Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Khashoggi son köşəsində nə yazır – Qərb mediası


İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası, 5 oktyabr, 2018-ci il
İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası, 5 oktyabr, 2018-ci il

“The Washington Post” qəzeti itkin düşmüş səudiyyəli yazarı Jamal Khashoggi-nin yeni köşə yazısını dərc edib. O, yazıda xəbərdarlıq edir ki, Yaxın Şərq dövlətləri “medianı getdikcə daha çox susdururlar, onlara meydan verilib”. “Associated Press” yazır ki, qəzet bu yazını dünən – oktyabrın 17-də dərc edib. Khashoggi iki həftə öncə – oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girib və o vaxtdan onu görən olmayıb.

Türkiyənin “Yeni Safak” qəzeti isə dünən iddia edib ki, konsulluqda Khashoggi –nin əvvəl barmaqlarını, daha sonra başını kəsiblər. Bu arada nişanlısı onu konsulluğun qarşısında gözləyirmiş. Vəliəhd şahzadə Mohammed bin Salman isə hadisəylə heç bir əlaqəsi olmadığını deyib.

Köşə yazısıyla yanaşı yerləşdirilmiş qeyddə redaktor Karen Attiah yazır ki, bu yazını Khashoggi-nin təcüməçisi və yardımçısından o itkin düşəndən bir gün öncə alıb. Khashoggi qəzetin rəy bölümündə 2017-ci ilin sentyabrından yazmağa başlayıb, köşələrində şahzadəni, Səudiyyə krallığının necə idarə olunmasnı tənqid edib.

Konsulluqda axtarış gedir, 17 oktyabr, 2018-ci il
Konsulluqda axtarış gedir, 17 oktyabr, 2018-ci il

“Jamal Khashoggi: Ərəb dünyasına ən çox ifadə azadlığı lazımdır” başlıqlı məqalədə müəllif tanınmış bir yazıçının həbsini yada salır. Həmin yazıçı Səudiyyə isteblişmentinə qarşı çıxış edirmiş. Jurnalist Misir hökumətinin bir qəzetə nəzarəti ələ almasını da misal çəkir.

“Artıq beynəlxalq ictimaiyyət bu hərəkətlərə cavab vermir. Əvəzində pisləyir, dərhal da sükut çökür. Nəticədə ərəb hökumətləri getdikcə medianı daha çox susdururlar, meydan sulayırlar”, – Khashoggi yazır.

ABŞ Prezidenti Donald Trump jurnalistin itməsinə görə əvvəlcə Səudiyyəyə qarşı sərt danışıb. Amma dünən deyib ki, Türkiyənin Khashoggi-nin öldürülməsi iddialarına dair audio, yaxud video yazıları təqdim etməsini istəyir, “əgər varsa”.Trump daha öncə demişdi ki, qlobal ictimaiyyət jurnalistin yoxa çıxmasının arxasında Səudiyyənin durması qənaətinə gəlməkdə tələsib.

ABŞ və Səudiyyə Ərəbistanının qarşılıqlı təzyiq vasitələri

“Reuters” agentliyi isə yazır ki, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı yetmiş ildir bir-birindən asılı durumdadır: krallıq neft verir, superdövlət isə təhlükəsizliyi təmin edir.

Donald Trump (sağda) və Mohammed bin Salman, 20 mart, 2018-ci il
Donald Trump (sağda) və Mohammed bin Salman, 20 mart, 2018-ci il

Agentlik tərəfləri bir-birinə bağlayan, bəzən də ayıran məsələləri sadalayır.

Birinci məsələ neftdir, Səudiyyə Ərəbistanı qiymətləri salmaqdan ötrü bazara neft vura, yaxud da əksinə, təchizatı azalda bilər.

Hazırda özünün şist nefti Birləşmiş Ştatların idxal neftindən asılılığını azaldıb. Di gəl, Səudiyyə bu dəfə neft təchizatını azaltmaq, qiymətləri qaldırmağa qərar verərsə, bu, ABŞ Prezidenti Donald Trump-a zərbə vurar, iqtisadi artımı yavaşıdar, 2020-ci ildə yenidən seçilmək şansını da azaldar. Bu, İranın neft gəlirlərinin azaldılması cəhdlərini də əngəlləyər.

İkitərəfli münasibətlərdə önəmli yer tutan ikinci məsələ silah satışıdır. Bir tərəfdən Səudiyyəni “sərt cəzayla” hədələyən Trump digər tərəfdən silah satışını dayandırmaq istəmədiyini deyib, bunun ABŞ-da iş yerlərinin azalması, Rusiya və Çin şirkətlərinin qazanc götürməsiylə sonuclanacağını söyləyib.

Amma silahlar üzrə ekspert William Hartung deyib ki, Birləşmiş Ştatları Səudiyyə Ərəbistanında qurulmuş təyyarə və digər hərbi sistemləri var və Rusiya yaxud Çinin bu mənada ABŞ dilerlərini əvəzləməsi inandırıcı deyil.

Amma ABŞ Konqresi silah satışını dayandıra bilər. Senator Lindsey Graham Fox News Radioya deyib ki, “vəliəhd şahzadə Mohammed bin Salman hakimiyyətdə olduqca silah satışını dayandırardım”.

Di gəl, agentlik yazır ki, Konqres noyabrın 13-dək fasilədədir və konqresmenlərin qəzəbi o vaxtadək soyuya da bilər.

İran hərbi gücünü Rusiya, Çin və Şimali Koreyayla müqayisə edir

İrandan Suriyadakı yaraqlılara raket zərbələri endirilir, arxiv fotosu
İrandan Suriyadakı yaraqlılara raket zərbələri endirilir, arxiv fotosu

İran ordusunun komandirlərindən biri bu həftə bildirib ki, ölkə donanma raketlərinin uçuş məsafəsini 435 milədək uzadıb. İranın elit İnqilab Keşikçiləri Korpusunun hava qüvvələrinin rəhbəri Amir Ali Hajizadeh deyib ki, İran bununla regionda önə çıxıb, hətta dünyanın aparıcı ölkələrindən bəzilərini ötüb.

“İran regionda liderdir, dünyada isə yeddinci, yaxud səkkizinci yerdədir, Şimali Koreyadan qabaqdadır”, – yarırəsmi Fars xəbər agentliyi ona istinadla yazır. O, həmçinin İranın dron hazırlayan ilk 15 ölkə sırasında olduğunu sözlərinə əlavə edib.

“Bu gün isə biz sahil-dəniz ballistik, qanadlı deyil, ballistik raketini hazırlaya bilmişik. Hərbi gəmiləri 700 kilometr (345 mil) məsafədən hədəfə ala bilərik”, – o vurğulayıb.

“Newsweek” yazır ki, İranın raket qüvvələrinin getdikcə güclənməsi regiondakı rəqibləri İsraillə Səudiyyə Ərəbistanını narahat etməyə başlayıb, həmçinin onların xarici sponsoru Birləşmiş Ştatları. Elə ABŞ Prezidenti Donald Trump mayda İranla nüvə sazişindən çıxmasını İranın bu sənədin ruhunu pozması, ballistik raket texnologiyasına, Yaxın Şərqdə şiə müsəlman hərəkatlarına yatırım etməsiylə izah edirdi.

XS
SM
MD
LG