Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

Üsyançılar İdlibdəki bufer zonadan çıxmırlar


Milli Azadlıq Cəbhəsinin döyüşçüləri
Milli Azadlıq Cəbhəsinin döyüşçüləri

Suriyanın İdlib vilayətindəki yaraqlılar oktyabrın 15-nə qoyulmuş son tarixə əməl etməyib, bufer zonadan çıxmayıblar. Bu zona Rusiya və Türkiyənin əldə etdiyi atəşkəs razılaşması çərçivəsində yaradılıb. Beləliklə də, Suriya hökumətinin hərbi kampaniyanı bərpa etmək təhlükəsi yaranıb.

Suriyanın xarici işlər naziri Walid al-Moualem deyib ki, Suriya qüvvələri İdlibdə qalan yaraqlıların “kökünü kəsməkdən ötrü” savaşı bərpa etməyə hazırdırlar. Amma onun sözlərinə görə, Suriya Rusiyaya vaxt verəcək ki, onların sazişə əməl edib-etmədiyini müəyyənləşdirsin.

20 KİLOMETRLİK ZONA

Ötən ay Türkiyə və Rusiyanın əldə etdiyi razılaşma İdlibdə gözlənən qanlı savaşın qarşısını aldı. 20 kilometr uzunluqda yaradılan bufer zonadan bütün ağır silahlar, İslamçı ekstremistlər oktyabrın 14-ü gecəyarısınadək çıxmalıydılar.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının rəhbəri Rami Abdel Rahman oktyabrın 15-də deyib ki, yaraqlılar razılaşmaya əməl etməyiblər.

“Neytral zonadan cihadçı yaraqlıların çıxmasını qeydə almamışıq”, – o bildirib.

Walid al-Mualem (sağda) iraqlı həmkarı Ibrahim al-Jaafari ilə Dəməşqdə mətbuat konfransında
Walid al-Mualem (sağda) iraqlı həmkarı Ibrahim al-Jaafari ilə Dəməşqdə mətbuat konfransında

Moualem isə Dəməşqdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, indi razılaşmanın necə yerinə yetirildiyinə Rusiya qərar verəcək və bu da vaxt apara bilər.

“Rusiyanın cavabını gözləməliyik. Rusiya durumu izləyir, monitorinqini aparır”, – nazir vurğulayıb.

“İdlib razılaşmasına əməl olunmursa, İdlib ətrafındakı silahlı qüvvələrimiz terrorçuluğun kökünü kəsməyə hazırdır”, – o deyib.

Al-Qaeda-nın keçmiş Suriya qanadının rəhbərlik etdiyi Tahrir al-Sham islamçı alyansı isə oktyabrın 14-də yaydığı bəyanatda atəşkəs razılaşmasını alqışlayıb, amma hökumətlə savaşı davam etdirəcəyini bildirib.

SİLAHLILARIN REAKSİYASI

Tahrir al-Sham və daha aşırı islamçı digər qruplar bufer zonanın üçdə ikisindən də artığını, İdlibin qalan hissəsinin, demək olar, yarısını tutublar.

İdlibin kənarında Rusiya əsgərləri
İdlibin kənarında Rusiya əsgərləri

İdlibin digər əsas üsyançı fraksiyası, Türkiyəyə bağlı Milli Azadlıq Cəbhəsi razılaşmaya dəstəyini bir neçə dəfə dilə gətirib.

Moualem deyib ki, İdlib üsyançılardan təmizlənəndən sonra hökumətin növbəti hədəfi Fərat çayının şərq hissəsi olacaq. Buraya hazırda Birləşmiş Ştatların müttəfiqi sayılan Suriya Demokratik qüvvələri nəzarət edir.

Məlumatlara görə, kürd liderlər Dəməşqə gedərək ötən il İslam Dövləti ekstremist qrupundan azad etdikləri ərazinin gələcəyi ilə bağlı hökumətlə danışıqlar aparırlar. Burada kürdlər ABŞ qüvvələrinin dəstəyi ilə özünüidarə sistemi yaradıblar.

Amma Moualem bu danışıqlarda elə bir razılaşma əldə olunmadığını vurğulayıb. O, kürdlərin nəzarətində olan ərazinin Suriya Prezidenti Bashar al-Assad qüvvələri üçün hücum obyekti olaraq qaldığını vurğulayıb, hətta bu, ərazidəki ABŞ hərbçiləri ilə toqquşmayla sonuclansa belə.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG