Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:16

Kerç kollecinə hücumda 19 nəfərin öldüyü xəbər verilir


Yaralılara yardım göstərilir
Yaralılara yardım göstərilir

Rusiya hakimiyyət orqanları bildirib ki, Krımdakı kollecdə bomba partlayışı və odlu silahdan atəş açılması nəticəsində 19 tələbə və başqaları həlak olub. Xəbər verilir ki, bomba partlayışını törədən keçmiş tələbə odlu silahla intihar edib.

Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonov bildlirib ki, oktyabrın 17-də törədilmiş hücumda yaralanmış 53 nəfərdən 12-sinin vəziyyəti ağırdır.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, Kerçdəki kollecin 18 yaşlı keçmiş tələbəsi bu təhsil müəssisənin dəhlizləri ilə hərəkət edərək güllə yağdırıb.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib ki, dördüncü kurs tələbəsi Vladislav Roslyakovun hücumdan sonra özünü güllə ilə vurduğu düşünülür.

O deyib ki, müstəntiqlər bu işi terror kateqoriyasından qətl kateqoriyasına keçiriblər. Qətllərin mümkün motivi barədə heç bir məlumat verilmir.

Qurbanların əksəriyyətinin güllə yarasından öldüyü bildirilir. Bu da əlavə edilir ki, kollecdə habelə qəlpə tərkibli bomba partladılıb.

Interfax və RIA xəbər agentliklərunin məlumatına görə ikinci partladıcı qurğu aşkar olunaraq zərərsizləşidirlib.

Aksyonov hücum edənin bir nəfər olduğunu deyib, lakin şahidlər azı iki nəfərdən bəhs edirlər.

İnternetdə yayılmış videoda kollecin direktoru Olga Grebennikova kimi təqdim olunan qadın bildirib ki, “kollecdə çox sayda uşaq meyitləri vardı və bu əsl terror hücumu idi”.

Mobil telefonunun videosunda danışan qadın bunu da deyir ki, kollec çoxsaylı şəxslər tərəfindən hücuma məruz qalıb. Onun sözlərinə görə onlar partladıcıları tullayır, atəş açırdılar.

Sözü gedən qadın danışır ki, şahidlər ona hücum edənlərin iki nəfər olduqlarını və onlardan birinin özünü kollecin yeməkxanasında partlatdığını söyləyiblər. Onların sözlərinə görə ikinci hücum edən dərs otaqlarını gəzərək qarşısına çıxanları güllələyib.

Regional Fövqəladə Hallar Nazirliyi Krım ərazisində fövqəladə vəziyyət elan edib və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Krımda fövqəladə vəziyyət elan olunub
Krımda fövqəladə vəziyyət elan olunub

Krım yarımadasını Ukraynadan ilhaq etmiş Rusiya ölkədə üç günlük matəm elan edib.

Bu arada Kerç sakinləri hücumun baş verdiyi yerə gül-çiçək dəstələri düzürlər, Krımın paytaxtı Simferopolda isə qurbanları yadetmə mərasimləri keçirilir.

Rusiya prezidenti Vladimir Putin hadisə zamanı ağır yaralananların Moskvanın “aparıcı” xəstəxanalarına yerləşdirilməsinə göstəriş verib.

Ukrayna prezidenti Petro Poroshenko özünün Twitter hesabından yaxınlarını itirənlərə başsağlığı verib. O eyni zamanda xatırladıb ki, Kiyev və beynəlxalq icma Krımın Rusiya tərəfindən ilhaqını qanunsuz sayır.

Kerç Rusiyanı Krımla birləşdirən yeni körpünün qərb qurtaracağında yerləşir. Ukrayna bu körpünün tikintisinə etiraz edirdi.

AzadlıqRadiosu yazır ki, məktəbdə odlu silahdan atəş açılması keçmiş sovet respublikalarında görünməmiş hadisədir, lakin son illər Rusiyada bir neçə belə insident baş verib.

2017-2018-ci illərdə Rusiyanın təhsil müəssisələrində baş vermiş insidentlərdə 20 məktəbli öldürülüb və daha 30 nəfər xəsarət alıb.

***

Bundan əvvəl xəbərlərə görə Rusiyanın Krıma rəhbər təyin etdiyi Sergei Aksyonov demişdi ki, kollecə 22 yaşlı keçmiş tələbə hücum edib və özünü də öldürüb. O, ölənlərin 18 nəfər olduğunu bildirib.

***

Krımın Kerç şəhərində kollecdə partlayış olub, rəsmilər 10 nəfərin öldüyünü bildirirlər.

Partlayış oktyabrın 17-də şəhərin şərqində yerləşən politexnik kollecdə baş verib.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib.

Yerli Rusiya hakimiyyəti partlayışın partladıcı qurğuyla törədildiyini bildirib.

İlkin məlumatlarda partlayışa qazın səbəb olduğu deyilirdi.

TASS 70-dək adamın xəsarət aldığını bildirir.

Kerç Rusiyanı Krıma birləşdirən körpünün qərb ucunda yerləşir.

2014-cü ildə Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukovych Avropaya inteqrasiya tələbi səsləndirilən etirazlar nəticəsində devrildi. Bundan sonra Rusiya yarımadaya əsgərlər göndərdi, burada əsas binaları tutdu, Rusiyaya birləşməklə bağlı referendum keçirdi. Ukrayna, azı 100 ölkə bu referendumu qanunsuz saydı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG