Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Səudiyyənin neft silahı işə yaramır – Qərb mediası


Səudiyyə Ərəbistanı, arxiv fotosu
Səudiyyə Ərəbistanı, arxiv fotosu

Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğuna girəndən sonra jurnalistin itməsindən dolayı yaranmış diplomatik böhranda “neft silahı”nı, çox güman ki, işə salmayacaq. “Reuters” agentliyinin bazar təhlilçisi John Kemp yada salır ki, ötənlərin təcrübəsi bu halda krallığın özünün qurbana çevriləcəini göstərib.

“The Washington Post”un jurnalisti Jamal Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluğa girəndən sonra yoxa çıxıb.

Səudiyyə mediasındakı ritorikaya baxmayaraq, hökumətin öz maraqları neft satışını azaltmağı, yaxud qiymətləri qaldırmağı mümkünsüz edir.

ABŞ Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq etsə, bizim üzləşəcəyimiz iqtisadi fəlakət bütün dünyanı sarsıdar”, – Al Arabiya-nın redaksiya məqaləsində deyilir.

Ər-Riyad qlobal neftin paytaxtıdır və ona toxunmaq neft hasilatına təsir göstərəcək”, – məqalədə vurğulanırdı.

İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası
İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası

1973-cü ilin oktyabrında Səudiyyə Ərəbistanı və digər ərəb neft hasilatçıları elan elədilər ki, İsrail qüvvələri işğal etdikləri ərəb ərazilərindən çıxmayınca, hasilatı 5 faiz azaldacaqlar. Onlar ABŞ-a və bir sıra başqa ölkələrə neft satışına embarqo da qoydular.

Bu qərarlardan öncə dünyada neft təchizatı onsuz da azalmışdı deyə, hasilatın azaldılması və satış embarqosu neftin bahalanması səbəb oldu, Səudiyyə və digər hasilatçılar üçün qısamüddətli böyük gəlirlər gətirdi.

Ancaq bu siyasətin şərtləri iflasa aparırdı, bir neçə aydan sonra dayandırıldı, Səudiyyə Ərəbistanı və OPEC-ə uzunmüddətli ziyan vurdu, nəticələrini aradan qaldırmaq onillərlə çəkdi.

Ən əsası, bu siyasət elan etdiyi məqsədinə çatmadı, Birləşmiş Ştatların İsrailə dəstəyini dəyişdirə, yaxud İsraili işğal etdiyi Fələstin torpaqlarından çıxmağa məcbur edə bilmədi.

Məsələnin ən ciddi tərəfi isə budur ki, neft 1979-cu il İran inqilabından sonra bir daha bahalandı, Səudiyyə Ərəbistanı və digər neft hasilatçısı olan ərəb ölkələrindən ötrü daimi tələb bazarı dağıldı, alternativ təchizatçılar ortaya çıxdı”, – müəllif vurğulayır.

İran Səudiyyənin yanlışından necə yararlanır

“Chatam House” beyin mərkəzinin saytında Sanam Vakil yazır ki, Tehran səudiyyəli jurnalistlə bağlı böhrandan yararlanaraq regionda mövqeyini möhkəmləndirəcək.

Hezbollah tərəfdarı Yəmənə dəstək aksiyasında
Hezbollah tərəfdarı Yəmənə dəstək aksiyasında

Jamal Khashoggi-nin yoxa çıxması Səudiyyə Ərəbistanın yol verdiyi daha bir siyasi yanlışdır və bu, İrana geosiyasi fayda verəcək. Birləşmiş Ştatlardan İrana neft sanksiyaları gözlənir, ABŞ, Səudiyyə, BƏƏ və İsrail Tehrana koordinasiyalı təzyiq göstərir və bu arada AB, Vaşinqtonun çıxmasına baxmayaraq, neft sazişini qoruyub saxlamağa çalışır. Tehrandan ötrü bundan gözəl fürsət ola bilməz”, – müəllif yazır və indiyədək İranın dəfələrlə Səudiyyənin yanlışları hesabına üstünlük qazandığını, regional təcriddən özünü qoruya bildiyini qeyd edir.

