Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Amerikaya belə müttəfiqlər ‘lazım deyil’ – Qərb mediası


Donald Trump seçki kampaniyası zamanı
Donald Trump seçki kampaniyası zamanı

Amerikaya jurnalistlərə işgəncə verən, onları qətlə yetirən müttəfiqlər lazım deyil. Bunu “Newsweek” dərgisində Demokrat konqresmen Eric Swalwell yazır.

“Səudiyyə monarxiyası jurnalist Jamal Khashoggi Türkiyədəki konsulluqda dindirilən zaman başına nə gəldiyini dünyaya açıqlamağa hazır görünmür. Amerika jurnalistlər və tənqidçilərə qarşı avtoritar zorakılığa qarşı dərhal və qətiyyətlə hərəkətə keçməlidir.

Prezidentimiz xəbər mediasına ‘xalqın düşmənləri’ kimi hücuma keçdiyindən Konqres insan haqları və azad mətbuatın müdafiə üçün addım atmalıdır”, – konqresmen yazır.

Eric Swalwell (sağda)
Eric Swalwell (sağda)

“Trump ona sual verməyə cəsarəti çatan istənilən şəxsə nifrət edir, lap heyran olduğu qoluzorlu despotlar Vladimir Putin və Kom Jong Un kimi. Elə onun jurnalistləri daim qaralaması, eyni zamanda amerikalı jurnalistlərə fiziki hücumların artması məni bu il Jurnalistlərin Qorunması Aktını hazırlamağa sövq etdi”, – yazan müəllifin fikrincə, Trump-ın jurnalistin itməsiylə bağlı tutduğu mövqe onun bu məsələyə biznes kimi yanaşdığını göstərir. Axı, Səudiyyə Ərəbistanı ABŞ-dan xeyli silah alır...

“Ancaq prezident eləməsə belə, Konqres azad mətbuat və insan haqlarının müdafiəsinə qalxa bilər. Artıq hər iki partiyadan konqresmenlər prezidenti 2016-cı il Qlobal Magnitsky Aktını işə salmağa çağırıb. Bu akt dünyanın istənilən yerində insan haqları pozuntuları, yaxud böyük korrupsiyaya yol verənlərə viza qadağası, sanksiyalar tətbiq etməyə imkan verir”, – konqresmen vurğulayır.

Brexit danışıqları: Hələ başlanğıcdır

Brexit danışıqlarının indiki raundunu bağlamaqdan ötrü ya Britaniya, ya da Avropa Birliyi güzəştə getməlidir. Amma onların heç biri başqa həllin mümkünsüz olmasını sərgiləmədən buna gedə bilməz. Karnegi Fondunun saytında Pierre Vimont yazır ki, AB Şurası bu həftə Brüsseldə toplanmazdan öncə AB liderləri bilirdilər ki, Brexit məsələsi bu dəfə də həll olunmayacaq.

Brüsseldə sammit, 18 oktyabr, 2018-ci il
Brüsseldə sammit, 18 oktyabr, 2018-ci il

Tərəflərin razılaşdırmağa çalışdığı əsas məsələ Britaniyanın İrlandiya ilə sərhədidir. London sərhəd qaydalarının sərtləşdirilməsini istəyir, AB buna qarşı çıxır.

Növbəti Brexit sammiti keçirilərsə, şərhçilər bunu ‘son şans’ görüşü adlandıracaqlar. Bu sammitin də nəticəsi olmasa, onlar Britaniya və AB üçün böhrandan danışmağa başlayacaqlar. Bu sürpriz sayılmamalıdır. Məntiq onu deməyə əsas verir ki, istənilən razılaşma əldə olunanadək bu son şans iclasları daha çox keçirilməlidir”, – müəllif yazır və Brexit prosesinin uzanacağını bildirir.

Onun fikrincə, iki səbəbdən Brexi danışıqları planlaşdırıldığı kimi getməyəcək və vaxt uzadılmalıdır. Əvvəla, tərəflər ayrılmayla bağlı razılaşmanın əldə olunacağını, bundan sonra Britaniya ilə AB-nin gələcək münasibətinin müzakirə olunacağını düşünürdülər. O zaman sazişdə Şimali İrlandiya ilə sərhəd məsələsinin bu qədər uzanacağı nəzərə alınmamışdı. İrlandiya adasında sərhəd qaydalarının sərtləşməsinə qarşı çıxan təmsilçilər eyni zamanda Britaniyanın AB-nin Gömrük Birliyi və vahid bazarla münasibətlərini də müzakirəyə çıxarırlar.

İkinci səbəb isə Britaniya və Avropa Birliyini “hədələyən” siyasi sabitsizlikdir. Britaniyada gələcək Brexit sazişinin parlamentdə gözlənən müzakirələrinin siyasi nəticəsiylə bağlı qeyri-müəyyənlik var. Mühafizəkarlar Partiyasının içində baş nazirin dəyişməsi, ümumi seçki, yaxud yeni referendum keçirilməsi fikirləri səslənir. Bütün bunlar da, müəllifin fikrincə, Brexit danışıqlarının indiki mərhələsinin tezliklə bitməsini mümkünsüz edir.

Ukrayna Rusiyaya qarşı qrup yaradır

Ukrayna gələn il keçiriləcək seçkilərə Rusiyanın istənilən müdaxilə cəhdini önləmək məqsədilə qrup yaradıb. Xəbəri “Reuters” agentliyi yayıb.

İllüstrativ foto. Rusiyalı hakerlər
İllüstrativ foto. Rusiyalı hakerlər

Qrupu Prezident Petro Poroshenko-nun rəhbərlik etdiyi Milli Təhlükəsizlik və Müdafiə Şurası yaradıb. Martda ölkədə prezident, oktyabrda isə parlament seçkisi keçiriləcək.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

“Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, Kreml kibernetik və informasiya məkanından istifadə etməklə seçkilərə müdaxilə etməyə çalışacaq”, – Şuranın katibi Olexander Turchynov deyib.

“Rusiyanın istənilən yolla bu seçki prosesindən yararlanaraq dövlətimizə qarşı hibrid təcavüz planlarını gerçəkləşdirməyə çalışacağını düşünməyə legitim səbəblər var”, – o deyib.

Moskva isə indiyədək başqa dövlətlərə qarşı kiberhücumlar həyata keçirmədiyini bildirir.

Hakerlər Ukrayna və Polşada üç enerji və nəqliyyat şirkətini yeni virusla yoluxdurublar və dağıdıcı kiberhücumlar planlaşdıra bilərlər, kompüter təhlükəsizliyi şirkəti ESET bu həftə bəyan edib.

Bu şirkət son illər Ukraynaya qarşı bir sıra kiberhücumların təhqiqatına kömək edib. Açıqlanmış hesabatda hücumu hansı ölkənin törətməsi deyilməsə də, Britaniya adıçəkilən qrupu Rusiya hərbi kəşfiyyatı ilə əlaqələrdə suçlayırdı.

XS
SM
MD
LG