Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:12

Trump rusiyalı hakerlərin ‘onunla işi olmadığını’ deyir


Donald Trump, solda Dövlət katibi Mike Pompeo, sağda milli təhlükəsizlik müşaviri John Bolton
Donald Trump, solda Dövlət katibi Mike Pompeo, sağda milli təhlükəsizlik müşaviri John Bolton

ABŞ Prezidenti Donald Trump rusiyalı hakerlərin 2016-cı il prezident seçkisinin nəticəsinə təsir göstərmədiyini deyir. O, hakerlərin sayca az olduğunu, bəzilərinin isə onun rəqibi Hillary Clinton-u dəstəklədiyini vurğulayıb.

Oktyabrın 16-da “Associated Press” agentliyinə müsahibə zamanı Trump-dan hakerlərin rolu barədə də soruşublar. ABŞ kəşfiyyat agentlikləri və prokurorlar onların seçkiyə müdaxilə etməsi qənaətinə gəliblər.

“CƏMİ 28 NƏFƏR?”

“Haqqında danışdığınız, Moskvadan olan bu rusiyalı hakerləri tanıyırsınız? Onların mənimlə heç bir əlaqəsi yoxdur. Neçə nəfərdilər? Cəmi 28 nəfər?” – prezident deyib.

“Onlardan bəziləri Hillary Clinton-u dəstəkləyib”, – deyən Trump bir daha əlavə edib ki, “onların mənlik bir işləri yox idi”.

Trump oğlu kiçik Donald Trump-ı da müdafiə edib. O, 2016-cı ilin iyununda Nyu Yorkda Trump Qülləsində rusiyalı vəkillə görüşüb, guya həmin vəkil onda Clinton-a zərbə vuracaq informasiya olduğunu deyib.

Kiçik Donald Trump Nyu Yorkda boşanma məhkəməsində
Kiçik Donald Trump Nyu Yorkda boşanma məhkəməsində

Prezident oğlunu “yaxşı cavan oğlan” adlandırıb, istənilən siyasi köməkçinin hərəkət edəcəyi kimi davrandığını söyləyib.

ABŞ-da Konqres seçkilərinə üç həftə qalır. Trump seçkiöncəsi geniş müsahibəsində deyib ki, Respublikaçı Partiyası Nümayəndələr Palatasına nəzarəti itirərsə, o, buna görə özünü günahkar saymayacaq. Prezident apardığı kampaniyanın respublikaçı namizədlərə kömək etdiyini sözlərinə əlavə edib.

"MÜHAKİMƏ ETMƏYƏ TƏLƏSMƏYƏK"

Palatanın aparıcı demokrat üzvü Nancy Pelosi oktyabrın 16-da deyib ki, demokratların 6 noyabr seçkisində yerlərin çoxunu qazana biləcəyinə inanır.

Jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına görə ABŞ administrasiyası Səudiyyə Ərəbistanına təzyiq göstərməyə çağırılır. Amma Trump müttəfiqini müdafiə edib, xəbərdarlıq edib ki, mühakimə etməyə tələsməsinlər.

ABŞ vətəndaşı olan, krallıq rəhbərliyini tənqid etməsilə tanınan Khashoggi axırıncı dəfə oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girib, sonra onu görən olmayıb. Adları çəkilməyən Türkiyə rəsmilərinin deməsinə görə, oktyabrın 16-da konsulluqda axtarış zamanı onun orada öldürülməsinə dair dəlil tapılıb.

“Məncə, biz öncə nə baş verdiyini aşkarlamalıyıq. İndi isə ‘günahsız olduğunu sübut edənədək günahkarsan’ kimi davranırıq”, – Trump deyib.

Prezident onu da qeyd edib ki, Səudiyyənin vəliəhd şahzadəsi, Khashoggi-nin daim tənqid etdiyi Muhammad Bin Salman jurnalistin başına nə gəlməsindən xəbəri olmadığını deyib.

XS
SM
MD
LG