Məsələn, Yəməndə 2015-ci ildən bəri Səudiyyə koalisiyasına qarşı çıxan husilərlə möhkəm əlaqə qurub, onları təlim, avadanlıqla təmin edir. Qətər böhranında Tehran Dohaya dərhal ərzaq yardımı göstərdi və sairə. Bəs indi, görəsən, İran bu böhrandan necə faydalanacaq?

“Ən asan yol budur ki, Tehran regional düşməninə yönəlmiş beynəlxalq tənqiddən heç nə etməmək və deməməklə faydalansın. Beləliklə, diqqət nüvə sazişindən, İranın regionda müdaxiləsindən, ballistik raket proqramından yayınar. Tədricən ABŞ-Səudiyyə münasibətləri zəifləyə, sonucda İrana qarşı regional koordinasiya cəhdində də çat yaranar.

Tehran neft qiymətlərindəki artımdan da qazanır. Səudiyyə Ərəbistanının sanksiyalara cavab tədbirləri görməklə hədələməsi nefti bahalandırıb və İran son bir neçə həftədə, noyabrda ixracına gözlənən sanksiyalar öncəsi neft satışından yaxşıca qazanıb...

Və ən nəhayət, İran bu böhran hesabına Səudiyyə Ərəbistanıyla yandırdığı körpüləri sakitcə bərpa etməyə çalışacaq. Son illər Tehran Səudiyyənin anti-İran gündəminə elə də əhəmiyyət vermir, Birləşmiş Ştatlardan və İsraildən gələn daha böyük təhlükəsizlik problemlərinə diqqət ayırır. Ər-Riyadın İranın nüvə sazişinə qarşı effektiv lobbiçiliyini, regional anti-İran koalisiyasındakı rolunu görəndən sonra İran siyasətçiləri anladılar ki, Səudiyyə ilə bağlı daha səmərəli siyasət yürütməlidirlər”, – müəllif vurğulayır.

Merkeli gözləməyin

Almaniyanın sağ-mərkəzçi koalisiyası hazırda avtopilot rejimindədir, Avropaya hər hansı təşəbbüs, yaxud ideyalar verəcəyi gözlənilmir. Karnegi Avropa fondunun saytında Judy Dempsey Almaniyada regional seçkilərdən sonra nəticələrin elə də ümidverici olmadığını yazır.

Angela Merkel Yerusəlimdə, 4 oktyabr, 2018-ci il
Angela Merkel Yerusəlimdə, 4 oktyabr, 2018-ci il

Bavariyada Merkelin koalisiyasının göstəriciləri zəiflədiyi üzə çıxıb. Xristian Demokratik Birliyinin (DCU) müttəfiqi olan Xristian Sosial Birliyi (CSU) öz yurdunda çoxluğu itirib. Koalisiyaya səs verənlər 10,5 faiz azalaraq 37 faizə düşüb. Bu seçkidə ən yaxşı nəticəni Yaşıllar göstərib.

Bu, Kansler Angela Merkel, ümumiyyətlə Avropa üçün nə deməkdir? Müəllif yazır ki, 1945-ci ildən Almaniyanın idarə edən iki böyük partiyaya dəstəyin getdikcə azaldığı görünür.

Bu həm də o deməkdir ki, Almaniya hər hansı cəsarətli təşəbbüslə çıxış etməyəcək, yaxud Avrozonada islahat aparmayacaq, iqtisadi, yaxud siyasi inteqrasiyaya dair hər hansı təklif də verməyəcək. Bavariyada seçkinin nəticələri koalisiyaya çox az manevr imkanı buraxır”, – yazan müəllif iki həftəyə Almaniyanın Hesse vilayətində də seçki keçiriləcəyini vurğulayır. Bu ştat Xristian demokratların Yaşıllarla koalisiyası tərəfindən idarə olunur və Merkel nəticənin CDU üçün fəlakətli olmayacağına ümid edir.

Dekabrda partiyasının vacib qurultayı öncəsi ona pis nəticə lazım deyil”, – Dempsey yazır.

XS
SM
MD
LG