Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 17:18

Vəkili saxlanan müsavatçı ilə görüşə bilməyib


A.Həsənov

Litvadan Azərbaycana gələn və həbs edilən Müsavat Partiyasının üzvü Azad Həsənovla vəkilinin görüşməsi, hələlik, mümkün olmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Osman Kazımov məlumat verib.

Vəkil deyib ki, istintaq qurumu onun A.Həsənovla görüşməsindən ötrü icazə məktubunu, hələlik, verməyib.

«İstintaq Bakı Şəhər Baş Polis İdarəsində aparılır. Onlara icazə məktubu almaq üçün müraciət etmişəm. Hələlik, icazə məktubu verilməyib. Müstəntiqlər bildiriblər ki, icazə məktubunu rəis hələ imzalamayıb», -deyən O.Kazımovun sözlərinə görə, məktub olmadan istintaq altında olan şəxslə görüşmək mümkün deyil.

Müsavat Partiyası isə A.Həsənovun durumundan narahatlıq ifadə olunan açıqlama yayıb. Partiya hesab edir ki, yaxınlarının və vəkilinin A.Həsənovla görüş ala bilməməsi onun sağlıq durumu ilə bağlı narahatlıq doğurur.

«Əvvəl Azad Həsənovun saxlandığı yer barədə məlumat verilmirdi. İndi də vəkili ilə görüşməyə imkan verilmir. Bu, Azad Həsənovun fiziki və mənəvi işgəncəyə məruz qalması, onun həyatına təhlükə olmasına dair narahatçılığı artırır», - partiyanın açıqlamasında bildirilir.

Vəkilin açıqlamasına və Müsavat Partiyasının narahatlığına Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

A.Həsənov 2014-cü ildən Litvada yaşayırdı. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir. Yaxınlarının deməsinə görə, oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülkigeyimli şəxslər saxlayıb.

Bir neçə gün ondan məlumat almaq mümkün olmayıb. Nəhayət, vəkili O.Kazımov onun həbsi haqqında qərar əldə etdiyini açıqlayıb. Vəkilinin vurğulamasına görə, A.Həsənov barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan qərarı verib.

«Azad Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.», - deyə vəkili bildirib

Həmin maddədə qeyd edilən əməllər sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanatında həbsi siyasi motivli sayıb. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG