəd öldürülüb, ikisi oğurlanıb, onların barəsində məlumat yoxdur. Bundan başqa, Əfqanıstanın təhlükəsizlik qüvvələri bir müstəqil namizədin iqamətgahı yaxınlığındakı evə basqın zamanı bilmədən onun üç mühafizəçisini öldürüblər.

Oktyabrın 18-də isə Qəndəharda azı iki yüksəkçinli rəsmi qətlə yetirilib. Onlar səsvermə zamanı təhlükəsizliyi müzakirə etməyə yığışmışdılar.

17 ildən çoxdur əfqan və NATO qüvvələrinə qarşı savaşan Taliban seçkini pisləyib, namizədləri, təhlükəsizlik əməkdaşlarını hədəfə alacağını bildirib. Taliban müəllimlərə, tələbələrə xəbərdarlıq edib ki, seçkiyə getməsinlər, məktəblərin səsvermə məntəqəsi kimi istifadəsinə imkan verməsinlər.

Seçkini 400 mindən çox adam müşahidə edəcək. Onların içində vətəndaş cəmiyyəti fəalları, siyasi partiya üzvləri, yerli və beynəlxalq müşahidəçilər, media təmsilçiləri var.

Seçki 2015-ci ilə planlaşdırılmışdı, amma o zaman ölkədə durum sabit deyildi. Əfqanıstan hökuməti bu seçkini keçirmək gücündə olduğunu sübuta yetirmək istəyir.

Hökumət Talibana mesaj göndərmək istəyir ki, dövlət qurumları işləyir və Taliban danışıqlar masasına qayıtmaq qərarı verərsə, hökumətlə işləməli olacaq və bu əfqanların əksəriyyəti üçün çatımlı siyasi proses olacaq”, – “The Associated Press” agentliyi yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG