Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:13

'Sürüşmə zonasında quyular iki ildir ki, təmizlənməyib'-Media icmalı


R.Həsənov
R.Həsənov

9 ayın iqtisadi göstəriciləri, korrupsiya halları, Badamdarda sürüşmənin səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Kağız üstə müstəqillik»

«Yeni Müsavat» qəzetində «Rəşad Həsənov: Hesablama Palatasının müstəqilliyi kağız üzərindədir» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə korrupsiya mövzusu ekspert Rəşad Həsənovla müzakirə olunub.

Yazıda bildirir ki, son günlər ölkədə hazırda həbsdə olan keçmiş bankir Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın London xərcləmələrindən və başqa korrupsiya iddialarından geniş bəhs edilir.

Müəllif hesab edir ki, həmin hallar Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarətin yetərli səviyyədə olmamasının göstəricisidir.

İqtisadçı-ekspert R.Həsənov qəzetə deyib ki, indi ölkədə dövlət vəsaitlərinin xərclənməsinə nəzarət, əsasən, iki istiqamətdə həyata keçirilir: «Birincisi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətidir, ikincisi isə Hesablama Palatasıdır. Bundan əlavə, dövlət satınalmaları ilə bağlı da nəzarət imkanları var».

Ekspert hesab edir ki, Azərbaycanda dövlət vəsaitləri üzərində ictimai nəzarət zəif inkişaf edib. R.Həsənov deyib ki, buna görə də cəmiyyət əksər hallarda milyonlarla manat vəsaitin səmərəsiz xərclənməsini, yaxud da ki, mənimsənilməsini çox sonralar bilir. Ekspertə görə, şəffaflığı təmin etmək dövlətin öhdəliyidir: «Dövlətin bu istiqamətdəki fəaliyyətlərinə nəzarət edəcək əsas qurum isə Hesablama Palatasıdır. Düzdür, son illərdə bu qurumun işində irəliləyişlər var. Amma müşahidə etdiyimiz budur ki, Hesablama Palatasının müstəqilliyi, sadəcə, kağız üzərindədir, praktikada bu qurum müstəqil deyil...».

R.Həsənov deyir ki, tenderlərin keçirilməsi sahəsində də ciddi problemlər var: «Tenderləri bir çox tender elanından 2-3 gün əvvəl yaradılmış, nizamnamə fondu 10 manat olan şirkətlər udur. Bu, nonsensdir,...».

Bayılda yenə sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

«Evin, torpağın sənədləri tam qaydasındadır»

Qafqazinfo.az saytında da «Bu evlərin heç biri qanunsuz deyil» sərlövhəli yazı diqqət çəkir.

Müəllif 20-ci Sahə-Badamdar yolu ərazisindəki torpaq sürüşməsi, bunun səbəbləri və bu məsələ ətrafında bir sıra vəzifəli şəxslərin açıqlamaları ilə bağlı həmin zonada evi olan Fərid Axundovla söhbət edib.

Son günlər bəzi dövlət məmurları vurğulayıblar ki, həmin evlər qanunsuz tikildikdən sonra rəsmiləşdirilib. F.Axundov da öz növbəsində sayta bunları deyib: «24 ildir burada yaşayıram, həm mənim, həm də qonşularımın evinin, torpağının sənədləri tam qaydasındadır».

F.Axundov vurğulayıb ki, həmin ərazilərdə hələ də kanalizasiya sistemi yoxdur.

Ev sahibinin sözlərinə görə, ərazidə 2013-cü ildə sürüşmə daha güclü olub. O zaman orada yeraltı suların çəkilməsindən ötrü 7 quyu qazılıb. Amma F.Axundovun deməsinə görə, həmin quyular artıq iki ildir ki, təmizlənməyib.

F.Axundov üstəlik vurğulayıb ki, hələ də onlara yaxınlaşan, evlərinin vəziyyəti ilə maraqlanan olmayıb, sadəcə, aşağıdan baxıb gediblər.

Onun sözlərinə görə, qrunt sularının çəkilməsindən ötrü qazılan quyulara qoyulan nasosların fəaliyyətinə görə işıq borcu yaranıb və buna görə də «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti elektrik verilməsini dayandırıb.

Oktyabrın 10-dan 20-ci Sahə-Badamdar yolunda sürüşmə aktiv fazaya keçib. Rəsmilər sürüşmə zonası yaxınlığında 11 fərdi evin sakinlərinin təxliyə edildiyini, əraziyə qaz, su, elektrik verilməsinin dayandırıldığını açıqlayıblar. Rəsmilər habelə deyiblər ki, yeraltı suların çəkilməsindən ötrü əlavə 5 quyu qazılacaq.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

«Möhkəm sabitlik»

«Azərbaycan» qəzetində «Davamlı inkişaf və möhkəm sabitlik» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, prezident İlham Əliyev idarəçiliyində hökumətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması əsas yer tutur.

Yazıda vurğulanır ki, hər rübün və ilin yekunlarına dair Nazirlər Kabinetinin iclaslarının keçirilməsi də iqtidarın xalq qarşısında hesabatıdır: «Belə iclaslar Azərbaycan iqtidarının fəaliyyətindəki şəffaflığın əyani sübutudur. Eyni zamanda, bu cür iclaslar təsdiqləyir ki, vətəndaşların iqtidara olan etimadını, həmçinin uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri də sosial məsuliyyət prinsipidir».

Müəllif hesab edir ki, artıq Azərbaycanda bir neçə il əvvəlki çətinliklər geridə qalıb: «2016-cı ildən başlanan yeni iqtisadi islahatlar ölkədə xüsusən qeyri-neft sektorunun inkişafını təmin edib. İqtisadiyyatdakı inkişaf 2018-ci ildə də artan templə davam edib. Ona görə də ötən 9 ay inkişaf templərinin sürətləndirilməsi istiqamətində növbəti uğurlu mərhələ kimi də səciyyələndirilə bilər».

Müəllif Nazirlər Kabinetinin bu ilin 9 ayı ilə bağlı keçirilən toplantısında dövlət başçısı İ.Əliyevdən sitat da gətirib: «2018-ci il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır».

Yazıda bildirilir ki, hesabat dövründə ümumi daxili məhsul (ÜDM) 0.8, qeyri-neft sektoru 1, sənaye istehsalı 2, qeyri-neft sənayesi də 10.8 faiz artıb.

XS
SM
MD
LG