Keçid linkləri

2025, 15 Yanvar, çərşənbə, Bakı vaxtı 08:52

Kerçdə ölənlərin 15-i tələbələrdir


Hadisə yeri
Hadisə yeri

Artıq ölənlərin sayı 21-ə çatıb, hücumu törətməkdə şübhəli bilinən də onların içindədir.

Sergei Aksyonov jurnalistlərə deyib ki, atışma zamanı ağır yaralanmış 16 yaşlı bir qız dünyasını dəyişib. O, Simferopolda idi, müalicə üçün Moskvaya aparılacaqdı.

***

Artıq hadisə qurbanlarının hamısının kimliyi müəyyənləşib.

Kerçin mer müavini Dilyaver Melgaziyev deyib ki, ölənlərdən 15-i tələbələrdir, altısının yaşı 18-dən aşağıdır. Qalan beş nəfərsə kollec əməkdaşlarıdır.

Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova hücumda 70 nəfərin yaralandığını, 10-nun ağır vəziyyətdə olduğunu bildirib. Onlardan beşi komadadır. Nazir yaralılardan azı 10-nun əməliyyat üçün Rusiyanın aparıcı xəstəxanalarına aparılacağını bildirib.

Sergei Aksyonov ilk dəfnin oktyabrın 18-də gerçəkləşəciyini söyləyib.

***

Ukraynanın Krım yarımadasında fövqəladə vəziyyət elan olunub və Rusiya məktəblərin və yarımadanı Rusiyayla birləşdirən körpünün qorunması üçün milli qvardiyaçıları göndərib.

Bir gün öncə bir yeniyetmənin Kerçdə kollecdə törətdiyi qırğında 20-dək adam ölüb.

“HESABINA GİRİŞ MƏHDUDDUR”

Rəsmi məlumata görə, hadisə zamanı 19 nəfər həlak olub, 50 nəfər yaralanıb. Bəzilərinin durumu ağırdır. Amma TASS oktyabrın 18-də səhər daha bir nəfərin cəsədinin aşkarlandığını xəbərləyib.

20-ci cəsədin qırğını törətmiş yeniyetməyə aid olub-olmadığı bilinmir. O, daha sonra intihar edib.

Hadisə qurbanlarını anırlar
Hadisə qurbanlarını anırlar

TASS ölənlərin ya tələbələr, ya da kollec əməkdaşları olduğunu yazır.

Krıma Rusiyanın təyin etdiyi rəhbər Sergei Aksyonov qatilin 18 yaşlı Vladislav Roslyakov olduğunu, onun dördüncü kursda təhsil aldığını, dostlarının olmadığını, elə də yaxşı oxumadığını deyib.

“Sosial mediada yazdığı da hamıya açıq olmayıb. Onun hesabına giriş məhduddur; dostları yoxdur”, – Aksyonov Rossiya-24 televiziyası deyib.

“SOYUQQANLIQLA ATƏŞ AÇIRDI”

Aksyonov gəncin aqressiv deyil, daha çox çəkingən təsir bağışladığını söyləyib. O deyib ki, ola bilsin, Roslyakov “bəzi filmlərə baxıb” və belə bir qırğın törətməyə həvəslənib.

“O, soyuqqanlıqla gəzir, tələbələrə, müəllimlərə atəş açırdı”, – Aksyonov deyib.

Ukraynada və Krımı 2014-cü ildə ilhaq etmiş Rusiyada məktəblərdə atışma nadir hallarda baş verir. Amma “AP” yazır ki, bu hadisə məktəblərin təhlükəsizlik problemini önə çəkib. Elə Kerçdəki kollecdə də mühafizəçi olmayıbmış.

Hadisədən sonra məktəbin ətrafında Rusiya Milli Qvardiyasının üzvləri görünüb. AP yazır ki, Krımı Rusiyayla birləşdirən 19 kilometrlik körpünün təhlükəsizliyi də möhkəmləndirilib.

İstintaqçılar ilkin versiya kimi terror hücumunu istisna etmirdilər.

Bəzi şahidlər isə hücumu birdən artıq adamın törətdiyini deyiblər. Amma Aksyonov məktəbin bufetində partladılmış bombanı Roslyakov-un özünün düzəltdiyini bildirib.

Onun sözlərinə görə, Roslyakov bu yaxınlarda rutin yoxlamalardan keçərək tapança almaq icazəsi əldə edib.

XS
SM
MD
LG