Ermənistanın baş naziri Nikol Pashinian oktyabrın 16-da, axşam saatlarında ictimai televiziyanın canlı efirində istefa verdiyini bəyan edib.
“Bu gün artıq dediyim kimi Ermənistan Respublikasının baş naziri vəzifəsindən istefa verirəm”.
Nikol Pashinian istefaya getməklə erkən seçkilərin keçirilməsi proseduruna start vermiş olur.
Beləliklə, Ermənistan Milli Məclisi qarşıdan gələn iki həftədə yeni baş naziri iki cəhddə seçə bilməsə, parlament avtomatik olaraq buraxılır və bunun ardınca dekabr ayında parlamentə yeni seçki keçirilir.
Xatırladaq ki, Ermənistan parlamentindəki fraksiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərini vəd ediblər.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistanın baş naziri Nikol Pashinian-ın oktyabrın 16-da istefaya gedəcəyi gözlənir. Məqsəd parlamentin buraxılması və ilin sonunadək erkən seçkilərin keçirilməsinə nail olmaqdır.
Pashinian-ın partiyası Yerevanda mer seçkisində qəti qələbə qazanandan sonra o, siyasi opponentlərini parlamentdə malik olduqları üstünlükdən məhrum etməyi qarşısına məqsəd qoyub.
Vaxtilə parlamentdə müxalifəti təmsil edən Pashinian həftələrlə davam edən etirazlardan sonra mayda hakimiyyətə gəlib. Etirazlar Respublikaçı Partiyasından Serzh Sarkisian-ı istefaya getməyə məcbur edib.
Oktyabrın 16-da hökumətin iclasından öncə Pashinian deyib ki, Ermənistan “yeni tarixi dönəmə” girir və “yazda başlanmış qeyri-zorakı məxməri inqilabı tamamlamalıdır”.
Pashinian oktyabrın 16-da axşam “daha dəqiq” bəyanat verəcəyini də açıqlayıb.
Pashinian-ın sözçüsü Arman Egoian oktyabrın 15-də AzadlıqRadiosu-nun erməni xidmətinə demişdi ki, baş nazir oktyabrın 16-da istefa verəcək.
Baş nazir özü də ötən həftə Fransanın France 24 televiziyasına müsahibəsində həmin tarixi dilə gətirmişdi.
Egoian AzadlıqRadiosu-na deyib ki, Pashinian açıqlama verəndən bir gün sonra hökumət fövqəladə iclas keçirəcək.
Ermənistan konstitusiyasına görə, baş nazir istefa verir, parlament iki həftə ərzində onun yerinə kimsəni təsdiqləyə bilmirsə, erkən seçkilər təyin olunur.