Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Xaricdəki hesabları vergidən necə yayındırırlar – Qərb mediası


London, arxiv fotosu
London, arxiv fotosu

Zəngin adamların və şirkətlərin pullarını ofşorlarda gizlətməsini əngəlləməyi hədəfləyən qaydalarında boşluqlar var və bu o deməkdir ki, xaricdəki hesabları da vergi orqanlarından gizlətmək olar. “The Guardian” qəzeti bunu yeni açıqlanmış hesabata istinadla yazır.

2017-ci ildə vergidən yayınmanı azaltmaq məqsədilə “ümumi hesabat standartı” qəbul olundu. O vaxtdan bəri Avropa Birliyinin üzvü olan ölkələr xaricdə hesabları olan vətəndaşlarla bağlı maliyyə informasiyası mübadiləsi aparırdılar. Belə ki, ofşor hesablar barədə informasiya hesab sahibinin qeydiyyatda olduğu ölkəyə göndərilirdi və yerli hakimiyyətlər bu pulun vergi cəlbinin qayğısına qalırdılar.

Avropa Yaşıllar Partiyasının hazırladığı hesabat isə üzə çıxarıb ki, zəngin investorlar və şirkətlər bəzi boşluqlardan yararlana bilərlər.

Bir problem odur ki, heç də bütün ölkələr bu qaydalara əməl etmir, məsələn, əsas oyunçulardan biri – Birləşmiş Ştatlar burada yoxdur. Bu ölkə qismən informasiya göndərməyə razılaşıb, amma fərdlər yenə də kimliklərini şirkətlərin arxasında gizlədə bilirlər.

Hesabatda deyilir ki, Avstriya və Bolqarıstan ABŞ-dan informasiya ala bilmir. Eləcə də bu ilin iyununadək azı 43 ölkənin ümumi hesabatlılıq standartına əməl etmədiyi üzə çıxıb. Onların içində Monteneqro, Serbiya və Ukrayna da var. Hesabata görə, AB vətəndaşı və şirkəti üçün avtomatik informasiya mübadiləsindən yayınmağın ən asan yolu bu ölkələrdən birində, yaxud ABŞ-da şirkət adıyla bank hesabı açmaqdır.

Daha bir boşluq vətəndaşlıq əvəzində ölkəyə böyük məbləğdə sərmayə boyun olan zəngin investorlar üçün qızıl viza təklif edən ölkələrlə bağlıdır.

Yeni itkinlər

“Çindən Səudiyyə Ərəbistanınadək, bugünkü avtoritar rejimlər adamları qəfil və gizlicə oğurlayırlar. Tanınmış fiqurlar, yüksəkçinli rəsmilər saxlanır, yaxud da başlarına daha betəri gəlir. Bu, opponentlərini susdurmağın qədim və səmərəli taktikasıdır, amma bu yola əl atanlar sonda peşman olacaqlar”.

İstanbuldakı Səudiyyə konsulluğu
İstanbuldakı Səudiyyə konsulluğu

“Project Syndycate” portalında Nina L. Khrushcheva yada salır ki, 1970 və 90-ci illərdə Argentina və Çilidə hökmranlıq etmiş hərbi xuntalar, Sovet İttifaqında Joseph Stalin rejimi tənqidçilərini “yox etdirirdlər”. İndi bu məşum təcrübənin qayıtdığı görünür.

Ötən ay Interpol təşkilatının prezidenti Meng Hongwei Çində yoxa çıxdı, sonradan ona ittihamlar irəli sürüldüyü bəlli oldu. Səudiyyə Ərəbistanında Livanın baş naziri Saad Hariri saxlanmışdı, istefa verməyə məcbur edildi. Ötən həftə isə səudiyyəli jurnalist Jamal Khashoggi ər-Riyadın İstanbuldakı konsulluğuna girəndən sonra “qeybə çəkildi”.

“Khashoggi-nin itməsi bugünkü avtoritarların tənqidçilərini susdurmaqdan ötrü dövlət sərhədlərini belə gözardı etdiyini ortaya qoyur. Jurnalistin başına nə gəldiyi bəlli deyil, amma Türkiyə hökuməti onun konsulluqda öldürüldüyünü bildirir...

Sual olunur – avtokratların opponentlərini susdurmaq naminə sərhədlərə və suverenliyə həqarəti ödəniləcək bədələ dəyərmi? Qərb dünyasında (Rusiya Prezidenti Vladimir) Putinə dönük kimi baxırlar, (Çin lideri) Xi-yə də etibar azalıb, Səudiyyə şahzadəsi Mohammed-in islahatçı imicinə isə bərpaolunmayacaq ziyan dəyib. Onların hamısını tezliklə Napopelon-un polis naziri Joseph Fouché-nin taleyi gözləyir. Engien hersoqunun oğurlanması və biabırçı məhkəməsindən sonra anladı ki, ‘Bu, cinayətdən də pis idi; səhv idi’”.

Navalny buraxıldı, indi neyləyəcək?

Rusiya müxalifətinin aparıcı fiquru Alexei Navalny 3 həftədən sonra həbsdən buraxılıb.

Navalny azadlığa çıxır
Navalny azadlığa çıxır

O, sentyabrın 24-də qanunsuz etirazın təşkilində ittiham olunaraq saxlanmışdı. Elə həmin gün 30 günlün həbsdən çıxmışdı, həmin cəzanı isə yanvardakı siyasi yürüşün təşkilinə görə çəkmişdi.

42 yaşlı siyasətçi azadlığa çıxan kim Kremlə qarşı etirazları davam etdirəcəyini bildirib.

“Həbsdə olduğum 50 gün ərzində bu rejimin çökməkdə olduğuna bir daha şahid olduq”, – o, “Frans Pres” agentliyinə deyib.

“Bloomberg” yazır ki, Kreml elitasının bir məsələdən narahat olduğu bildirilir – Navalny təqaüd yaşının artırılmasından dolayı Rusiyada geniş yayılmış narazılıqdan istifadə edəcəkmi. Təqaüd yaşının artırılması təklif olunandan bəri Prezident Vladimir Putinin reytinqi də düşüb.

Elə Navalny-nin ikinci dəfə saxlanmasının səbəbi də Putin hökumətinin pensiya islahatına qarşı yürüşlər idi.

“Frans Pres”in yazmasına görə, tərəfdarları iki ardıcıl saxlanmadan sonra Navalny-yə cinayət işi açılacağından, onun uzunmüddətli həbsə atılacağından narahatdırlar.

Elə Navalny martda prezident seçkisinə barəsindəki məhkumluğa görə buraxılmadı, amma özü ittihamları uydurma adlandırırdı.

Bu arada Kremlin Putinin 2024-cü ildə seçkiyə bir daha getməsinə yol açmağa çalışdığı da iddia olunur. Axı, konstitusiya bir nəfərin 3 dəfə ardıcıl prezident seçilməsini yasaqlayır.

Rusiya Konstitusiya Məhkəməsinin rəhbəri Valery Zorkin Kremlin ruporu olan “Rossiskaya Gazeta”da məqaləsində yazıb ki, 1993-cü ildə qəbul olunmuş Konstitusiya köhnəlib və ona bəzi “incə dəyişikliklər” lazımdır.

XS
SM
MD
LG